Həmkarlar İttifaqları respublikamızın ictimai həyatında mühüm rol oynayır

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin yap.org.az-a müsahibəsi

 

- Səttar müəllim, həmkarlar ittifaqları ölkəmizdə əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malikdir. İlk öncə, istərdik ki, həmkarlar ittifaqlarının keçdiyi yol haqqında ümumi məlumat verəsiniz...

- 100 ildən çox tarixə malik Azərbaycan Həmkarlar İttifaqları respublikamız müstəqillik qazandıqdan sonra yeni mərhələyə qədəm qoymuşdur. Cəmiyyətin bütün ictimai-siyasi sahələrində olduğu kimi, həmkarlar ittifaqlarında da islahatların aparılması və demokratik həmkarlar ittifaqı mərkəzinin yaradılması zərurətə çevrildi.

Konfederasiya Azərbaycan Həmkarlar İttifaqlarının 5 fevral 1993-cü il tarixli qurultayında təsis olundu. Əsas məqsəd qısa vaxtda dünya həmkarlar ittifaqının tərkib hissəsinə çevrilmək, böyük bir mexanizmin mərkəzdə cəmlənmiş səlahiyyətlərini paylaşdırmaq, hər bir strukturun səlahiyyətlərini özünə qaytarmaq və yeni islahatlar aparmaq idi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı nəticəsində hakimiyyətin mahiyyəti dəyişdi, yeni sosial-siyasi münasibətlər formalaşdı, Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri dəyişdi, onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin forma və metodları əsaslı şəkildə yenidən quruldu. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilməklə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və onun statusu müəyyən edildi; həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat orqanlarından və siyasi sistemin digər vəsilələrindən asılılığı aradan qaldırıldı; həmkarlar ittifaqlarının bütün strukturlarında, o cümlədən aşağı vəsiləli həmkarlar ittifaqlarında inzibati amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının və orqanlarının müstəqilliyi təmin edildi; əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı; Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan yaratdı.

Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmkarlar ittifaqlarının sosial iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi xüsusi rol oynadı. Ölkə Prezidenti ötən illər ərzində xalqımızın etimadını qazanaraq, proqressiv islahatların reallaşdırılması sahəsində mühüm addımlar atmış, çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar imzalamışdır. Bu, Onun xalqın mənafeyinin qorunmasını öz fəaliyyətinin başlıca prinsipi hesab etdiyini bir daha təsdiqlədi.

Prezident İlham Əliyev dəfələrlə həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu qeyd etmişdir: “Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər”. Bu fikirlər həmkarlar ittifaqlarını daha da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirməyə istiqamətləndirmişdir. Belə ki, yeni ictimai-siyasi və iqtisadi sistemin təşəkkül tapdığı bir dövrdə vətəndaşların sosial və iqtisadi mənafelərinin qorunması yalnız dövlət orqanlarının deyil, həmçinin həmkarlar ittifaqlarının da əsas işinə çevrilərək və mühüm əhəmiyyət kəsb edir. Həmkarlar ittifaqları elə təşkilatdır ki, həmkarlar ittifaqı üzvlərinin və muzdlu işçilərin iqtisadi, sosial-əmək, hüquqi və mənəvi haqlarını, mənafelərini təmsil və müdafiə edir. Həmçinin, fəaliyyətinin əsas strateji məqsədi elə bir iqtisadi siyasətə nail olmaqdır ki, bu əhalinin məşğulluğunun səmərəli təşkilinə imkan versin, insanın istismarına yol verməsin, işləmək istəyənlərə bərabər imkanlar yaradılsın, onların maddi rifah halının qənaətedici səviyyəsi təmin edilsin.

- İşçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, təhlükəsizlik texnikası üzrə qayda və normalara əməl edilməsi məsələlərinə nəzarət haqda nə deyə bilərsiniz?

- İşçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, təhlükəsizlik texnikası üzrə qayda və normalara əməl edilməsi sahəsində konkret və ciddi işlər görülmüşdür. Məlumat üçün deyim ki, 2010-cu ildə 25 sahə və 1 ərazi həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişlərinin iştirakı ilə əməyin mühafizəsi və istehsalat zədələnmələrinin qarşısının alınması məqsədilə 676 müəssisə və təşkilatda yoxlama aparılmışdır. Nəticədə sanitar qaydalara, istehsalat sanitariya və gigiyena normalarına və ekoloji təhlükəsizliyin tələblərinə əməl olunmaması üzrə 3039 fakt müəyyən edilmişdir. Eyni zamanda, texniki müfəttişlər tərəfindən aşkar olunan pozuntuların 84,4 faizinin (2566) aradan qaldırılması təmin edilmişdir.

