Fransanın azərbaycanlı qəhrəmanı

 

Fransanın alman faşistləri tərəfindən işğalı zamanı müqavimət hərəkatına qoşulanlar sırasında sovet vətəndaşları da misilsiz qəhrəmanlıqlar göstərmişlər. Fransa Müqavimət hərəkatı tərəfindən azərbaycanlı döyüşçü Nağı Nağıyevə verilən komandir-leytenant vəsiqəsində bildirilir ki, onlar Fransanın faşistlərin işğalından azad ediməsində fəal iştirak etmişdir. 1944-cü il 25 noyabrda Nağı Nağıyevə verilən vəsiqədə yazılıb:"Biz bu vəsiqəni rus (azərbaycanlı) leytenant Nağıyevə vətənimizin bütün yurdsevərləri ilə çiyin-çiyinə həyata keçirdiyi işə görə, ehtiram əlaməti olaraq yadigar veririk".

Fransa Müqavimət Hərəkatının Şərurlu oğlu, Azərbaycanın ucqar kəndlərindən birində dünyaya gəlmiş Nağı Nağıyev taleyin hökmü ürəyinin təpəri ilə alman işğalçılarına qarşı Fransa Müqavimət Hərəkatının fəal iştiraçısı olub. Həmin günlərdə Müqavimət Hərəkatına rəhbərlik edən Şarl de Qoll ilə birlikdə mübarizə aparıb. Azərbaycanın belə oğulları çox olub. Onların içərisində ən çox tanınanı Əhmədiyyə Cəbrayılovdur. Müharibədən Vətənə  geri dönənlər, bir çox qəhramanlar kimi qarşılanmalı olduqları halda, "Vətən xaini" kimi gözdən salınıb, damğalanaraq uzaq Sibirə sürgün ediliblər. Lakin həqiqətə heç güc gələ bilməz.

Məni Böyük Vətən müharibəsi adı ilə yaddaşlarımıza köçmüş 1941-45-ci illər savaşında hitler faşizminə qarşı döyüşən həmvətənlərimizin düşüncəli, dərrakəli və daha uzaqgörən ərənlərinə bir sual daim düşündürürdü: "Kimə qarşı vuruşuruq, niyə vuruşuruq, kimin uğrunda nəyin naminə vuruşuruq?"

Bax, belə bir mürəkkəb ağır şəraitdə Xarkovda gedən döyüşlərdə xüsusi əməliyyat tapşırığı yerinə yetirən zaman Nağı Nağıyev yoldaşlarından 17 nəfəri itirir, 3 nəfərlə dislokasiya yerinə qayıdanda, alaydan əsər-əlamət görmür. 1941-ci ilin oktyabr ayında gecə vaxtı N.Nağıyev sağ qalan döyüş yoldaşları ilə birlikdə Xarkov Traktor Zavodunun həndəvərində almanlar tərəfindən əsir alınır və Poltava hərbi əsirlər düşərgəsinə aparılır. 1942-ci ilin əvəllərində N.Nağıyevin təşəbbüsü və başçılığı ilə 11 əsir Ukraynanın Novinovka kəndinə qaçır. Havalar istiləşəndə orada gizlənən əsir-qaçqınlar Artyom şəhəri ətrafındakı partizanlara qoşulurlar.

 

Azərbaycan oğullarını xilas etmək planı

 

1943-cü ilin iyun ayı idi. Alman işğalçıları partizanları vəhşicəsinə qırmağa başlayır. Sağ qalanlar hərəsi bir tərəfə qaçaraq, canlarını qurtarmağa cəhd edir. N.Nağıyev də Kramatorsk şəhərində gizlənir. O vaxt faşist ordu dəstələri yerli əhalini PolşaAlmaniyaya sürgün edirdi. Həmin günlərdə N.Nağıyev də əsir düşərgəsinə göndərilir. Polşa əsir düşərgəsinə o, 700 nəfərdən ibarət "Azərbaycan legionu"nunun taqım komandiri təyin edilir. Həmin vaxt Polşanın Yeriliya əyalətində yerləşən əsirlərdən ibarət Azərbaycan diviziyasının xüsusi məktəb direktoru Hadı Qiyasbəyli N.Nağıyevlə əlaqə yaradır. Onlar birlikdə Azərbaycan oğullarını əsir düşərgəsindən xilas etmək üçün kəşfiyyat tədbirləri planı hazırlayırlar. Məhz H.Qiyasbəylinin təşəbbüsü ilə N.Nağıyevi xüsusi kəşfiyyat məktəbinə qəbul edirlər. Almanların etibarını qazanan N.Nağıyevi bundan sonra legion komandiri seçirlər. Artıq legion komandiri olan N.Nağıyev H.Qiyasbəyli ilə birlikdə fəaliyyətlərini davam etdirərək, xilas etmə əməliyyatı planını həyata keçirməyə çalışırlar. Lakin əvəllər xidmət etdiyi keçmiş 93 nömrəli alaydan olan əsirlərdən biri N.Nağıyevin kommunist kəşfiyyatçı olduğunu hitlerçilərə xəbər verərək, onu alçaqcasına satır. Almaniya ordusunun hərbi tribunalı 6 həftəlik işgəncədən sonra N.Nağıyevi 10 illik kamera cəzasıma məhkum edir.

