Uğurlu sosial və iqtisadi inkişaf

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Şabran rayonunda uğurla həyata keçirilir

 

Bugünkü sosialiqtisadi tərəqqi  Azərbaycanın əksər bölgələri kimi Şabran rayonunun da tarixinə sürətli inkişaf və intibah dövrü kimi daxil olub. Xüsusilə, regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində bu rayonda da sürətli abadlıq-quruculuq işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. RİH-dən verilən məlumata görə, rayonda qazanılan uğurların məhz işgüzarlıq, zəhmətsevərlik kimi amillərin üzərində pərvəriş tapması xüsusi qeyd edilməlidir.

 

Şabran dinamik inkişaf yolunda

 

Bunun nəticəsidir ki, rayonun ərazisində dövlət investisiyaları hesabına irimiqyaslı bir neçə layihə yerinə yetirilir. Belə ki, rayon ərazisində inşası davam edən dövlət əhəmiyyətli "Taxtakörpü" su anbarının tikintisi əhalinin sosial rifahına yönəldilmiş çox böyük əhəmiyyət daşıyan nəhəng layihələrdəndir. Ölkənin regional inkişaf proqramının tərkib hissələrindən biri olan "Taxtakörpü" su anbarının tikintisi həm də rayonun iqtisadi inkişafında, adamların həyat şəraitinin yaxşılaşdırılmasında, daimi iş yeri ilə təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, ötən il "Şirə-şərab" zavodu, "Dəvəçi-Broyler" ASC-də quş ətinin dərin emalı sexi, Uzunboyad kəndində 7000 başlıq, Şabran şəhərində və ayrı-ayrı kəndlərdə daha 10 kiçik güclü quşçuluq sexləri tikilib istifadəyə verilibdir. Gəndob kəndində mini-şərab sexi tikilib. "Dəvəçi-Broyler"ASC-də 9104 ton quş əti, "Dəvəçi -Dəyirman" ASC-də 31 min 503 ton un, 11 min 504 ton kəpək istehsal edilibdir. Şabran rayonunda balıqçılığın inkişaf etdirilməsi üçün yerli şərait çox uyğundur. Sahibkarlar tərəfindən bu sahəyə maraq artıb. Göl balıqçılığının inkişafı məqsədilə iş adamları tərəfindən Çölquşçu İƏD-in ərazisində işə başlanıb. Rayonda kənd təsərrüfatının inkişafında da uğurlu nəticələr əldə olunub. Ötən il 21 min 795 ton taxıl, 8 min 177 ton tərəvəz, 765 ton meyvə, 817 ton üzüm istehsal edilib və son 3 ildə meyvəçiliyə və üzümçülüyə maraq xeyli artıbdır.

 

Şabran rayonunda ötən il 23,7 milyon manatlıq tikinti, abadlıq, quruculuq işləri görülübdür

 