Dövlət orqanlarında üzv təşkilatların mənafelərinin təmsil edilməsi, əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanmasında iştirak etməsi, qanunlara, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinə zidd olan qanunaltı aktlara yenidən baxılarkən təkliflərin irəli sürülməsi, vətəndaşların əmək hüquqlarının qiymətlərin və həyat səviyyələrinin yüksəlməsinə uyğun olaraq qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi, məşğulluq sahəsində qanunvericiliyə əməl olunmasına zərurətin təmin edilməsi, beynəlxalq həmkarlar ittifaqı hərəkatında iştirak etməsi, tabelikdə olan və əməkçilərin sanatoriya - kurort müalicəsi və istirahəti, ekskursiya - turizm, mədəni-maarif və idmanla məşğul olan təşkilatların fəaliyyətlərinin istiqamətləndirilməsi AHİK-in əsas funksiyalarıdır.

Həmkarlar ittifaqları üçün əmək qanunvericiliyinin təkmilləşdirilməsi, qanunların işlənib hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi öz aktuallığını saxlamaqdadır. Bu baxımdan yaranmış zərurətə uyğun olaraq “Həmkarlar ittifaqları haqqında” Qanunda, Əmək Məcəlləsində və digər Qanun layihələrində dəyişikliklərin bir çoxu bizim təkliflər əsasında qəbul edilmişdir.

Ölkə iqtisadiyyatında çalışan işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında Azərbaycan höküməti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanılan üçtərəfli Baş Kollektiv Sazişin rolu böyükdür. Adı çəkilən sənəddə iqtisadi siyasət, əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazası və əhalinin məşğulluğu, sosial müdafiə, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, sosial tərəfdaşlıq və digər sahələrdə hər bir tərəfin öhdəlikləri təfsilatı ilə əks olunur, onların icrası üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmaqla, icrasına ciddi nəzarət edilir.

Baş Sazişin hazırlanması zamanı əldə olunan razılıqlar real işə çevrilir. İşçilərin sosial müdafiəsi baxımından işəgötürənlərlə kompromis qərarların qəbul edilməsi, kollektiv müqavilələrə dair tövsiyələrə əməl olunması, üçtərəfli əməkdaşlıq, sosial dialoqun iştirakçıları arasında qarşılıqlı əlaqələr qurmaq əsas məqsədlərimizdir. Bunlara nail olmaq üçün biz həmkarlar ittifaqı hərəkatının nüfuzunu artırmağa çalışır, həmkarlar ittifaqlarının maliyyə və əmlak mənafelərinin, onların maddi-texniki bazasının qorunub saxlanmasına, nizamnamə vəzifələrinin yerinə yetirilməsinə xüsusi önəm veririk.

Bu gün Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla, cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

- Həmkarlar ittifaqları respublikamızın ictimai həyatında mühüm rol oynamaqla əmək hüquqlarının qorunmasında da vacib bir təsisatdır. İnsanların əmək hüquqlarının pozulması hallarının aradan qaldırılması istiqamətində nə kimi işlər görülür?

- Həmkarlar ittifaqlarının fəaliyyətinin mühüm hissəsini təşkil edən məsələlər sırasında işçilərin əmək hüquqlarının müdafiəsinin həyata keçirilməsidir. Təkcə 2010-cu ildə Azərbaycan Həmkarlar İttifaqlarına ümumilikdə daxil olan 158627 ərizə-şikayətin 98,5 faizi işçilərin mənafelərinə uyğun olaraq, öz müsbət həllini tapmışdır. Rəhbər işçilər tərəfindən 17854 nəfər qəbul edilmişdir. Qanunsuz olaraq işdən kənarlaşdırılmış 102 nəfər işçinin hüquqları həmkarlar ittifaqının müdaxiləsindən sonra bərpa edilmişdir. 10 nəfər işçinin hüquqları isə həmkarlar ittifaqının nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmələrdə bərpa olunmuşdur. İl ərzində işəgötürənlərin həmkarlar ittifaqlarına müraciət etmələrinə baxmayaraq həmkarlar ittifaqları tərəfindən 452 nəfərin işdən çıxarılmasına razılıq verilməmişdir. Həmkarlar ittifaqlarının bu cür prinsipiallıq və obyektivlik göstərmələri, qərəzsiz olmaları onlara inamı artırır. Bəzi işəgötürənlərin müqavimət göstərmələrinə baxmayaraq, həmkarlar ittifaqlarının bacarığı və fəallığı sayəsində ötən il işəgötürənlərlə 11890 kollektiv müqavilə və 130 saziş bağlanmışdır.

