“AXC-93: Tarixi qürur yaddaşımız”

 

YAP Qaradağ rayon təşkilatı və Qaradağ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib

 

Dünən YAP Qaradağ rayon təşkilatı və Qaradağ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş “AXC-93: Tarixi Qürur yaddaşımız” mövzusunda dəyirmi masa keçirdi. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə tər çiçək dəstələri düzdülər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası olması ilə öz üzərinə çox böyük məsuliyyət götürmüşdü. “Cəmi 23 ay ömür sürmüş milli-demokratik respublikamız 1920-ci ilin 28 aprelindən sovet imperiyasının əsarəti altına alındı. 70 il sovet müstəmləkəçiliyində yaşamış Azərbaycan xalqı özünün müstəqil dövlətçilik ənənlərini və mənəvi tarixi kimliyini heç vaxt unutmadı” fikrini söyləyən A.Hüseynov 1991-ci ildə böyük bir fasilədən sonra yenidən öz milli müqəddəratını həll edən Azərbaycan xalqı tarixi müstəqilliyini yenidən bərpa etdiyini vurğuladı: “Artıq bizi həmin dövrdən 20 illik bir zaman ayrısa da, bu zaman kəsiyində xalqımız müstəqilliyin əsil nemət olduğunu dərk etməyi bacardı. Məhz xalqımızın Ulu Öndəri Heydər Əliyevin uzaqgörənliyi, möhkəm iradəsi sayəsində müstəqil Azərbaycan qorunub saxlanıldı. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirildi və əbədi oldu. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin sayəsində də Azərbaycan müstəqil, moderngüclü dövlət olaraq beynəlxalq arenada öz layiqli yerini tutub”.

Tədbirdə Qaradağ rayon icra hakimiyyətinin başçısının birinci müavini Hikmət Abbasov 28 May Respublika Gününə həsr olunmuş tədbirin əhəmiyyətindən danışaraq bu tarixi günün milli dövlətçilik tariximizin parlaq səhifəsi olduğunu söylədi. H.Abbasov Azərbaycan xalqının milli maraqlarını daim qorumaq əzmini və bu yolda mübarizə ruhunu qoruduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: “XX əsrin sonlarında qurulan Azərbaycan Respublikası, bu baxımdan, dediklərimizə əyani sübutdur. Əgər Ulu Öndərimiz Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi. Lakin Heydər Əliyev Azərbaycan adlı bir gəminin  bacarıqlı kapitanı kimi bütün fırtınalardan məharətlə qoruyaraq, onu iqtisadisiyasi inkişaf yoluna gətirib çıxartdı. Bu gün biz əminliklə deyə bilərik ki, Ümummilli Liderimizin qurduğu dövləti ölkə başçısı İlham Əliyev də qoruyub saxlayacaq. Bunun nəticəsində dünyanın rəngarəng siyasi xəritəsində Azərbaycan xüsusi yerə sahib olacaq”.    

ADPU-nun tarix fakültəsinin dekan müavini Nazir Əsədov çıxış edərək bildirdi ki, bu gün xalqımız Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 91-ci ildönümünü qeyd edir: “1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında “İstiqlal Bəyannaməsi” qəbul etdi. 24 səslə qəbul olunan qərar və 6 bənddən ibarət Bəyannamə Azərbaycan xalqının varlığını dünyaya yaydı. Bu hüquqisiyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin şamil olduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin, dövlətin əsas prinsipləri öz əksini tapmışdır. “İstiqlal Bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülkisiyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli, dini, sinficinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi prinsiplərinin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi”.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının qadınlar şurasının sədri Təranə İsmayılova, 288 saylı məktəbin direktoru Nəriman Hüseynov və başqaları çıxış edərək 28 May Respublika Gününun  Azərbaycan tarixində ən əlamətdar günlərdən biri olduğunu söylədilər Bildirdilər ki, məhz bu gün təkcə Azərbaycanda, həm də  təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevər insanları  müstəqillik elan ediblər. Belə bir günün bu günqeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu, onu göstərir ki, Azərbaycanın qədim dövlətçilik və idarəçilik tarixi vardır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 27 may.- S. 11.