Qeyd: N.Nağıyevin ölüm cəzasından xilas edilməsində Almaniya ordusunda xidmət edən Türkiyə zabitlərinin müstəsna rolu olmuşdur. Yoxsa almanlar onu kommunist kimi güllələyəcək, yaxud da asacaqdılar.

N.Nağıyev qaçmaq üçün yeni yollar axtarır. Bu dəfə də H.Qiyasbəyli köməyinə çatır. O, gecə ikən darda olan həmvətəni N.Nağıyevə parolu çatdırır: "Tərtər" 54 nəfərlə bir yerdə aradan çıxan zaman alman hərbi polisinin əlinə keçirlər. O vaxtlar H.Qiyasbəylinin özü də axtarılırdı. Bu dəfə almanlar onu Fransanın Sarzan bölgəsinə göndərirlər. Burada fəaliyyətini davam etdirən N.Nağıyev nəhayət, gizli partizan təşkilatının sədri Mirzəxanlı ilə əlaqə yaradır. Bundan sonra yenidən gizli əlaqələr eyni "əməliyyat" planları qurulur. Tezliklə oradan çıxıb Fransanın Rodes bölgəsinə qaçır, burada Fransa Müqavimət Hərəkatının beynəlmiləl partizan birləşməsinə qoşulurlar (həmin birləşmənin başında Şarl de Qoll dururdu). Beynəlmiləl Müqavimət partizan birləşməsinin ilk komandiri azərbaycanlı N.Nağıyev seçilir.

1941-ci il avqust ayının 15-də onun başçılığı ilə partizan dəstəsi Milli - Mond xəttində hərbi sursatla bol olan düşmən qatarını zəbt edərək, baş qərargaha təhvil verir. "Azərbaycan milli legionu"nun ilhamvericisi olan N.Nağıyev Priluki, Radom, Yedmiko, Strans başqa şəhərlərdə şücaətlər göstərir. Nəhayət, Rodez şəhərinin tamamilə faşistlərdən təmizlənməsi əməliyyatına komandir-leytenant N.Nağıyev başçılıq edir.

Faşistlərin ölüm düşərgələrindən dəfələrlə qaçmış, ölümün pəncəsindən qeyrətli türk oğullarının köməyi ilə canını qurtarmış komandir leytenant N.Nağıyev gələcəkldə başına nələr gələcəyini ağılına belə gətirməzdi. Fikri, xəyalı necə olur-olsun doğma vətənə dönmək, doyunca ana torpağın ətrini sinəsinə çəkmək idi. Bundan sonra ölsə də arzusuna çatmış olacaqdı. 1945-ci ilin dekabr ayında Sovet hökumətinin əlaqədar təşkilatının razılığı və tövsiyəsi ilə leytenant Nağı İsmayıl oğlu Nağıyevə təmiz adlı zabit kimi vətənə qayıtmağa icazə verilir.

Odlu-alovlu döyüşlərdə kiprikləri ilə ad götürmüş, əsir düşərgələrində olmazın məşəqqətlərə sinə gərmiş, ölüm dustaqxanalarında günləri saymış, illər boyu bütün bu əziyyətlərə dözərək, vətən həsrəti çəkmiş N.Nağıyev müxtəlif millətlərin nümayəndələrindən ibarət olan döyüş dostlarından ayrılır və vətənə qayıdır. Doğma yurdu Şərurun dağlar sinəsindəki axar-baxarlı Qarabağlar kəndinin ab-havası sanki onun təzədən dünyaya göz açmasından danışır, olub-keçənləri unutduraraq, başı bəlalı Nağını ovundurmağa çalışırdı!...

Doğmaulu ata - baba yurduna qayıtdıqdan sonra, halal zəhmətlə məşğul olmaq, qrub-yaratmaq istəyirdi. Lakin bu xoşbəxtlik ona nəsib olmadı. Faşistlərin ölüm dustaqxanalarından qaçaraq canını qurtarmış acı taleli keçmiş döyüşçü o dövrün məlum təqiblərilə rastlaşdı. Həm də bu dəfə qürbətdə deyil, Ana Vətəndə. Beriya cəlladlarının tükənməz cinayətləri tuğyan edirdi. Bu tufan N.Nağıyevdən yan keçmədi, onun əleyhinə cinayət işi qaldırıldı. "Azərbaycan milli legionu"nda xidmət etdiyinə görə, Azərbaycan DİN-in 1947-ci il 15 dekabr tarixli qərarına əsasən, N.Nağıyev Çelyabinks vilayətini Miyyas şəhərinə sürgün edilir. Ural "ZİS" zavodunun metaləritmə sexində "Vətən xaini" keçmiş legioner N.Nağıyev üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə, dəfələrlə pul mükafatına layiq görülür. SSRİ üzrə birincilik qazanır, dünya rekordçusu olur. Bütün bu olanlar onun polad iradəsini sındırmır, mübarizlik ruhunu azaltmır. Nəhayət, 1954-cü il yanvarın 12-də Nağı İsmayıl oğlu Nağıyevin yenidən istintaq işi başlanır. DTK-nın Çelyabinks şöbəsi Nağı Nağıyevə bəraət verir. Bəraət vəsiqəsini alan gün vətənə yola düşür.

 

 

Şamil Zaman,

Alim, tərcüməçi,

şair, publisist

 

Səs.- 2011.- 13 may.- S. 10.