Qadınların cəmiyyətdə yeri və rolu böyükdür

 

"Azərbaycan qadını mərd, cəsarətli, qeyrətli, namuslu qadındır"

 

Heydər Əliyev

 

Azərbaycanın müstəqillik tarixini əbədiləşdirən və onun dünyaya inteqrasiya olunmasında müdrik siyasətini həyata keçirən Ulu Öndər Heydər Əliyev qısa bir zamanda tariximizin silinməz səhifələrini yazdı. Bu zaman məsafəsində ölkənin ictimai-siyasi, mədəni həyatında gedən quruculuq işləri Azərbaycanın simasını dəyişdi. Onun məqsədyönlü fəaliyyətinin əsasında qadın siyasətinə də önəm verilir. Azərbaycan qadınının bu gün adının yüksək zirvələrdə eşidilməsi, beynəlxalq dövlətlərdə təmsil olunması Onun həyata keçirdiyi layihələrin məntiqi nəticəsidir. Ümummilli Liderin qadın siyasəti bu gün ictimai-siyasi fəaliyyətdə olan Azərbaycan qadınlarının simasında özünü göstərir.   

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə:

 

 - Ümummilli Lider Heydər Əliyev 21-ci əsrin tələblərinə uyğun olaraq, fəaliyyət istiqamətini müəyyənləşdirmişdi. Onun dünyagörüşü müasir idi. Ulu Öndər hadisələrə təkcə Azərbaycan çərçivəsində deyil, dünya miqyası dairəsində yanaşırdı. Bu baxımdan, O, Azərbaycan qadınına başqa prizmadan yanaşır, onun potensialının ictimai həyatda təsdiqinə çalışırdı. Heydər Əliyev qadının fəallığını alqışlayırdı. Onların irəli çəkilməsinə, qeyri-cinsin nümayəndələri ilə bir cərgədə olmasına şərait yaradırdı. Qadınların kürsüdə əyləşməsində, idarə və müəssisələrdə nüfuzunun qaldırılmasında Heydər Əliyevin rolu müstəsnadır.

   Mən bir bəstəkar kimi deyərdim ki, Heydər Əliyev müdrik siyasətçi olmaqla yanaşı, romantik şəxsiyyət kimi portretini yaddaşlara həkk edib. Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük maraq göstərən Ümummilli Lider bu sahənin inkişafına və təbliğinə nail olmuşdur. Azərbaycan bütün sahələrində olduğu kimi, bu istiqamətdə də böyük nailiyyətlərə imza atmışdır. Onun romantik obrazı bəstəkarlarla, yazıçılarla, şairlərlə, musiqiçilərlə və digər incəsənət növü ilə məşğul olan şəxslərlə yaratdığı ünsiyyətdə özünü büruzə verib. Azərbaycanın ən çox tanınmış mədəniyyət xadimləri ilə şəxsi dostluğu da fikirlərimizi əsaslandırır. Belə ki, Qara Qarayevlə, Fikrət Əmirovla olan bu münasibət Heydər Əliyevin geniş dünyagörüşünün və bütün sahələrə olan maraq və diqqətinin ifadəsi kimi meydana çıxır. Hər bir sahənin mükəmməl bilicisi olan Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin dünya səviyyəsində təbliğinə məhz yaradıcı insanların fəaliyyətinin genişləndirilməsi istiqamətində apardığı ideoloji xəttlə nail ola bilmişdir. Mən deyərdim ki, sovet dövründə Azərbaycan bəstəkarlarının əsərlərinin Moskvada, Leninqradda, Varşavada, Buxarestdə və başqa dövlətlərin konsert salonlarında səslənməsi Heydər Əliyevin qətiyyətli addımının nəticəsidir. Hər bir xırda sənətlə bağlı məsələdə belə fikir və mülahizələrini bizimlə bölüşürdü. Sovet məkanında yaşadığımız zaman 8 musiqiçi və incəsənət xadimi Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ukrayna kimi dövlətdə isə 4 nəfər mədəniyyət nümayəndəsi bu mükafatın daşıyıcısı idi. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi münasibətin əksidir.

      

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova:     

 

- Dahi Öndər Heydər Əliyev öz adını Azərbaycan tarixinə fenomenal, müdrik siyasətçi, güclü lider kimi həkk etmişdir. Onun Azərbaycanın bütün sahələrində gördüyü işlər ölkəmizin dünya miqyasında imicinin formalaşmasına gətirib çıxarıb. Məqsədyönlü fəaliyyətinin bir qolunu qadın siyasəti  təşkil edirdi. O, Azərbaycan qadınına qayğı və həssaslıqla yanaşırdı. Ulu Öndərin "Azərbaycan qadını mərd, cəsarətli, qeyrətli, namuslu qadındır" kəlamı hər bir qadın üçün örnək deyimdir.

Azərbaycan qadınının məsul vəzifələrə irəli çəkilməsinə hələ hakimiyyətdə olduğu sovet dönəmində önəm verirdi. XX əsrin 60-cı illərinin sonlarından Heydər Əliyev qadın azadlığına, qadınların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət verib. Buna misal, ötən əsrin 70-ci illərinin sonlarında Azərbaycanda həkimlərin 62%-ni qadınların təşkil etməsini göstərmək olar.

