Almaniyada həmyerlilərimiz "Eurovision - 2011" qələbəsini böyük coşqu ilə qeyd ediblər

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Almaniyada yaşayan azərbaycanlılar "Eurovision - 2011" qələbəsini böyük coşqu ilə qeyd ediblər. İnsanlar gecə yarısı küçələrə axışaraq bir-birlərini təbrik ediblər. Bütün Azərbaycan və Türk diasporunun nümayəndələri qələbə sevincini birlikdə qeyd ediblər". Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Başar Kömür bildirib.

"Almaniyada yaşanan bu coşqunu sözlə anlatmaq mümkün deyil. Azərbaycanlıların yaşadığı bütün şəhərlərdə böyük bir coşqu hiss olunur. İstər diplomatlar, istər sadə insanlar, istərsə də ziyalılar bu qələbəni böyük coşqu ilə qeyd edirdilər. İndi də telefonlar durmur, hər kəs bir-birini təbrik edir," - o, əlavə edib.

AAK sədri deyib ki, mədəniyyətin beşiyi hesab olunan Avropada Azərbaycan mədəniyyətinin birinci olması Odlar diyarı üçün böyük qələbədir. Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların da bu işdə dəstəyi olub.

"Azərbaycan mədəniyyətinin tanınması da bizi çox sevindirir. Bu sevinc o qədər güclü idi ki, insanlar küçələrə axışaraq, öz sevinclərini qeyd edirdilər. Televiziya vasitəsi ilə Bakıda gördüyümüz sevinc Avropa şəhərlərində də hiss olunurdu. Azərbaycan və Türk diasporları bu qələbəni birlikdə qeyd edirdilər" - Başar Kömür vurğulayıb.  O bildirib ki, bu qələbənin qazanılmasında türk bacı və qardaşlarımızın da əməyi olub.

"Avropada "Metropol FM" deyilən bir radio var. Həmin radioda hər yarım saatdan bir "bir millət, iki dövlət", "Bu gün Azərbaycanın günüdür. Hər birimiz Azərbaycana dəstək olmalıyıq kimi şüarlar səsləndirilirdi. Bu təbliğatın da qələbənin qazanılmasında mühüm rolu oldu." - AAK sədri deyib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi olub.

Almaniyanın Düsseldorf şəhərinin "Espirit Arena" stadionunda təşkil olunan mahnı müsabiqəsini ənənəyə uyğun olaraq yarışmanın ötənilki qalibi Lena Mayer-Landrut ifası ilə açıb. Sonra səhnəyə "Avroviziya 2011" müsabiqəsində iştirak edən 43 ölkənin bayrağı ilə qızlar səhnəyə daxil olub. 56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda SMS- səsvermə və proffesional jüri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").  Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutub.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

 

 

Zümrüd

 

Səs.- 2011.- 17 may.- S. 12.