Qaçqın və məcburi köçkünlərə qayğı dövlətin prioritet vəzifələrindəndir

 

Əli Həsənov: "1993-2011-ci illərdə ölkədə olan bir milyondan artıq qaçqın və məcburi köçkünlərə 3,7 milyard manat vəsait sərf olunub"

 

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Ə.Həsənov bildirdi ki, həmişə olduğu kimi, bu gün də ölkədə qaçqın və məcburi köçkün problemi prioritet məsələ olaraq qalır: "Soydaşlarımız 20 ildən artıqdır ki, öz doğma yurd-yuvalarından didərgin düşüblər.

Ulu Öndər Heydər Əliyev bu problemə xüsusi diqqət və qayğı göstərirdi. Ölkənin bütün imkanları bu problemin həllinə yönəldilirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çox təəssüflər olsun ki, problemin nizamlanması prosesi uzanır. Beynəlxalq qurumların, bəzi dövlətlərin bu problemə  biganə yanaşması da münaqişənin həllinə öz mənfi təsirini göstərir".

Ə.Həsənov qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə  3 Dövlət Proqramı qəbul olunub: "2004-cü ildə qəbul olunan Dövlət Proqramı tam icra edilib. 2007-ci ildə qəbul olunmuş Dövlət Proqramının isə  80 faizi icra olunubbu gün davam etdirilir. Ehtiyac duyulduğu üçün dövlət başçısı İlham Əliyev  2011-ci ilin 21 fevralında məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında  Sərəncam imzalayıb. Hər bir Dövlət Proqramı təxminən 500 milyon manatlıq həcmində işlərin görülməsini nəzərdə tutur. 2011-ci ildə qəbul olunan Dövlət Proqramına əlavələrdə 8 bənd var. Burada  Abşeron rayonunun Masazır  qəsəbəsində  ayrılmış torpaq  sahəsində  Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2 yataqxanada müvəqqəti məskunlaşmış  800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış  binalarının tikilməsi və həmin ailələrin  bu binalara köçürülməsi, Naftalan şəhərindəki  4 sanatoriyada müvəqqəti məskunlaşmış 2620 nəfərdən ibarət  524 məcburi köçkün ailəsi üçün Goranboy rayonu ərazisində  ayrılmış torpaq sahəsində  çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi, Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət  1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi  və həmçinin, digər rayonlarda  qəsəbələrin tikilməsi nəzərdə tutulur".

Baş nazirin müaviri Ə.Həsənov bildirdi ki, artıq bu prosesə başlanıb. 20 ailə artıq yeni mənzillərə köçürülüb, həmin mənzillər sahiblərinə təhvil verilib: "Ümmumiyyətlə, 1993-2011-ci illərdə ölkədə olan bir milyondan artıq qaçqın və məcburi köçkünlərə 3,7 milyard manat vəsait sərf olunub. Bura həm büdcə, həm Dövlət Neft Fondunun, həm də beynəlxalq humanitar təşkilatların vəsaiti daxildir. Belə ki, 3,7 milyard manatın 2,1 milyard manatı büdcə, 860 milyon manatı Dövlət Neft Fondunun, 740 milyon manatı isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitlər hesabına  ölkənin ayrı-ayrı  şəhər və rayonlarında  qaçqın və məcburi köçkün ailələri üçün  67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. Həmin qəsəbələr hər cür sosial infrastruktura malikdir. Həmin qəsəbələrdə 126 məktəb, 4 musiqi məktəbi, 40  uşaq bağçası, 45 tibb obyektləri tikilib istifadəyə verilib. 600 km asfalt yol, 700 km su xətti, 1100 km isə alçaq və yüksək gərginlikli elektrik xətləri çəkilib". 

Ə.Həsənov komitənin Dünya Bankı ilə əməkdaşlığından da geniş bəhs etdi: "Bankdan götürülmüş kreditlərin 70-80 faizi mikroinfrastuktur layihələrinə yönəldilib. Demək olar ki, bütün məcburi köçkün qaçqınlar bu layihələrdən bəhrələnirlər. Həmin kreditlərin bir qismi isə mikrokredit layihələridir. İnsanlar az həcmdə kreditlər götürərək,  kiçik ticarətlə məşğul olmaqla özləri üçün müəyyən yerləri yaradıblar".

Ə.Həsənov qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 2011-ci ildə dövlət büdcəsindən təxminən 190 milyon manat vəsaitin ayrıldığını vurğuladı: "110 milyon manat isə Dövlət Neft Fondundan ayrılıb. Təxminən 20 milyon manat isə beynəlxalq maliyyə qurumları ayıracaq. 190 milyon manat büdcə vəsaitinin 90 milyon manatı nəğd şəklində hər bir məcburi köçkünə ayda 15 manat verilməklə ödənilir. Yəni 90 milyon manat birbaşa plastik kartlar vasitəsilə əldə edilir. Komitənin əməkdaşlarının əmək haqlarından başqa qalan  bütün vəsait mərkəzləşdirilmiş qaydada istismar təşkilatlarına xəzinədarlıq vasitəsilə ödənilir. Ötən  il bir məcburi köçkünə ölkədə 684 manat xərclənib. Bura həm yemək, həm də  kommunal xərclər daxildir. 2003-cü ildə bu rəqəm 121 manat olub. Bəzilərinə bu fərq adi görünə bilər. Amma dünyanın konflikt zonalarında bu, ən yüksək rəqəmdir."