Müasir dövrümüzdə də Azərbaycan qadınları ictimai-siyasi həyatın bütün sahələrində çalışırlar. Statistik rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda ümumi əhalinin 51%-ni qadınlar təşkil edir. Bu reallığı nəzərə alaraq ölkəmizdə qadınların sosial rifahının, xidmətin yüksəlməsini nəzərə alaraq onlara xüsusi qayğı ilə yanaşılır. Bu gün Azərbaycanda 28 doğum evi, 331 qadın məsləhətxanası, 596 uşaq poliklinikası və ambulatoriya və s. fəaliyyət göstərir.

Bu, bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı uğurla reallaşır.

Onun qurduğu dövlət, yaratdığı siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Azərbaycan qadınının cəmiyyətdə göstərdiyi fəal rol Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bir qadın, ana olaraq gördüyü böyük xeyriyyəçilik xidmətlərində özünü büruzə verir.     

  

YAP Binəqədi rayon təşkilatı idarə heyətinin üzvü, YAP Binəqədi rayon qadınlar şurası idarə heyətinin üzvü Adilə Orucova:

      

- Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiyası proseslərinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində xalqı vahid məfkurə ətrafında birləşdirmişdir. Azərbaycandakı dinamik inkişaf, müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan sürətlə inkişaf etməsi mövcud olan zəminin nəticəsidir. Müasir dövrümüzdə hər kəs tərəfindən müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətini örnək kimi qəbul edilir. Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətində qadın siyasətinə önəm verməsi məlum faktordur. Müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında qadınlara önəm verən lider onların irəli çəkilməsində böyük layihələr həyata keçirmişdir. Heydər Əliyev hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutaraq, qadın, ailə və uşaq problemlərinə böyük önəm vermişdir. Belə ki, Onun məqsədyönlü siyasətinin əsasında qadın siyasəti dayanırdı. Heydər Əliyevin Azərbaycan qadınına olan sayğısı,  Onun ölkəmizdə açıq cəmiyyət uğrunda gördüyü işlər gender probleminin həlli üçün hərtərəfli baza yaratdı. Bu baxımdan bu gün YAP-ın sıralarını kifayət qədər qadınlar təşkil edir. Təkcə bizim təşkilatda üzv olan qadınların sayı 6128 nəfərdir. Bu statistik rəqəm Azərbaycan qadının inam və iradəsini, Onun məntiqli düşüncəsini əks etdirir. Azərbaycan qadını ölkədə gedən quruculuq işlərindən, onun abadlaşmasından, sosial rifah halının yüksəlməsindən qürurlanıb istək və tələblərini həyata keçirməkdə müstəqil addımlar atır. Məhz Heydər Əliyevin qadına göstərdiyi qayğının nəticəsidir ki, müasir Azərbaycan qadını məsul vəzifələrə irəli çəkilir.

 

YAP Nəsimi rayon təşkilatını siyasi Şurasının üzvü, YAP Nəsimi rayon ADNA-nın ilk ərazi təşkilatının sədri Tamilla Naibova:

      

- Artıq 20 ildir ki, Azərbaycan Respublikası müstəqillik əldə edib. Bu yolda çətinliklərlə üzləşməyimizə baxmayaraq, Heydər Əliyev qətiyyəti və müdrikliyi bunu dəf edib. Vurğulamaq lazımdır ki, müstəqil respublikada qarşıya çıxan problemlərin həllində qadınların rolu böyük olmuşdur. Azərbaycanda qadına münasibət həmişə yüksək olmuşdur. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır. Bu da bir həqiqətdir ki, Azərbaycan qadını XX əsrdən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi cəmiyyətdə çox fəal olmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artmışdır.

Dünyanın bütün ölkələrində qadın təşkilatları mövcuddur. Təkcə Azərbaycanda 50-dən çox qadın təşkilatı fəaliyyətdədir. Bu da Heydər Əliyevin həyata keçirdiyi qadın siyasətinin nəticəsidir. Müstəqil Azərbaycanda qadın hərəkatı yeni mərhələyə qədəm qoyub. Çünki Azərbaycan qadını üçün ölkənin müqəddəratı və müstəqilliyi əzizdir. Azərbaycan qadını məğrurluğunu, ləyaqətini, mənliyini daim uca tutur, Ulu Öndərin siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Azərbaycan qadını cənab Prezident İlham Əliyevin xarici, daxili siyasətini dəstəkləyir. Bu gün Azərbaycan qadının fəallığına geniş imkanlar yaradılıb ki, bunun da təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində sözünü deyir. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı, Azərbaycan adət-ənənələrinin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyeva ideal bir qadın obrazıdır və əminəm ki, bu obraz Azərbaycan qadınlarının dünyaya baxışında, gələcəyində mühüm rol oynayacaqdır.

 

 

ZÜMRÜD BAYRAMOVA

 

Səs.- 2011.- 19 may.- . S. 5.