Azərbaycanın
teleradio məkanı
Azərbaycan Respublikası kütləvi
informasiya vasitələrinin kəmiyyətinə görə
MDB və Şərqi Avropa ölkələri arasında
aparıcı mövqelərdən birini tutur və hazırda
ölkədə 4 minə yaxın KİV müvafiq dövlət
orqanında qeydiyyatdan keçmiş, yaxud uçota
götürülmüşdür. Respublikada yüzlərlə
qəzet, jurnal, eyni zamanda, informasiya agentliyi, radio kanalları, ümumrespublika, regional və kabel televiziyaları fəaliyyət
göstərir.
Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra, Azərbaycanda teleradio yayımı böyük inkişaf yolu keçmiş, xeyli uğurlar əldə etmişdir. Cəmiyyətdə demokratikləşmə prosesinin dərinləşməsi, liberal dəyərlərin artması, həmçinin, fikir plüralizmi, söz və məlumat azadlığının güclənməsi media qurumlarının müstəqilliyini, sərbəst fəaliyyətini şərtləndirən mühüm amillər olmuşlar. Bu baxımdan, sözügedən istiqamətdə ölkəmizdə teleradio fəaliyyətinə dair qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılmış, müasir, modern şəraitə və bazar iqtisadiyyatının tələblərinə cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev rəsmi qəzetlərin birində çıxış etdiyi məqaləsində vurğulamışdır ki, KİV azadlığı fikir plüralizminin inkişafında, şəffaflığın təmin olunmasında mühüm şərt olsa da, onları müəyyən neqativ halların təsirindən sığortalaya bilmir. Məhz bu səbəbdən istər inkişaf etmiş Qərb ölkələrində, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilmişdir: "Son dövrlər Azərbaycanın televiziya kanallarının fəaliyyətində və radio verilişlərində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır".
Televiziya kanalları
maraqlı, keyfiyyətli, peşəkar səviyyədə
veriliş hazırlamaq potensialına malikdirlər
Ramiz Mehdiyev efir məkanında ayrı-ayrı müsbət nümunələr olduğunu da istisna etməyib. Belə ki, "AzTV kanalında "Günün nəbzi", "Azərbaycan - yurdum mənim", "Ailə həkimi", "Məclisi-üns", İctimai televiziyada "Çarpaz baxış", "Gerçəyin özü", "Ortaq məxrəc", "İşgüzar zaman", "Körpü", "Din və cəmiyyət", "Ovqat" və digər verilişlər geniş tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanır:" Digər televiziya kanallarında da yüksək keyfiyyətinə, ictimai əhəmiyyətinə görə fərqlənən verilişlər hazırlanır. Göründüyü kimi, televiziya kanalları maraqlı, keyfiyyətli, peşəkar səviyyədə veriliş hazırlamaq potensialına malikdirlər. Lakin bu nümunələr heç də teleradio qurumlarının təqdim etdikləri bütün verilişlərə şamil edilə bilməz".
Biznes
maraqlarına xidmət edən keyfiyyətsizlik
Akademik televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Onun gəldiyi qənaətə görə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi də göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Təbii ki, burada istər-istəməz sual yaranır: nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır?
Bəlli olduğu kimi, özəl teleradio qurumları, bir qayda olaraq, biznes fəaliyyəti göstərir və daha artıq gəlir əldə etmək məqsədi güdürlər. Hansı ki, özəl medianın əsas məqsədi və qayəsi öz reytinqini yüksəltmək, sağlam rəqabət mühitində aparıcı mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirmək, genişləndirməkdir. Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır.
Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır.
Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər.
Onu da qeyd etmək mümkündür ki, yaradıcılıq potensialının aşağı olması, yeni ideyaların və onların həyata keçirilməsi imkanlarının məhdudluğu kifayət qədər maraqlı olmayan verilişlərin, filmlərin növbəti gün təkrarlanması yolu ilə efir vaxtının doldurulmasına gətirib çıxarır. Eləcə də gizli deyil ki, belə hallar özəl yayımçının keyfiyyətli efir siyasəti həyata keçirməsinə, reytinqini və populyarlığını artırmasına mənfi təsir göstərir.
