Bakı və Bakıətrafı qəsəbələrin yeni inkişaf dövrü başlayır

 

Bu inkişaf Səbail rayonunda da reallaşır

 

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Yeni Dövlət Proqramı Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədi ilə hazırlanıb və təsdiq edilib.

Qeyd edək ki, Bakı şəhərinin ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq edilib. Ötən müddət ərzində proqramda nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. “Tədbirlər Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən, Səbail rayonunda da infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.

 

Dövlət Proqramı çərçivəsində əldə olunan nailiyyətlər

 

Ölkə Prezidentinin Sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə də paytaxt Bakımızın və onun ətraf kəndlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan bir çox işlərlə bağlı bildirmişdir: “Bununla bərabər, biz Bakı şəhərinin inkişafına da çox böyük diqqət göstəririk. Bakı bizim paytaxtımızdır, dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə, Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Ancaq məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün də hələ bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir”.

Elə bu inkişafın davamı olaraq “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Səbail rayonunda reallaşdığını görmək olar. Rayonda 21610 nəfər əhalisi olan Badamdar qəsəbəsində ötən il və cari ilin birinci rübündə görülən işlər deyilənləri təsdiqləyir.  Səbail rayon icra hakimiyyətinin verdiyi məlumata görə, ötən il Heydər Əliyev Fondu tərəfindən 236 saylı orta məktəbin köhnə korpusu əsaslı təmir olunmaqla yanaşı, məktəbin həyətində 640 şagird yerlik, 239 saylı orta məktəbin həyətində 880 şagird yerlik yeni məktəb korpusları tikilib istifadəyə verilib. Həmçinin, 34 saylı poliklinika və 136 saylı uşaq bağçası əsaslı təmir olunub, Neftçilər küçəsində 2 yeni bağ salınıb, 3-cü yaşayış massivində 2 su anbarı, Səbail rayon elektrik təchizatı və satış idarəsi üçün yeni inzibati bina tikilib, yeni “Badamdar” yarımstansiyası istifadəyə verilib.

 

Rayonda nəzərdə tutulan tədbirlər planı

 

Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilir. Bu ilin birinci rübündə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə “Bakıelektrikşəbəkə” ASC-nin mərkəzi dispetçer xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın açılışı olubdur. İstifadəyə verilən obyektlərin sırasında olan “Badamdar”, “Dağüstüpark”, “İçərişəhər” yarımstansiyalarının işə bağlaması ilə rayonun, eləcə də, şəhərin mərkəz hissəsindəki müəssisə, idarə və təşkilat, obyektlərin, istirahət mərkəzlərinin elektrik enerjisi ilə təchizatında ciddi keyfiyyət dəyişiklikləri əldə olunubdur.

Yanvar ayının 21-də həm də Səbail rayon enerji təchizatı və satış idarəsinin yeni inzibati binası istifadəyə verilib. Ötən ilin sonunda - dekabr ayının 28-də Prezident İlham Əliyevin iştirakı ilə ölkədə ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir. Kəmərin işə düşməsi ilə rayonun Badamdar qəsəbəsi, Bayıl və 20-ci yaşayış sahələrində yaşayanların içməli su ilə təminatı daha da yaxşılaşacaqdır. Ötən ildə Badamdar qəsəbəsi 3-cü yaşayış massivində “Azərsu” SC tərəfindən  yeni su anbarının inşasına başlanmış  və artıq 2 ədəd su anbarı istifadəyə verilib, qalanlarında isə tikinti işləri davam etdirilir. Bu işlər günaşırı su ilə təmin olunan Badamdar qəsəbəsi, həmçinin, içməli su təminatı ilə bağlı problemli yer sayılan Bayıl-20-ci yaşayış sahəsinin sakinlərin gün ərzində su ilə təmin olunmasına şərait yaradacaqdır. 

Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında təmir-yenidənqurma işlərinin aparılması üçün layihə sənədləri hazırlanıbdır ki, hazırda Ümummilli Liderimiz Heydər Əliyevin parkda qoyulacaq büstünün hazırlanması işləri davam edir. İl ərzində qəsəbədəki əsas küçələrdə  mövcud mağaza, ofis və ticarət obyektlərinin üzlənməsi işləri aparılmış və  35 ədəd mağazada üzlənmə başa çatmış, digərlərində də   işlər davam edir. Gələcəkdə Badamdar qəsəbəsində yeni idman kompleksinin tikintisi də  nəzərdə tutulubdur ki, bununla əlaqədar RİH tərəfindən layihə sənədləri hazırlanıbdır. Həmçinin, qəsəbədə yeni xəstəxananın və  yeni yaşayış massivi olan 3-cü massivdə yeni məktəbin tikintisi də nəzərdə tutulur. Eyni zamanda, yeni massivlərdə kommnikasiya xətlərinin çəkilişi, qəsəbədaxili yolların asfaltlanması və qəsəbənin gecə işıqlandırma sisteminin bərpası həlli vacib məsələlərdəndir.

 

Abadlaşdırma sistemində yeniliklər

 

Bu sahədə görülən işlər nəticəsində yolların, körpülərin, yolkənarı obyektlərin tikintisində müasir standartlara cavab verən modernləşmə buraya gələn hər bir insanda yenilik ab-havası yaradır. Səbail rayonunun qəsəbə və yaşayış sahələrində, məhəllə və həyətlərində abadlıq işlərinin aparılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən hazırlanmış “Badamdar şəhidləri” abidə kompleksi tikilib, RİH hazırladığı “Abad həyət” layihəsi əsasında 9 həyətdə tam əsaslı təmir-abadlıq işləri aparılıb. “Abad həyət” layihəsi əsasında  Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsi 14 ünvanda növbəti - artıq 9-cu həyətə 1400 kv. m sahədə asfalt salınıb, yeni söhbətgah və oturacaqlar quraşdırılıb, binanın giriş hissəsi və pilləkənlər təmir olunub, aqlay üzlüklə üzlənmiş, bloklarda yeni dəmir giriş qapıları qoyulub, blok pəncərələri şüşələnmiş, rəngləmə işləri görülübdür. Həyətdə uşaqların oynaması üçün əyləncə qurğuları quraşdırılıb, voleybol meydançası tikilib,  yeni ağaclar əkilibdir. Eyni zamanda, qəsəbə mədəniyyət evi əsaslı təmir olunub. Qəsəbədə yeni “Xeyir-şər” binası tikilib. Cari ilin ilk 3 ayı ərzində qəsəbədə 2 ünvanda - Tofiq Məmmədov küçəsi 3 və “Məktəbli” küçəsində yeni istirahət guşələri yaradılıb, yeni skamyalar qoyulub, əyləncə qurğuları, yelləncəklər quraşdırılıb, divarlar suvanaraq rənglənib, yerə 35 kv.m. tamet  döşənib,  asfalt salınıbdır. Heydər Əliyev Parkında cari təmir işləri aparılıb, 2 oturacaq təmir olunub, 23 ədəd gül kolu əkilib, 47 ədəd işıq lampaları yeniləri ilə əvəz olunubdur.

3 ay ərzində qəsəbədaxili yolların vəziyyəti nəzarətdə saxlanılaraq, 3-cü yaşayış massivi, Seymur Məmmədov, Bağlar, Tofiq Məmmədov və Rafiq İsgəndərov küçələrinə ümumilikdə 3000 kv.metr asfalt örtüyü çəkilibdir. Əlavə olaraq ərazidəki zibil meydançaları təmir edilmiş, buradakı konteynerlər rənglənmişdir. Köhnə “Bağlar” küçəsində yararsız kanalizasiya xətti ləğv olunaraq, burada 60 p/m uzunluğunda 200 mm-lik yeni kanalizasiya xətti çəkilib, 2 yeni kanalizasiya quyusu tikilibdir.

Göstərilən uğurlar, onu deməyə əsas verir ki, qarşıdakı müddət ərzində də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, 2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbər ediləcəkdir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 27 may.- S. 15.