Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutur

 

- Ataxan müəllim, bildiyimiz kimi, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü tamam olur. İstərdik o dövrün mürəkkəb hadisələri və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait haqqında sizin fikirlərinizi öyrənək...

- Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və Böyük Oktyabr sosialist inqilabının qələbəsi nəticəsində Petroqrada gedə bilməmiş nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar. Onlar Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Azərbaycan nümayəndələrinin təkidilə Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziyanın Suverenliyini və Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti yaradıldığını elan edir. Lakin Zaqafqaziya Cümhuriyyətinin yaranması daxili və xarici siyasət sahəsində heç bir dəyişiklik gətirmir. Seymdə iştirak edən nümayəndələr arasındakı daxili ziddiyyətlər və xarici oriyentasiya məsələlərindəki əksliklər onların nümayəndələrinin ümumi dil tapmasına imkan vermir. Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeyini ümumzaqafqaziya mənafeyindən üstün tuturdu. Onların ümumi platforması yox idi. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir. Gürcüstanın ardınca Ermənistan da öz istiqlaliyyətini elan etməyə hazırlaşır. Belə bir şəraitdə Zaqafqaziya Seyminin 13 müsəlman fraksiyası da hərtərəfli müzakirədən sonra belə bir qərara gəlir ki, “əgər Gürcüstan öz istiqlaliyyətini elan edərsə onda bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır”.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökumətini yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hərtərəfli müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Mayın 28-də isə keçmiş Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilir. Uzun və hərtərəfli müzakirələrdən sonra Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul edir. May ayının 30-da radioteleqraf vasitəsilə Azərbaycanın istiqlaliyyəti barəsində dünyanın bütün siyasi mərkəzlərinə rəsmi bəyanat verilir.

Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başlayır. Bu vaxt Bakıda S.Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. 1918-ci il mart hadisələrindən sonra Bakı Kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu itirir. Buna görə də, onun təsiri Azərbaycan qəzalarına yayıla bilmir və burada hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Bu vaxt Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçılarla Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoymuş, şəhərdə qayda-qanun yaratmışdı. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdığı tədbirlərin “Həddindən çox demokratik istiqamətindən” narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsiri ilə Gəncədə real hakimiyyətə malik olan Nuru Paşa buraya gəlmiş Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Nəticədə Azərbaycan müstəqilliyi məsələsi böyük təhlükə qarşısında qalır. Nuru Paşanın müşaviri və onun yanında böyük nüfuza malik olan Əhmədbəy Ağayev qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməyi təklif edir. Bu təklifə görə Milli Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunmalı idi. Həmin məsələni müzakirə etmək üçün 1918-ci il iyunun 17-də keçmiş şəhər idarəsi binasında M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası keçirilir. Hökumətin sədri F.Xoyski hökumətin istefası bəyanatı ilə çıxış edir. Uzun müzakirədən sonra hökumətin istefası qəbul olunur və F.Xoyskiyə yeni hökumət təşkil etmək tapşırılır. Göründüyü kimi, müvəqqəti hökumət Gəncədə çox çətin bir dövrdə fəaliyyətə başlayır.

- Şərtlərin bu qədər ağır olmasına baxmayaraq, o dövrdə hökumət tərəfindən bir çox mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul olundu. Bunlardan biri də Ordu quruculuğu ilə bağlı verilmiş qərar idi...

- Bəli, yaranmış mürəkkəb şəraitə baxmayaraq, hökumət o dövr üçün olduqca çətin olan, amma böyük tarixi əhəmiyyətə malik qərarlar qəbul etdi. Hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edilməsi oldu. Avqustun 11-də qəbul olunmuş hərbi mükəlləfiyyət haqqında qanuna müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər edilməsi elan edildi. Müstəqil Azərbaycan qoşun hissələri yaratmaq işinə başlanıldı. Azərbaycanın istiqlaliyyətini müdafiə edəcək ordunun yaradılmasının mühüm əhəmiyyəti var idi. Çarizm əsarətinin yüz ildən yuxarı Azərbaycan xalqına vurduğu ən böyuk zərbə, şübhəsiz ki, bu müddət ərzində azərbaycanlıların orduya cəlb edilməməsi idi. Ona görə də, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək öz ordusu yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı. Buna görə də, ordu təşkili azərbaycanlılar üçün çox çətin bir iş idi. Lakin ordusuz da Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini qoruyub saxlaya bilməzdi. Ona görə Azərbaycan ordusunda beynəlmiləl bir zabit heyəti yaradılır. Bu işin təşkilini görkəmli azərbaycanlı generallar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürürlər. Azərbaycan Cümhuriyyətinin parlamenti və hökuməti qarşısında duran bir nömrəli vəzifə müstəqil Azərbaycan Cümhuriyyətinin ordusunu yaratmaq idi. Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 minə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və hərbi nazirlik bunun üçün əlindən gələni edirdi.

Eyni zamanda, Azərbaycan hökuməti dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Lakin çar hakimiyyət orqanlarının təhsil sahəsindəki müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Azərbaycan dilini mükəmməl bilən kadrların olmaması işi çətinləşdirirdi. Buna görə də, müvəqqəti olaraq inzibati, məhkəmə və başqa iş sahələrində Azərbaycan dilini bilən mütəxəssislər hazırlanana qədər rus dilindən istifadəyə yol verilirdi. F.Xoyski kabinəsinin mühüm tədbirlərindən biri də iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyası idi. Bu komissiyanın qarşısında I Dünya müharibəsi illərində Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilən vəhşiliklər və onların əmlakına qəsd ilə bağlı məsələləri araşdırmaq, bu işdə günahkar olanları aşkar etmək və onları məhkəmə məsuliyyətinə cəlb etmək vəzifəsi qoyulmuşdur.

 

 

Səs.- 2011.- 27 may.- S. 6.