Bölgələrdə iqtisadi inkişaf sürətlənir

 

Balakəndə ötən il 1700 ailəyə ünvanlı sosial yardım verilib

 

Son illər Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişaf regionların simasında da özünü aydın büruzə verir. Bu baxımdan Balakən rayonunun uğurları da diqqət çəkir. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə ötən il 3 dəfə, sənaye məhsulu 4,3 dəfə, kənd təsərrüfatı məhsulları 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,9 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 9 dəfə artıbdır. 2010-cu ildə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışında 21 faiz, sənaye məhsulu istehsalında isə 3,2 faiz artım qeydə alınıbdır.

 

Təhsildə uğurlu nəticələr

 

Balakən rayonunda, başqa sahələrdə olduğu kimi, təhsil müəssisələrində böyük irəliləyişlər əldə olunub. Belə ki, dövlət vəsaiti hesabına inşa edilən 180 şagird yerlik Acılıqbinə məktəbi istifadəyə verilib. Həmçinin, Tülü 1 saylı kənd orta məktəbində 55012 manatlıq, Şambülbinə kənd orta məktəbində 12007 manatlıq, Poşbinə kənd əsas məktəbində isə 5406 manatlıq əsaslı təmir işləri görülüb. Ötən il bir neçə məktəb binası tikilib, bir çoxunda isə əsaslı və cari təmir işləri aparılıbdır. Bu gün respublikamızda dövlətin ən böyük önəm verdiyi sahə təhsil sektoru olduğu üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Balakən rayonunda 4 müasir məktəb binası tikilibdir. Qazbölük kəndində 220 şagird-yerlik yeni məktəb binasının tikintisinə başlanılıb, eyni zamanda, 220 yerlik Katex 2 saylı məktəbin tikintisi davam etdirilir. Hər iki məktəb binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Xalatala, Hənifə, Katex və Qullar kəndlərində yeni məktəb binalarının tikintisi üçün layihələndirmə işləri aparılmışdır. Yaxın vaxtlarda bu obyektlərin də tikintisinə başlanılacaqdır. Dövlətin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının müqabilində rayonun pedaqoji kollektivi daha yüksək göstəricilərə nail olmağı qarşısına məqsəd qoyub.

 

Rayonda sosial problemlər uğurla həyata keçirilir

 

Balakəndə sosial problemlərin həlli istiqamətində də mühüm işlər görülür. Son bir ildə şəhərin qazlaşdırılması əsasən başa çatdırılıb, bir çox kəndlərə mavi yanacaq verilməsinə başlanılıb, avtomobil yollarında əsaslı və cari təmir işləri görülübdür. Ötən 6 il ərzində Balakəndə ümumilikdə 3096-sı daimi olmaqla 8876 yeni iş yeri açılmışdır. Cari ilin birinci yarısında isə açılan iş yerlərinin sayı 1160-dır. Balakəndə abadlıq-qurucluq işlərinə də xüsusi diqqət yetirilib, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilibdir. Rayon icra hakimiyyətinin məlumatına görə, Ulu Öndərin abidəsinin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin siyasi irsini öyrənmək məqsədilə Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Burada, həmçinin, respublikada analoqu olmayan buraz yolu inşa edilib, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılıbdır.

 

Rayonda turizmin  inkişaf potensialı genişlənir

 

Turizmin inkişaf potensialı Balakən rayonunun zəngin təbii landşaft və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər açır. Ərazidə turistlərin maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri mövcuddur. Rayonda son illər turizmin inkişafı ilə bağlı xeyli işlər görülübdür. Rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərmək və turizmi inkişaf etdirmək məqsədi ilə aparılan böyük quruculuq işləri artıq başa çatıbdır. Parkda uşaq, yeniyetmə, gənclər və ahılların mənalı istirahəti üçün hər cür şərait yaradılmış, attraksionlar yerləşdirilmiş, 1200 metrlik kanat yolu çəkilmişdir. Parkın ərazisinidə 100 yerlik "Qubek" otelinin tikintisində son tamamlama işləri gedir. Bakı-Şamaxı-İsmayıllı-Balakən turizm marşrutu rellaşdığından Balakən rayonunda 12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilibdir. Balakən rayon icra hakimiyyətinin məlumatına görə, bu rayonun çox zəngin tarixi var. Rayonda dövlət qeydiyyatından keçmiş 26 tarix və mədəniyyət abidələri və 32 yeni aşkar olunmuş abidələr mövcuddur. Qeydə alınan abidələr inventarlaşdırılaraq, qoruyucu lövhələr vurulubdur. Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si isə yerli əhəmiyyətli abidələrdir. Sasani dövrünə aid Böyük Sədd -bu qədim tarixi abidənin qalıqları Balakən rayonunun Katex kəndində Bakı-Balakən magistral yolu boyunca yolun şimalındadır. Divarların eni aşağıda 1,5 metrə yaxındır, hündürlüyü 4-5 metr olub. Balakən rayonunun zəngin təbii landşaft və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər açır. Ərazidə turistlərin maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri mövcuddur.

 

1700 ailəyə ünvanlı sosial-yardım verilib

 

Balakən rayonunda gedən sosial-iqtisadi inkişafın uğurlu nəticəsi olaraq ötən il 265 nəfər işlə təmin olunub, 1700 ailəyə ünvanlı sosial-yardım verilib. Aqrar sahədə isə 48,5 milyon manatlıq gəlir əldə olunub. Rayonun fermerləri Bakıda keçirilən yarmarkalara 105 ton məhsul çıxarıb. Rayon baytarlıq idarəsi üçün inşa olunan yeni inzibati binanın tikintisi başa çatdırılıb, obyekt istifadəyə verilibdir. "Gənclər evi" istifadəyə verilibdir. Şərif kəndində Mazım çayı üzərində yeni körpü istifadəyə verilib, respublika və rayon əhəmiyyətli avtomobil yollarının 3387 kvadratmetrlik hissəsi cari təmir olunubdur. Katex kəndinin daxilində 110 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkilibdir. Kəndin qazlaşdırılması işi artıq başa çatmaq üzrədir. Rüb ərzində 366 evə qaz xətti çəkilməklə, rayon üzrə ümumi abonentlərin sayı 4857 nəfərə çatdırılıbdır. İlin ilk rübündə əhaliyə verilmiş elektrik enerjisi və içməli suyun dəyəri 100 faiz, qazın dəyəri isə 91 faiz ödənilibdir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 14 may.- S. 10.