"Eurovision-2011" Fransa mətbuatının
aparıcı mövzularından birinə çevrilib
Almaniyanın
Düsseldorf şəhərində keçirilmiş
"Eurovision-2011" Mahnı Müsabiqəsində Azərbaycanın
birincilik qazanması son günlər Fransa mətbuatının
aparıcı mövzularından birinə çevrilib.
Ölkənin
ən nüfuzlu yahoo.fr saytında məşhur Röyter,
Assoşieyted Press, Frans Press və digər agentliklərin
mahnı yarışından qalib çıxaraq doğma Azərbaycanı
ləyaqətlə təmsil etmiş Eldar Qasımov və
Nigar Camalla bağlı materialları yerləşdirilib.
Agentliklər
ölkəmizin tarixində, ilk dəfə olaraq, Ell və
Nikkinin (Eldar və Nigar belə təqdim olunur) sayəsində
"Eurovision-2011"-də Azərbaycanın qalib gəlməsi
barədə məlumat verib, Fransanın təmsilçisi
Amori Vassilinin yarışmada 15-ci yeri tutması, bu ölkənin
sonuncu dəfə 1977-ci ildə "Eurovision" müsabiqəsinin
qalibi olması təəssüf hissi ilə xatırlanıb.
Fransa mətbuatı
Qafqaz ölkələrindən biri olan Azərbaycanı təmsil
edən gənc duet Ell və Nikkinin ifa etdikləri "Running
Scared" mahnısı ilə "Eurovision-2011"
müsabiqəsinin qalibi olmasından, artıq süqut
etmiş SSRİ-nin keçmiş respublikalarından olan Azərbaycanın
belə möhtəşəm mahnı yarışında
dördüncü dəfə iştirak etməsinə
baxmayaraq, qibtə ediləcək dərəcədə
böyük uğura imza atmasından, beləliklə də,
ümumi qaydaya əsasən, növbəti
"Eurovison-2012" mahnı müsabiqəsinin Azərbaycanda
keçirilməsindən və bunun gənc müstəqil
dövlət üçün qürurdoğuran fakt
olmasından söhbət açıblar.
Parisdə
nəşr olunan gündəlik "L' Express", "Le
Parisien", "Liberation", "Paris-Matsh" və digər
mətbu orqanları da öz səhifələrində Azərbaycanın
gənc ifaçıları Eldar Qasımovun və Nigar
Camalın "Eurovision-2011"-də müvəffəqiyyətli
çıxışı və öz ölkələrinə
birinci yeri qazandırmaları barədə müxtəlif
başlıqlar altında məqalələrə geniş yer
ayırıb.
"Le
Parisien" qəzetində dərc olunmuş "Azərbaycan
- 2011-ci il "Eurovision"un qalibi oldu" başlıqlı
məqalədə ölkəmizin belə mötəbər
yarışlarda cəmisi dörd dəfə iştirak etdiyi,
bundan əvvəlki yarışlarda da Azərbaycan təmsilçilərinin
mükafata layiq yer tutmalarının yaxın gələcəkdə
bu ölkənin yarışın qalibi olacağına
şübhə yeri qoymadığı, bunun üçün
çox gözləməyin lazım gəlmədiyi,
respublikamızın "Eurovision-2011"
yarışının qalibi olduğu qeyd edilib.
Məqalədə
Eldar və Nigar duetinin "Eurovison-2011" müsabiqəsində
isveçli müəllif və bəstəkarın
mahnısını ingilis dilində çox romantik şəkidə,
göz-gözə, məharətlə ifa etdikləri diqqətə
çatdırılıb.
"L'
Express" qəzetində "Azərbaycan
"Eurovison-2011"-də Eldar və Nigarla qələbə
qazandı" sərlövhəli məqalədə
Almaniyanın qərbində yerləşən Düsseldorf
şəhərinin stadionunda keçirilmiş 56-cı
mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin
ən yüksək göstəricinə nail olması - 221
xalla 43 ölkə arasında inamlı qələbə
qazanması xüsusi vurğulanıb.
Məqalədə
bildirilir ki, Reyn çayının sahilindən 5500 km. uzaqda
yerləşən Azərbaycanın paytaxtı Bakıda yerli
vaxtla gecə saat 3.30-da nəticələr elan olunan kimi şəhər
sakinləri küçələrə çıxaraq qələbəni
böyük sevinc hissi ilə qeyd ediblər. Jurnalistlərin Eldar və Nigara
hazırda nə kimi hisslər keçirdikləri barədə
sualla müraciət etmələri və onların "nəhayət
ki, arzumuz reallaşdı" cavabı yazıda əks
olunub. Müəllif 9 milyon əhalisi
olan Azərbaycanın öz enerji ehtiyatlarına görə
dünyanın mühüm strateji dövlətlərindən
birinə çevrildiyini diqqətə çatdırıb.
Ölkənin digər mətbu orqanlarında da Eldar və
Nigarın qələbəsindən bəhs olunur,
"Eurovision-2012"-nin Azərbaycanda keçiriləcəyi
bildirilir, həmin mahnı müsabiqəsinin ölkəmizdə
yüksək səviyyədə təşkil ediləcəyinə
böyük ümid bəslənildiyi vurğulanır.
Zümrüd
Səs.- 2011.- 17 may.- S. 12.