Azərbaycan Həmkarlar İttifaqları respublikamızın ictimai həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin demokratik dəyərlərinin inkişafı sahəsində qarşıda duran vəzifələri yerinə yetirir, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirir. Əhalinin sosial-iqtisadi və məşğulluq problemlərinin həlli üçün hökumətlə sıx əməkdaşlıq edir, cəmiyyətdə mövqeyinin güclənməsinə çalışır. 26 sahə həmkarlar ittifaqını, 18 minədək ilk təşkilatı öz ətrafında birləşdirən AHİK və onun üzv təşkilatları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin yerinə yetirilməsində uğurlu addımlar atırlar. Bütün bunların sayəsində respublikada həmkarlar ittifaqı hərəkatı xeyli dərəcədə möhkəmlənmiş, həmrəyliyi artmış və fəallaşmışdır.

- Səttar müəllim, AHİK-in beynəlxalq əməkdaşlığı hansı səviyyədədir?

- AHİK Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. 37 xarici ölkənin 42 həmkarlar ittifaqı mərkəzi ilə əlaqələr yaratmış, müntəzəm olaraq işgüzar görüşlər keçirir, beynəlxalq həmkarlar ittifaqları hərəkatının bərabərhüquqlu üzvü kimi, dünya həmkarlar ittifaqı hərəkatı ilə sülh, demokratiya, insan hüquqları və sosial tərəqqi uğrunda mübarizədə həmrəylik göstərərək əməkdaşlıq edir.

Son vaxtlar bu sahədəki nailiyyətlərimizi daha da artırmağa çalışırıq. Belə ki, AHİK Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Sverdlovsk Vilayətinin Həmkarlar İttifaqı Federasiyası və Gürcüstan Həmkarlar İttifaqları Birliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalamışdır. Bu müqavilələr bir daha səmərəli əməkdaşlığımıza imkan yaratmaqla ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir. Əməkdaşlıq müqavilələrin bağlanması Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyə həmkarlar ittifaqları mərkəzləri ilə də davam etdiriləcəkdir.

- Bildiyimiz kimi, Azərbaycanda kurort sahəsinin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub, eləcə də bu istiqamətdə qanunvericilik bazası gücləndirilib. Atılan bu addımlar praktikada özünü necə göstərir?

- Respublika əhalisinin sağlamlığının qorunması və istirahətlərinin təşkili məsələlərinin həlli istiqamətində həmkarlar ittifaqları ardıcıl olaraq iş aparır. Dövlətimiz onun gördüyü işləri daim yüksək qiymətləndirir, bu istiqamətdə həmkarlar tərəfindən irəli sürülən təklifləri qəbul və müdafiə edir. İşçilərin və onların ailə üzvlərinin məişət və istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələri üçün şərait yaradılmasına xüsusi önəm verən Azərbaycan həmkarlar ittifaqları bu məqsədlə onların sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi tədbirlər və islahatlar həyata keçirir. Onların sağlamlığını daim nəzarətdə saxlamaq üçün monitorinqlər keçirilir, üçtərəfli baş, ərazi, sahə müqavilələri imzalanır, istehsalat zədələrinin və peşə xəstəliklərinin azalmasına və profilaktikasına yönəldilmiş proqramlar işlənib hazırlanır.

“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamından sonra sanatoriyalar və istirahət evlərində yenidənqurma işləri daha da sürətləndirilmişdir.

AHİK-in “Kurort” Səhmdar Cəmiyyəti müalicəyə və istirahətə gələnlərin normal müalicə və istirahətini təşkil etmək məqsədilə hər il daxili imkanları hesabına yenidənqurma və əsaslı təmir işləri aparır. Müalicə korpusları təmir olunur, abadlaşdırma, yaşıllaşdırma işləri görülür, vanna şöbələri, idman meydançaları tələbata uyğun olaraq yenidən qurulur.

“Bilgəh”, “Abşeron”, “Günəşli” və “Qaranquş” sanatoriyalarında əsaslı təmir və yenidənqurma işləri aparılmış müasir tələblərə cavab verən lyuks tipli yataq kotecləri və otaqları istifadəyə verilmişdir.

Bununla belə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi üçün bütün daxili imkanlarını səfərbər etmiş və cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların hamısında müalicəyə gələnlərin rahatlığını təmin etmək məqsədilə hər cür şərait yaratmışdır. Hal-hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir. Bunun bir səbəbi orada qaçqınların məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdırsa, bir hissəsi də texniki cəhətdən istismara yararsız olduğuna görə konservasiya edilməsidir. Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş soydaşlarımıza kömək məqsədilə sanatoriyalarımızın əksəriyyəti onların ixtiyarına verilmişdir. Hazırda sanatoriyaların 70%-də 8500-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Didərgin soydaşlarımıza göstərilən kommunal, səhiyyə və digər xidmətlərin xərci əsasən həmkarlar ittifaqları fondlarının hesabına ödənilir.

 

 

Səs.- 2011.- 24 may.- S. 7.