Bu gün tarixi keçmişini və təbii gözəlliyini qoruyub saxlayan Şabran rayonu Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının reallaşdırılması nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə üzrə müxtəlif istiqamətlərdə xeyli işlər görülüb. Belə ki, ötən il bir hissəsi tikilib istifadəyə verilən Bakı-Rusiya yolunun Şabran şəhərindən keçən hissəsinin şəhərdən kənara çıxarılması rayon mərkəzinin səliqə-sahmanına ciddi təsir göstərmişdir. RİH-in məlumatına görə, bu il yolun tikintisi Gəndob kəndindən davam edəcəkdir. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında rayonda aparılan abadlıq işlərinə kömək məqsədi ilə Dövlət Neft Fondundan         1 milyon manat vəsait verilibdir ki, həmin vəsaitlə 5 ikimərtəbəli yaşayış evi əsaslı təmir olunaraq, dam örtükləri və pəncərələri dəyişdirilib, fasadları alkaponla üzlənib, tarix-etnoqrafiya muzeyi yenidən bərpa olunubdur. Qədim Şabran şəhərinin tarixini əks etdirən panno, 2 giriş tağı və 6 ədəd qapı tikilib, rayonun küçələrində müasir işıqlandırma sistemi qurulub, yaşıllıq zolağı salınıb, açıq səma altında etnoqrafiya muzeyi yaradılıbdır. Heydər Əliyev prospektində və digər küçələrdə piyada səkilərə 3330 kvadratmetr üzlük daş döşənilib, Şabran şəhər mədəniyyət və istirahət parkında yenidənqurma işləri aparılıbdır. Şəhər bazarının qarşısında meydan, elə oradaca "Bulaq" kompleksinin arxa tərəfində "Qədim Şabran" barelyefi qoyulubdur. Ümumilikdə, ötən ildə rayonda 23,7 milyon manatlıq tikinti, abadlıq, quruculuq işləri görülübdür. Son üç ildə isə rayonda bu işlərə 46,7 milyon manat sərf olunubdur ki, bu məbləğin 23,4 milyon manatı rayonda dövlət sifarişi ilə yerinə yetirilən iri layihələrin, 22,3 milyon manatı isə Şabran şəhəri və onun kəndlərində görülən işlərin payına düşür. İl ərzində yerinə yetirilən tikinti, quruculuq işlərində 14,5 milyon manat dövlət investisiya vəsaitindən istifadə olunubdur ki, bu da ümumi işin həcminin 64,4 faizini təşkil edir. Cari ildə çox böyük ictimai iqamətgah olacaq Heydər Əliyev Mərkəzinin tikintisi başa çatmaqdadır. Heydər Əliyev meydanında yenidənqurma işləri, Heydər parkının abadlaşdırılması davam etməkdədir. Şəhərin 8 küçəsində 3,9 kilometr asfalt beton yol, 2 küçədə 2,5 kilometr uzunluğunda çınqıl yol tikilibdir.

 

Rayonun 26 sahibkarına 327 min manat güzəştli kredit verilib

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi ilə 26 sahibkarlıq subyektinə 327 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 50 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilən məlumata görə, ötən il rayonun sahibkarları müxtəlif mənbələrdən 4,5 milyon manat kredit alıblar. Alınmış kreditlərin həcmi 2009-cu ildəkindən 1,7 milyon manat çox, ondan istifadə edənlərin sayı isə 1932 nəfər artıq olmuş, sahibkarlıq subyektlərinin sayı isə 149 nəfər artmışdır. İndi rayonda fərdi sahibkarlıqla məşğul olanlar 1862 nəfər təşkil edir.

 

Rayonun qazlaşdırılmasında mühüm işlər görülür

 

RİH-in məlumatına görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Şabran şəhər yeni yaşayış massivinin və rayonun yaşayış məntəqələrinin qaz təchizatının bərpası və yaxşılaşdırılması istiqamətində işlər planauyğun şəkildə davam etdirilir. ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Şabranda abonentlərin mavi yanacaqla təhlükəsiz və keyfiyyətlə təminatı üçün yeni qaz xətləri çəkilir, korroziyaya uğramış qaz boruları dəyişdirilir, qaz itkisinin qarşısının alınması məqsədi ilə abonentlər sayğaclaşdırılır və digər təmir-bərpa işləri aparılır. Ümumiyyətlə, Dövlət Proqramından irəli gələn tələblərə uyğun olaraq ötən il ərzində Şabran rayonu üzrə qaz təminatının təkmilləşdirilməsi, bu sahənin texniki bazasının yenilənməsi və möhkəmləndirilməsi, habelə, istehlakçıların təbii qazla təmin edilməsi istiqamətlərində intensiv işlər görülübdür. Belə ki, ötən il Şabran rayonunun yenidən qazlaşdırılmasına 3 ixtisaslaşdırılmış təmir-tikinti idarəsi cəlb edilib, ümumilikdə, 40 min metrdən artıq müxtəlif diametrli yeraltı polietilen borular çəkilibdir. Şabran ərazisində korroziyaya uğramış borular yenisi ilə əvəz olunub, 200 metrdən artıq müxtəlif diametrli yeni qaz xətləri çəkilibdir. Aparılan texniki və digər profilaktiki tədbirlərin nəticəsində 1200-dən çox abunəçi qazla normal təmin edilib, düzgün quraşdırılmayan 80-dən çox sayğac yenisi ilə dəyişdirilibdir.

Bütün bu faktlar, bir daha onu göstərir ki, inkişaf və tərəqqi yolunda uğurla addımlayan Şabran rayonu növbəti illəri də uğurla başa vuracaq.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 19 may.- S. 7.