Komitə sədri 2011-ci ildə qarşıda duran vəzifələri   diqqətə çatdırdı. Bildirdi ki, bu il Ağcabədi rayonu ərazisində 552 evdən ibarət qəsəbə istifadəyə veriləcək. Bu qəsəbə Laçın məcburi köçkünləri üçün tikilir. Goranboy rayonunda 9 ədəd beşmərtəbəli bina tikilir. Bura vaxtilə Naftalan sanatoriyasında yerləşdirilən bütün qaçqınlar köçürüləcək. Mingəçevir şəhərində 10 ədəd 9 mərtəbəli 502 evdən ibarət qəsəbə salınacaq. Ramanı qəsəbəsində bir ədəd beşmərtəbəli 80 mənzildən ibarət bina tikilir: "Bakı şəhərində 54 min qaçqın məcburi köçkün ailəsi, yəni 217 min əhali yaşayır. Onlar paytaxtda 1037 obyektdə məskunlaşıblar. Bunun 262-si yataqxanadır. Bu yataqxanalarda 15 min ailə, 48 min nəfər məcburi köçkün yerləşir. Yataqxanaların qısa müddətdə boşaldılması, təbii ki, mümkün deyil. 20 min ailə 364 ictimai binada, 4300 ailə 75 pansionatda, 720 ailə 46 məktəbdə, 1400 ailə 136  uşaq bağçasında  yaşayır. Həmçinin, Sumqayıt şəhərində də üç istiqamətdə işlər görülür".

Ə.Həsənovun sözlərinə görə, gələn həftə  BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres ölkəmizə səfər edəcək.  Mayın 18-də Ağdam rayonuna səfər edəcək. Bu səfəri xüsusi qeyd etməsinin səbəbini açıqlayan komitə sədri bildirdi ki, Qutteres ali komissar seçiləndən sonra ilk səfərini Azərbaycana etmişdir. Son dörd ildə dünyanın hansı ölkəsində hansı tədbirdə olursa-olsun, Azərbaycanı nümunə göstərir. Azərbaycan dövlətinin  qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı, eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı yüksək qiymətləndirilir. A.Qutteres bir çox ölkələri Azərbaycandan nümunə götürməyə çağırır.

Ə.Həsənov son zamanlar bəzi müxalifət mətbuatında dərc olunan yazılara da münasibətini bildirdi. Qeyd etdi ki, həmin  qəzetlərdə belə məlumat yayılır ki,  Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi köhnə binadan yeni binaya köçərkən Ermənistandan olan qaçqınların mülkiyyət sənədləri yandırılıb: "Bu məlumatı mətbuata çıxaran Firudin Cəlilov Eldar Namazovdur. Özlərini Qərbi Azərbaycandan olan qəhrəman kimi göstərən insanlar buna reaksiya verməyə başladı. Mətbuat xidmətinə bu məsələyə dərhal münasibət bildirməklə əlaqədar göstəriş verdim. Əvvəla, üzümü həmin insanlara tutub bildirirəm ki, sizin şəxsi mülkiyyət sənədiniz harada saxlanılır? Kim şəxsi mülkiyyət sənədini kiməsə verir? Bu, absurddur. Komitənin arxivi olmayıb. Mən komitə sədri təyin olunandan sonra arxiv yaratmışam. Bu gün həmin arxiv mövcuddur. İstər əvvəlki, istərsə də hazırkı dövrün sənədləri bu arxivdə saxlanılır. F.Cəlilov fikrini inkar etdi. Bunu qəbul etdik. Amma E.Namazov komitənin arxivinin açılması təklifi ilə çıxış edir. Komitə xüsusi mühafizə orqanı deyil ki,  arxivini açsın?  Komitənin arxivi hər zaman açıqdır. Aydın başa  düşülür ki,  burda söhbət Ermənistan qaçqınlarının mülkiyyət sənədlərinin yandırılmasından getmir. Söhbət bəzi insanların Qərbi Azərbaycandan olan qaçqınların hissiyyatına toxunaraq, onlarda dövlətə qarşı narazılıq yaratmaqdan gedir. Bununla əlaqədar olaraq Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə məktub hazırlanması qərarına gəldim. Son bir həftə ərzində kimsə bu məsələ ilə  əlaqədar böhtan, iftira xarakterli məlumatlar yayıbsa, eyni zamanda, hansısa  qəzet bunu yoxlamadan bu cür insanlarda çox ciddi narazılıq yarada biləcək yazını dərc edibsə, onların  araşdırılması və müvafiq tədbirlər görülməsinə çalışacağam".

Sonda komitə sədri media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 14 may.- S. 8.