Ətraf mühitin sağlamlaşdırılması ekoloji tarazlığın qorunması
istiqamətində vacib amillərdəndir
İlham Əliyev "...Hər bir
bölgədə, hər bir kənddə insanlar bizim
təşəbbüsümüzə qoşularaq
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına
öz töhfələrini vermişlər"
Bu gün respublikamızda sosial-iqtisadi sahələrlə yanaşı, ətraf mühitin sağlamlaşdırılması sahəsində də çox böyük işlər görülür, nəhəng layihələr reallaşdırılır. Son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə edilməsi sahəsində nailiyyətlər qazanılıb. Bu nailiyyətlər cari ildə də davamlı olaraq qazanılmaqdadır. Xatırladaq ki, Azərbaycanda "Ekologiya ili" olan 2010-cu ildə də çox böyük işlər görülüb. Bu işlər ölkə ictimaiyyəti tərəfindən yekdilliklə dəstəklənib.
Diqqətə çatdıraq ki, Prezident İlham Əliyev bundan sonrakı illərdə də sözügedən məsələnin daim diqqət mərkəzində olacağını vurğulayıb. Dövlət başçısı bildirib ki, təkcə bir il ərzində görülmüş işlər və irəli sürülmüş təşəbbüs nəticəsində Azərbaycanda 6 milyondan çox ağac əkilmişdir: "Bu, tarixdə misli görünməmiş bir nəticədir. Biz ilin əvvəlində qarşıya hədəf qoymuşduq ki, 3 milyon ağac əkilsin. Ancaq 6 milyon ağacın əkilməsi onu göstərir ki, hər bir bölgədə, hər bir kənddə insanlar bizim təşəbbüsümüzə qoşularaq Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz töhfələrini vermişlər".
Bu baxımdan 2006-2010-cu illər, eləcə də, 2011-ci ilin ilk ayları Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması sahəsində irimiqyaslı layihələrin həyata keçirilməsi ilə səciyyələnir. Hələ 2006-cı il iyul ayının 3-də Prezident yanında keçirilən, respublikanın ekoloji durumuna həsr olunmuş müşavirədə ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritetlər müəyyən edilmiş, əməli, konkret tədbirlərin həyata keçirilməsi üçün tapşırıqlar verilmişdi. Bu tapşırıqlar əsasında hazırlanmış "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı həmin ilin sentyabr ayında ölkə başçısı İlham Əliyev təsdiq etdi. Bu proqram xarakterli sənədə əsasən mövcud problemlərin, xüsusilə, Bakı şəhərində və Abşeron yarımadasında ətraf mühitin sağlamlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ötən illər ərzində həmin tədbirlər planına əsasən tapşırıq almış təşkilatlar tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bütün istiqamətlərdə intensiv işlər aparılıb.
Belə ki, Xəzər dənizinin sahil sularının çirklənmədən qorunması məqsədilə Azərbaycan Prezidentinin 2007-ci il iyunun 20-də imzaladığı "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamına əsasən bu sahədə qlobal işlərin görülməsi məqsədilə bütövlükdə 4,2 milyon manat vəsait ayrıldı. Bu vəsait hesabına dəniz sularının sahildən çirklənməsinin qarşısını almaq üçün modul tipli, çox müasir təmizləyici qurğular şəbəkəsindən ibarət lokal sistem yaradılıb. Beləliklə, Abşeron yarımstansiyasında modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət 16 stansiya qurularaq "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb. İri təmizləyici qurğularla bərabər, bu sistemin fəaliyyəti nəticəsində Pirallahıdan Novxanıyadək 86 kilometr məsafədə sahilboyu ərazilərdən gün ərzində təkcə bu stansiyaların gücü ilə 6 min kubmetrdən çox çirkab suyun təmizlənmədən dənizə axıdılmasının qarşısı alınıb və həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Artıq keçən 2010-cu il və 2011-ci ilin ilk ayları ərzində Abşeron yarımstansiyasının təhlükəli tullantılardan təmizlənməsi sahəsində işlər uğurla davam etdirilməkdədir. Bakı və Sumqayıt şəhərlərindən müxtəlif tərkibli təhlükəli istehsalat tullantıları müvafiq Milli Mərkəzə daşınaraq basdırılır. O cümlədən, Sumqayıtda ətraf mühitin ciddi çirklənməsinə səbəb olan 287 min ton civə tərkibli toksiki tullantıların bir neçə il ərzində təhlükəli tullantılar poliqonuna daşınaraq zərərsizləşdirilməsi prosesi 2009-cu ildə başa çatdırılıb. Bu işlərin səmərəliliyini artırmaq məqsədilə poliqonun infrastrukturu inkişaf etdirilib. Poliqon qaz, su və elektriklə tam təmin edilib. İndi təhlükəli tullantılar emal yolu ilə zərərsizləşdirilir.
