Müstəqil Azərbaycan ADR - nın layiqli varisidir
(I hissə)
Azərbaycan dövlətçiliyi öz
inkişafı, keşməkeşli və mürəkkəb
tarixi dönəmləri baxımından Cənubi Qafqazın ən
unikal dövlətidir. Bir çox əsrlər öncə
dövlətçilik ənənələrini qurmaq imkanı
qazanmış Azərbaycan xalqı zaman-zaman kənar
müdaxilələr nəticəsində bu təcrübəni
yetərincə və sonadək təkmilləşdirmək
imkanından məhrum olmuşdur. Azərbaycan
ərazisində müxtəlif əraziləri əhatə edən
XI-XIX əsrlər arasında ayrı-ayrı dövlətlər
yaradılmış, dövlət idarəetməsinin milli
modelinin ilkin rüşeymləri inkişaf etdirilmişdir.
Bu coğrafi ərazidə tarixən əhali və
ərazinin birləşdirilməsi və vahid mərkəzi
dövlətə - Azərbaycan Səfəvi dövlətinə
tabe edilməsi baxımından xüsusilə Səfəvilər
dövrünün tarixi əhəmiyyəti olduqca
böyükdür. Lakin XIX əsrin əvvəllərində
o dövrdə Azərbaycan ərazisində mövcud olan
xanlıqlar çar Rusiyasının tərkibinə daxil
olmuş və istər millətin formalaşması, istərsə
də yeni tarixi-iqtisadi formasiya dövründə milli dövlətçiliyin
yaradılması və inkişafı prosesləri xeyli ləngidilmişdir.
1918-ci ildə Azərbaycan coğrafi ərazisində
formalaşmaqda olan Azərbaycan xalqını birləşdirən,
bu birliyə və coğrafi məkana siyasi-hüquqi məna
verən Azərbayan Xalq Cümhuriyyətinin yaradılması
böyük tarixi hadisə, taleyüklü bir nailiyyət idi. Belə ki, bu,
dünyanın yeni tarixində mürəkkəb siyasi-hərbi
vəziyyətdə qurulmuş milli, dünyəvi respublika
idi. Ümumiyyətlə, bu hadisənin nəinki
tarixi, həmçinin hüquqi, siyasi baxımdan çox
böyük əhəmiyyət kəsb etməsi şübhəsizdir.
Əvvəla, “Azərbaycan” sözü
müasir siyasi-hüquqi məzmununu, rəsmi dövlət
adı statusunu məhz Azərbaycan Xalq Cümhuriyyəti
yaranandan sonra aldı. Bu respublikanın Azərbaycan
dövlətçiliyinin ilkin əsaslarının
formalaşdırılması, o cümlədən Azərbaycan
xalqının milli ruhunun dirçəldilməsi
baxımından qəbul etdiyi tarixi əhəmiyyətli qərar
və qanunlarına ağ rəngli aypara və səkkizguşəli
ulduz təsviri olan dövlət bayrağının qəbul
edilməsi (24 iyun 1918), Azərbaycan Milli ordusunun
yaradılması haqqında xüsusi fərmanın verilməsi
(26 iyun 1918), Azərbaycan dilinin dövlət dili elan edilməsi
(27 iyun 1918), Milli Şura tərəfindən “Azərbaycan
parlamentinin yaradılması haqqında” qanunun qəbul edilməsi
(19 noyabr 1918), Azərbaycan vətəndaşlığı
haqqında qanunun qəbul olnuması (11 avqust 1919), Bakı
şəhərində Universitetin açılması
haqqında Azərbaycan parlamentinin qanununu (1 sentyabr 1919), mətbuat
sahəsində senzuranın ləğv olunması haqqında
Azərbaycan hökumətinin qərarı və digər sahələrdə
başlanmış islahatları göstərmək olar. Azərbaycan Milli Şurasının o zamankı
mürəkkəb və həlledici tarixi bir məqamda Tiflisdə-Qafqaz
canişini-nin igamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi
Azərbaycan demokratiyası və parlamentarizm ənənələri
tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də
öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal
Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə
sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə
alaraq ölkənin ərazi bütövlüyünü təmin
etmək və müstəqilliyini qoruyub saxlamaq, insan
haqları və azadlıqlarının dolğun təmin
olunduğu ən müasir hüquqi-demokratik dövlət
yaratmaq məqsədi daşıyan çox mühüm
qanunlar və qərarlar qəbul etmişdi. Adı çəkilən
