Sosial proqramlar əhalinin
həyat səviyyəsini yüksəldir
Siyəzən rayonunda
"Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" uğurla həyata keçirilir
Ölkənin bütün regionlarında gedən sosial-iqtisadi inkişafı Siyəzən rayonunun da timsalında görmək mümkündür. Belə ki, 2010-cu il Siyəzən rayonu üçün uğurlu olub, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilibdir.
Rayonun təbii sərvətləri
Siyəzən rayonu Azərbaycan paytaxtından şimalda, Xəzər dənizinin sahilləri boyunca yerləşmişdir. İqlimi quru yarımsəhra iqlimi, landşaftı seyrək meşələrdən və kolluqlardan ibarətdir. Heyvanat aləmində canavar, çöl pişiyi, çaqqal, dovşan və digər növlər çoxluq təşkil edir. Gilgilçay və Ataçay çayları bu rayonun ərazisindən axır. Burada, dənizlə Qafqaz dağlarının ətəkləri arasında Azərbaycandan şimaldakı digər ölkələrə gediş-gəliş üçün rahat bir keçid var. Çıraqqala qülləsindən bir qədər aralıda yerləşən Qalaaltı kurort şəhərciyində "Çıraqqala" sanatoriyası diqqəti cəlb edir. Onun ərazisində müalicəvi əhəmiyyətə malik olan kükürdlü mineral su bulağı var. Bu su sidik kisəsində və öd kisəsində daş olan xəstələr üçün xüsusilə faydalıdır. Zarat kəndinin yaxınlığında Beşbarmaq adlı digər müdafiə istehkamının fraqmentləri salamat qalmışdır. Xalq arasında bu qalıqlar "Xızırzində baba" adlanır. Sedan kəndinin yaxınlığında isə Dindar qalasının qalıqları diqqəti cəlb edir. Ərazi üçün neft, təbii qaz, əhəng daşı, çınqıl, gil və s. təbii resurslar xarakterikdir. Azərbaycanın şimal zonasında yerləşən Siyəzən rayonunun mərkəzi Siyəzən şəhəri Bakıdan 103 km məsafədədir. Onun əhalisinin sayı 35 min nəfərdir. Ərazisi - 759 kv.km, 1 şəhər , 1 qəsəbə , 32 kəndi var.
Siyəzənin
iqtisadi uğurları
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Siyəzəndə də öz bəhrəsini verir. Belə ki, cari ilin birinci rübündə rayonda iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici - ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə 12,5 faiz artıb. ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi isə 76,9 faiz təşkil edib. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsalın 66,1 faizi kənd təsərrüfatının, 17,4 faizi sənayenin, 16,5 faizi isə digər sektorların payına düşüb.
Rayonda kənd təsərrüfatında üstünlük təşkil edən heyvandarlıq sahəsi, xüsusilə, quşçuluğun dəstəklənməsi bu sahənin inkişafına təkan verib. Ötən il rayon üzrə iribuynuzlu mal-qaranın baş sayı ilin əvvəlindən 1,1 faiz artaraq 10517 başa çatıb, diri çəkidə 21381 ton ət, 8048 ton süd istehsal edilib, 72 ton yun qırxılıb. "Siyəzən-Broyler" ASC-də 15,030 ton quş əti, 19,1 milyon ədəd yumurta istehsal edilib. 2009-cu ilin 1-ci rübündə isə rayon üzrə 14,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. İstehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz artıb. Kənd təsərrüfatında üstünlük təşkil edən heyvandarlıq sahəsinin, xüsusilə, quşçuluğun dəstəklənməsi bu bölmənin sürətlə inkişafına təkan verib. Rayonda heyvandarlıq və heyvandarlıq məhsulları istehsalı sabit olaraq inkişaf etdirilir. Mal-qaranın sahibkar və ailə-kəndli təsərrüfatlarında cəmləşməsi rayonda iribuynuzlu mal-qara və davarların baş sayının artmasına zəmin yaradıb.
Rayonda
görülən işlər
Ötən il Siyəzən rayonunda tikinti-quraşdırma və abadlıq işləri uğurla aparılıb. Hazırda yerli telekommunikasiya qovşağı və rayon maliyyə şöbəsi üçün tikilməkdə olan inzibati binalarda son tamamlama işləri aparılır. Baytarlıq və statistika idarələri üçün inzibati binaları tikilib. Siyəzən şəhərinin Şəhriyar, İ.Qayıbov və F.Bayramov küçələri, yeni salınmış yaşayış massivləri və kənd yolları da əsaslı təmir və abadlaşdırılıb. Siyəzən Kondensator zavodu "Siyəzən Sənaye-Cihaz" ASC-yə, Böyük Həmyə Şərab Emalı zavodu isə "Siyəzən - Şərab" ASC-yə çevrilərək fəaliyyət göstərir. Həmçinin, Siyəzən şəhərinin girişində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan park abadlaşdırılıb, Ulu Öndərin möhtəşəm abidəsi ucaldılıb, Heydər Əliyev Muzeyinin tikintisi və eksponatlarla təmin olunması başa çatdırılıb. 5500 kvadratmetr yaşıllıq örtüyü salınıb, 6000-dən çox dekorativ ağac, işıqlanma sistemi qurulub və geniş abadlıq işləri aparılıb. Şəhərin Heydər Əliyevin adını daşıyan küçəsində işıqlanma sistemi tamamilə müasir tələblərə uyğun olaraq yenidən qurulub. Bu küçədə 4000 metr uzunluğunda məhəccərli hasar tikilib, bir sıra yerlərdə piyada yollarına tamet döşənib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bütün kommunikasiya və istilik sistemi ilə təchiz olunan 16 mənzilli bina tikilərək vətəndaşların istifadəsinə verilib. Telekommunikasiya qovşağı və rayon maliyyə şöbəsi üçün tikilən inzibati binaları sakinlərin ixtiyarına verilib.
Təhsil və səhiyyədə
uğurlar
Bu gün respublikamızda dövlətin ən böyük önəm verdiyi sahə təhsil sektorudur. Bu baxımdan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb!" layihəsi çərçivəsində müasir standartlara cavab verən məktəblər tikilib və texniki avadanlıqlarla təmin olunub. Onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 196 ədəd kompüter, 5 ədəd printer və 10 ədəd noutbuk alınıb. Rayonda 24 ümumtəhsil, 2 məktəbdənkənar və 4 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində şagirdlərin təhsili ilə məşğul olan 723 müəllimdən 529-u ali təhsillidir.
Bütün bu faktlar, bir daha onu göstərir ki, inkişaf və tərəqqi yolunda uğurla addımlayan Siyəzən rayonu növbəti illəri də uğurla başa vuracaq.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 17 may.- S. 8.