Regionların yüksək sürətli inkişafı respublikanın digər bölgələrində də təhlükəli tullantıların idarə olunması problemini aktuallaşdırmışdır. Bu baxımdan Gəncədə və yaxın rayonlarda formalaşan təhlükəli tullantıların zərərsizləşdirilməsi üçün ilk regional təhlükəli tullantılar poliqonunun yaradılması məqsədəuyğun hesab edilir.
Bu gün ölkəmizdə meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sürətlə davam edir. Təkcə son illərdə 32 min 211 hektar ərazidə meşə-bərpa tədbirləri aparılıb. 2008-ci ilin əvvəlindən başlayaraq Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq yaşayış məntəqəsindən Hacıqabul rayon mərkəzinədək olan 28 kilometrlik hissəsində 172 min ağac və kol əkilib və bu işlər cari ildə də görülür. Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolunun ətrafında 144 hektar ərazidə 200 minə yaxın ting əkilib. Günəşli yatağında 52 hektar ərazidə yaşıllıqlar yaradılıb. Yaşıllaşdırılmış ərazilərin suvarılması üçün əlavə olaraq 2009-cu ilin sonunda 13 artezian quyusu qazılıb. Su tutumu 10 min kubmetrdən çox olan su anbarları inşa edilib.
Ölkə əhalisini, xüsusilə, çaylar boyu yerləşən kəndlərdə yaşayan insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular tikilmişdir. Bu gün həmin çaylar boyu yerləşən kəndlərdə yaşayan 300 min Azərbaycan vətəndaşı təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təchiz edilir.
2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi də Azərbaycanda tarixi hadisədir. Buna böyük önəm verən ölkə başçısı İlham Əliyev bildirib: "Yeni böyük su kəməri Bakını təmiz, keyfiyyətli içməli su ilə təmin edəcək və Bakının, demək olar ki, əsas problemlərindən biri olan su təchizatının yaxşılaşdırılmasına böyük töhfə verəcəkdir. Bu tarixi layihənin həyata keçirilməsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin böyük uğurudur və bir daha onu göstərir ki, bizim siyasətimiz insanların yaşayış səviyyəsinin qaldırılmasına, rifah halının yaxşılaşdırılmasına yönəldilibdir".
Azərbaycandakı 8 milli park, 11 qoruq və 24 yasaqlıqdan ibarət geniş şəbəkə ölkəmizin ərazisinin 10,1 faizini əhatə edir. Sahəsi 115 min 895 hektar olan böyük Şahdağ Milli Parkının yaradılması Azərbaycanda biomüxtəlifliyin qorunmasında çox əhəmiyyətli rola malikdir.
Bu faktlar bir daha təsdiq edir ki, Azərbaycanda ətraf mühitin qorunması, ekoloji məsələlərə diqqət və münasibət yüksək səviyyədədir və bu istiqamətdə böyük işlər aparılır. Son dərəcə aktual olan bu sahə dövlət siyasətinin prioritetləri sırasındadır.
İnanırıq ki, görülən və görüləcək tədbirlər nəticəsində ölkəmizin bütün bölgələrində ətraf mühit xeyli dərəcədə yaxşılaşdırılacaq. Prezident İlham Əliyev "Ekologiya ili"ndə bu sahəyə dövlət qurumları ilə yanaşı, Azərbaycan ictimaiyyətinin də böyük dəstək verdiyini məmnunluqla xatırladaraq bildirib ki, "biz bu gözəl təşəbbüsləri növbəti illərdə də davam etdirməliyik."
RÖVŞƏN
RƏSULOV
Səs.- 2011.- 14 may.- S. 4.