bu qanunlar və qərarlar nəticə etibarilə, hakimiyyətin
üç qolunun-qanunvericilik, icra və məhkəmə
orqanlarının, bütövlükdə demokratik dövlətin
fəaliyyəti üçün zəruri təsisatların və
prinsiplərin formalaşdırılmasına, bərqərar
edilməsinə yönəldilmişdi. Bunu tarixdən məlum
olan belə bir fakt da sübut edir ki, 1918-ci il mart soyqırımından
cəmi yarım il keçməsinə baxmayaraq Azərbaycan
parlamentində 21 erməni, eləcə də rus millətinin
nümayəndələrinin təmsil olunmasına şərait
yaradılmışdır ki, bu da demokratik inkişaf yolunu
seçmiş gənc bir dövlətin öz
dövrünü xeyli qabaqlayan əsl mütərəqqi,
demokratik ruhundan xəbər verirdi. Qeyd etmək lazımdır
ki, cəmi 17 ay aramsız fəaliyyət göstərmiş və
bu müddət ərzində 155 iclas keçirmiş və
230-a yaxın qanun qəbul etmiş parlament bir tərəfdən
müstəqil dövlət quruculuğu təcrübəsi ilə,
digər tərəfdən, xüsusilə milli qanunvericilik təsisatı
mədəniyyəti tarixində dərin və zəngin iz
qoymuşdur. Hər an yeni xarici
işğal təhlükəsinin qaldığı mürəkkəb
bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət
göstərən Azərbaycan parlamenti vacib fəaliyyət
istiqamətini dövlət müstəqilliyinin qorunub
saxlanmasına və Ordu quruculuğu məsələlərinə
yönəltmişdi. Ölkədə elm və
təhsilin inkişafı və milli kadrların yetişdirilməsi
məqsədi ilə 100 nəfər azərbaycanlı gəncin
xarici ölkələrə dövlət hesabına təhsil
almağa göndərilməsi xüsusi əhəmiyyət kəsb
edirdi. Heç də sadə olmayan beynəlxalq siyasi
şəraitdə gənc və yeni siyasi subyektin yaranması
və onun dövrün siyasi “nəhəng”lərinə istər
faktiki, istərsə də hüquqi tərəfdən qəbul
etdirilməsi ağır və şərəfli bir vəzifə
olaraq şərqdə ilk demokratik respublika qurucularının
qarşısında dururdu. Belə bir şəraitdə
kiçik bir dövlətin parlament sədri Ə.M.Topçubaşovun
rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən
1919-cu ildə ABŞ prezidenti V.Vilsonla görüşə
nail olunması, bu böyük dövlət tərəfindən
rus çarizmi və ruslaşdırma siyasətindən
qurtulmuş və milli-azadlıq mübarizəsi ruhu ilə
müstəqil dövlət yaratmağa nail olmuş Azərbaycan
Demokratik Respublikasının de-fakto olaraq tanınmasına nail
olunması mühüm tarixi, siyasi-diplomatik və hüquqi əhəmiyyət
kəsb edirdi.
Sovet
Rusiyasının beynəlxalq hüquq normalarına məhəl
qoymadan həyata keçirdiyi hərbi müdaxilə və
Qırmızı Ordu hissələrinin qanlı
döyüş əməliyyatları nəticəsində
Şimali Azərbaycan yenidən bu dövlətin tərkibinə
qatılsa da, Azərbaycan Xalq Cümhuriyyətinin
xalqımızın azadlıq hərəkatı tarixində dərin
iz qoyması danılmaz və tarixən təsdiqini
tapmış fakt olaraq qalmaqdadır. Birinci
dünya müharibəsinin doğurduğu tarixi şəraitdən
istifadə edən Azərbaycan xalqı şimalda
özünün qədim dövlətçilik ənənələrini
yenidən dirçəldə bildi, müstəqil
yaşamağa layiq və qadir olan xalq olduğunu sübuta
yetirdi. Avropa ölkələrində
olduğu kimi Azərbaycanda da parlamentli respublika tipli demokratik
idarəçilik qaydalarını tətbiq olunmasına
başlandı. Bu sadalananlar Azərbaycan
xalqının çox böyük tarixi nailiyyət idi.
O da qeyd
olunmalıdır ki, hələ Amerika və bir çox Avropa
dövlətlərində cəmiyyətin böyük və əhəmiyyətli
təbəqəsinə-qadınlara səsvermə kimi vacib
siyasi hüququn verilmədiyi bir dövrdə ADR-də
qadınlara dövlət orqanlarının
formalaşdırılmasında iştirak etmək-səs vermək
hüququnun verilməsi təmin olunmuşdu.