Administrasiya rəhbərinin vurğuladığı digər məqam da özündə bu fikirləri ehtiva edir: "Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin, peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına meyillənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır."
Telekanallarda
aparıcı problemi
Televiziya kanallarının bu sahə ilə
bağlı maraqlı, tamaşaçının diqqətini
cəlb edə biləcək verilişlər
hazırlamasına böyük ehtiyac tələb olunur. Bununla
yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi, Dağlıq Qarabağın
tarixi, burada yetişib boya-başa çatan görkəmli
dövlət, mədəniyyət və incəsənət
xadimləri haqqında yüksək səviyyəli verilişlərin
təşkili ictimaiyyət tərəfindən maraqla
qarşılana bilər, Vətənə, torpağa
bağlılığın artırılmasına kömək
edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər.
Akademikin fikrincə, televiziya kanallarında aparıcı
problemi kəskindir: "Bir çox hallarda
aparıcıların peşəkarlıq səviyyəsi,
nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən
də, əyləncə xarakterli verilişlərin
aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti,
peşəkarlığı aşağı olan şəxslərdir.
Bir sıra "aparıcıların" telejurnalistika sahəsində
təcrübəsizliyi, qeyri-peşəkarlığı
haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir.
Cəmiyyətin məlumatlandırılması, xəbər
proqramlarının keyfiyyəti artırılmalıdır.
Televiziya kanalları dünyanın ayrı-ayrı nöqtələrində
baş vermiş hadisələr barədə əsasən
xarici televiziya kanallarının və informasiya agentliklərinin
xəbərlərini yayırlar. Bəzi televiziya
kanallarının nəinki müxtəlif ölkələrdə,
hətta Azərbaycanın bölgələrində belə
müxbir məntəqələri yoxdur. Üstəlik,
müasir texnikanın potensialından təyinatı üzrə
istifadə məsələlərində də nöqsanlar
müşahidə olunur. Məsələn, səyyar televiziya
stansiyaları təkcə konsertlərin canlı
nümayiş etdirilməsi üçün istifadə edilməli
deyil. Bu texnikadan xəbərlərin hazırlanması, hadisə
yerlərindən birbaşa xəbər verilməsi
üçün daha çox istifadə oluna bilər.
Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya
kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi
dəyərlərimizə zidd film, serial və kliplər
çoxluq təşkil edir. Yerli istehsal olan yeni müasir telefilmlərin olmaması
ciddi problem kimi qalmaqdadır. Beləliklə, bu gün
televiziya və radio kanallarının hazırladıqları
verilişlər Azərbaycan tamaşaçısını
qane etmir, onun istək və arzuları ilə
uyğunlaşmır. Nəticə etibarilə
tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə
daha keyfiyyətli proqram siyasəti həyata keçirən,
maraqlı verilişlər təqdim edən xarici televiziya
kanallarına baxmağa üstünlük verir. Televiziya
kanalları öz fəaliyyətlərində ciddi
dönüş etməli və tamaşaçının, cəmiyyətin
maraqlarına xidmət edən efir siyasəti həyata
keçirməlidirlər. İlk növbədə, televiziya
kanallarının konsepsiyası, strateji hədəfləri,
onların siması müəyyənləşməli,
bir-birini təkrarlamaq meyillərindən imtina
olunmalıdır. Məsələn, xəbərlərin,
süjetlərin təqdimatında dünyada mövcud
standartlar (BBC və CNN standartları əsas kimi
götürülə bilər) öyrənilməli, proqressiv
yeniliklər tətbiq olunmalıdır".
R.RƏSULOV
Səs.- 2011.- 17 may.- S. 4.