Azərbaycan
xalqının tarixində ilk parlamentli respublika olan, eyni zamanda
bütün Şərqdə, o cümlədən
türk-islam dünyasında ilk demokratik, hüquqi və
dünyəvi dövlət nümunəsi olan və istər
siyasi quruluşuna, istərsə də həyata keçirdiyi
dövlət quruculuğu tədbirlərinə və müəyyən
etdiyi vəzifə və məqsədlərin xarakterinə
görə Avropanın ənənəvi demokratik
respublikalarından geri qalmayan Azərbaycan Xalq Cümhuriyyətiinin
dövlətçilik tariximizdəki yeri və roluna dair ən
dolğun və düzgün qiyməti məhz Ümummilli
lider Heydər Əliyev vermişdir: “Azərbaycan Xalq
Cümhuriyyəti gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət
göstərsə də, sonrakı nəsillərin yaddaşında
xalqımızın tarixinin ən parlaq səhifələrindən
biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət
quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə,
hərbi quruculuq sahələrində atdığı
mühüm addımları başa çatdıra bilməsə
də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər
xalqımızın tarixində silinməz iz buraxmış,
milli dövlətçilik ənənələrimizin bərpası
işində böyük rol oynamışdır. Ən əsası
odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az
yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini
daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin
yaradılmasında müstəsna xidmətləri olan M.Ə.Rəsulzadə,
Ə.M.Topçubaşov, F.Xoyski, H.Ağayev, N.Yusifbəyov,
M.Hacınski, M.Y.Cəfərov, X.Rəfibəyov, Ə.Şeyxülislamov,
S.Mehmandarov, Ə.Şıxlinski, X.Xasməmmədov, Ə.Pepinov,
Ş.Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin
xatirəsini Azərbaycan xalqı bu gün də böyük
ehtiram hissi ilə yad edir.” Ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə qəbul edilən “Azərbaycanlıların
soyqırımı haqqında” (26 mart 1998-ci il),
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi adının bərpa
olunması, Cümhuriyyətin ildönümlərinin qeyd
olunmasına dair sərəncam və bir çox dövlət
əhəmiyyətli digər sənədlər xüsusilə
qeyd olunmalıdır.
Beləliklə,
tarixi təcrübə göstərdi ki, zamanında elə
bir tarixi şəraitdə ADR-in tarixi Azərbaycan ərazisini
özünə daxil etməklə siyasi-hüquqi qüvvə
qazanması və bütün dünyada özünü təsdiq
etməsi XX əsrin 20-ci illərində Azərbaycanın
sovet sosialist imperiyasında daxil edilməsi zamanı istənilən
halda müəyyən ərazilərə malik olan və
siyasi-hüquqi cəhətdən tanınmış dövlət
kimi daxil edilməsinə imkan yaratdı. Bunun
tarixi, siyasi-hüquqi əhəmiyyəti də odur ki, 1991-ci
ildə yenidən müstəqillik qazanmış Azərbaycan
hələ XX əsrin əvvəllərində
yaradılmış müstəqil demokratik respublikanın
varisi olmaq şərəfini qazanmış oldu. Iyirmi illiyini qeyd etməyə
hazırlaşdığımız dövlət müstəqilliyi
gününün, ondan öncəki istiqlal mübarizəsinin
və daha sonrakı dövlət quruculuğunun elə bir həlledici
mərhələsi yoxdur ki, orada Azərbaycan xalqının
böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin
imzası olmasın.
Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi
XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin
adı ilə bağlıdır. Onun adı xalqın
simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə
çevrilmişdir, həyat və fəaliyyəti doğma
xalqa və torpağa məhəbbət və sədaqət
meyarı olmuşdur.
1969 - cü ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycanın
rəhbərliyinə gəlməsi respublikanı ağır
vəziyyətdən çıxarmaq üçün
dönüş nöqtəsi oldu. Heydər Əliyevin
Azərbaycana rəhbər seçilməsi ərəfəsində
cəmiyyətdə bədbinlik, ətalət, laqeydlik əhval
- ruhiyyəsi hökm sürürdü. Sosial
- iqtisadi göstəricilərin əksəriyyəti, o
cümlədən əmək haqqının səviyyəsinə,
mənzil təminatına, məktəblərin və xəstəxanaların
sayına, istehlak səviyyəsinə görə respublika
ölkədə axırıncı yerlərdən birini
tuturdu.
Heydər Əliyevin təklif etdiyi dəyişikliklər
qanunauyğun xarakter daşıyırdı. Perspektiv təfəkkür
tərzi ilə birlikdə məqamın məntiqi yeganə
düzgün qərarlar üzərində qurulmuşdu. Elə qərarlar ki, onlara əsaslanaraq cəmiyyət
öz inkişafında keyfiyyətcə yeni
sıçrayış edə bilərdi. Heydər
Əliyev özünün konkret fəaliyyətində həmişə
tarixin gedişinin obyektiv qanunlarını bilməsinə
arxalanmış, xalqın potensial imkanlarına və cəmiyyətin
sağlam qüvvələrinə güvənmişdir. Bunun nəticəsi idi ki, Azərbaycan xalqı gənc
siyasi liderinin məqsəd və niyyətlərini qəbul
etdi. Heydər Əliyevin istedadlı rəhbər
və dövlət xadimi olması artıq ölkədə
formalaşmışdı. O, ittifaqda böyük
nüfuz qazanmış, xalqı tərəfindən də
sevilirdi. Bütün bunların sayəsində
kənd təsərrüfatının inkişafına dair
ittifaq səviyyəsində müvafiq qərarların qəbul
edilməsi və onların tam həyata keçirilməsi
mümkün olmuşdu.
1969 - 1982
- ci illər ərzində bütün kənd təsərrüfatı
və onunla bağlı sahələr köklü dəyişikliklərə
uğradı. Azərbaycan tarixi bu qədər
geniş miqyaslı və dərin dəyişikliklər
görməmişdir. Bu illər nəinki
bütün kənd təsərrüfatı məhsullarının
istehsalı artdı, həm də mühüm sosial dəyişikliklər
həyata keçirildi, insanların güzəranı
yaxşılaşdı, kənd əhalisinin həyat tərzi
dəyişdi, sənayenin, xüsusilə neft - qaz sektorunda
baza sahələrinin inkişafı üçün işlər
görüldü. Minlərlə
yaşayış məntəqəsi yaradıldı və
abadlaşdırıldı, avtomobil və dəmir
yollarının inşasına, məktəblərin, tibb
müəssisələrinin tikintisinə diqqət
artırıldı, demək olar, hər rayonda və bir
çox kəndlərdə mədəniyyət sarayları və
klublar ucaldıldı, muzeylər yaradıldı. Su kəmərləri tikintisi böyük miqyas
aldı, yaşayış məntəqələrinə qaz gəldi.
Heydər Əliyev isə ölkənin ictimai - siyasi həyatında
yenicə yaranmaq istəyən meylləri məharətlə
sezir və respublikanı qarşıdakı sınaqlara
vaxtında hazırlamaq üçün hər şeyi edirdi. Onun gərgin fəaliyyəti
nəticəsində respublikada yeni ali məktəblər
və tədqiqat müəssisələri, onlarca kafedra və
laboratoriyalar yaradılmış, ali məktəblərə qəbul
xeyli artmışdı. Moskvanın, Sankt - Peterburgun, Kiyevin və
ölkənin difər şəhərlərinin ali məktəbləri hər il Azərbaycandan
əvvəlcə 500, sonralar isə 1000 nəfət gənci qəbul
etməyə başlamışdı. Hərbi ixtisaslar üzrə
kadr hazırlığına böyük diqqət yetirilirdi və
bu məqsədlə Bakıda C. Naxçivanski adına
Hərbi məktəb açıldı.
Iqtisadiyyatda və sosial sahədəki nailiyyətlər
cəmiyyətdə nikbinlik meyllərini gücləndirirdi. Ziyalılar, əhalini
geniş təbəqələri öz ölkəsinə və
liderinə görə fəxr edirdilər. 1982 - ci ildə Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edilir. Bu iş həll
edilən məsələlərin mürəkkəbliyinə
və miqyasına görə Heydər Əliyevin əvvəlki
fəaliyyəti ilə heç bir müqayisəyə gəlməzdi.
O vaxtkı sistemin hər bir rəhbərin fəaliyyətini
simasızlaşdırmaq və bərabərləşdirmək
xüsusiyyəti nəzərə alınarsa, Moskvanın
hakimiyyət dəhlizlərində itməmək, böyük
siyasətin adi statistinə çevrilməmək olduqca
çətin idi. Lakin Heydər Əliyevin
qüdrətli istedadı, müstəsna təşkilatçılıq
qabiliyyəti, məlum problemlərin həllinə qeyri -
standart yanaşma tərzi, görkəmli natiqlik məharəti
burada da özünü göstərdi. SSRİ
Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində
Heydər Əliyev ən çox quruculuq işlərini həyata
keçirmişdi. Lakin Sovet dövlətinin
başçısı Mixail Qorbaçov bu qədər
nüfuzlu, istedadlı dövlət xadimini öz yanında
görmək istəmirdi. 1987 - ci ildə
Heydər Əliyev partiyada və dövlətdə tutduğu
bütün vəzifələrdən istefa etdi.
1990 - cı ildə ittifaq və respublika rəhbərliyinin
iradəsinə zidd olaraq Heydər Əliyev Naxçıvana
köçdü. Fəal siyasətə
qayıdan Heydər Əliyev Azərbaycan və
Naxçıvan parlamentlərinə deputat, 1991-ci ilin
sentyabrında isə Naxçıvan MR Ali Məclisinə sədr
seçildi. Beləliklə, Azərbaycanın bu
kiçik hissəsi böyük siyasətin obyektinə
çevrilmiş, Naxçıvanda millətin gələcəyi
ilə bağlı ümumdövlət və regional məsələlər
həll edilməyə başlanmışdı..
Səs.- 2011.- 24 may.- S. 5-6.