Avropa birinciliyi
mədəni dərinliyimizi göstərdi
Azərbaycan “Eurovision” mahnı yarışmasında
qalib gəlməsi dünyanın diqqətini
ölkəmizə yönəldib
Bu il Azərbaycan beynəlxalq arenada özünün möhtəşəm qələbələrindən birinə imza atdı. Ölkəmizi “Eurovision” mahnı yarışmasında təmsil edən Nigar Camal və Eldar Qasımov ən yüksək göstərici əldə edərək Avropada 1-ci oldular. Dünya mətbuatında və televiziyalarında son günlərdə ən çox müzakirə olunan məsələ də budur- Azərbaycanın Avropa 1-cisi olması.
Avropa, Rusiya və Türkiyə mətbuatında dərc edilən məqalələrin böyük əksəriyyəti Azərbaycan musiqiçilərinin qələbəsinin layiqli olduğunu birmənalı olaraq qeyd edirlər. Qeyd olunur ki, qədim mədəniyyət və musiqi məkanı olan Odlar Yurdu son illərdə həm milli, həm də xarici musiqi janrlarında böyük uğurlar əldə edir.
Yeri gəlmişkən, qeyd etmək yerinə düşərdi ki, həmişə özlərinin diaspor fəaliyyətindən ağız dolusu danışan ermənilər Azərbaycanın bu parlaq qələbəsindən sonra bir müddət susmağa məcbur olacaqlar. Əslində, Ermənistanın birinci turdan yarışmadan kənarda qalmağı şişirdilmiş erməni diasporunun “aktiv” fəaliyyətindən xəbər verir. Azərbaycanın qələbəsi isə dünya azərbaycanlılarının həmrəyliyini bir daha nümayiş etdirdi.
Rusiya və erməni mətbuatı erməni müğənnisi Emminin “Eurovision” müsabiqəsinin heç yarımfinal mərhələsindən çıxa bilməməsini, Azərbaycan təmsilçilərinin isə yüksək performans göstərdiklərini yazır.
Qeyd edək ki, ermənilər “Eurovision” müsabiqələrində 2006-cı ildən iştirak etməyə başlayıb və ilk dəfədir ki, nümayəndəsi finalda iştirak etməyib. Əksər erməni qəzetləri yazır ki, Avropadan Ermənistan nümayəndəsi Emminin təqdim etdiyi “Bum-bum” mahnısına belə münasibət gözləmirdilər.
Erməni ekspertlərinin fikrincə, ermənilərin finala çıxmamasının səbəbini Emminin pis oxumasında deyil, Ermənistanın Avropada sevilməməsində və digər səbəblərdə axtarıb tapmaq gərəkdir. Müsabiqədən bir gün öncə isə Rusiyada yaşayan erməni mənşəli musiqi şərhçisi Artur Qasparyan Ermənistanın finala düşə bilməməsini faciə kimi qələmə verib.
Erməni mediasında qeyd edilir ki, Emmanın finala çıxa bilməməsi Ermənistanın ümumi inkişafı və seçilən xarici siyasət kursu ilə bağlıdır. Belə ki, Avropa artıq ağlaşma, yalvarış və daima qondarma soyqırımını tanınması və başqasının torpağını özünküləşdirmək siyasətindən bezib. Avropa Ermənistan prezidenti Serj Sarkisyanın və onun əlaltılarının qitə boyu gəzib kredit, ianə, humanitar yardımlar almaq yalvarışlarından, sonra isə aldıqlarını öz şəxsi məqsədləri üçün sərf etməsindən zinhara gəlib.
Əvəzində isə Avropa Azərbaycanla iqtisadiyyat, elm, mədəniyyət, idman, sosial-humanitar və sahələrdə əməkdaşlıq etmək istəyir. Nəhayət, Avropa çox gözəl başa düşür ki, Azərbaycanın bir santimetr torpağını işğal etməsi ilə Ermənistan rəhbərliyi öz xalqını necə fəlakətə sürükləyib. Ermənistanın bir dövlət kimi dünya xəritəsindən silinməsi prosesi gedir.
İşğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması - zaman məsələsidir. Hər kəs başa düşür ki, münaqişə əbədi sürə bilməz və işğal əbədi deyil. Əhalisinin böyük əksəriyyətinin yoxsulluq içində yaşadığı qonşu Ermənistanın xalqı bunu çox gözəl görür və başa düşür. Hər il o, daha çox anlaşmağa başlayır ki, Qarabağ münaqişəsi olmasaydı, inkişaf tamam başqa cür olardı.
Qeyd edək ki, bu müsabiqə dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyonlarla ölçülür. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir.
Azərbaycan bu sahədə də dünyada öz sözünü dedi. Biz başqa sahələrdə qələbələrə öyrəşmişik. Bu sahədə isə birinci qələbədir. Bu Azərbaycanda mədəniyyətə göstərilən qayğının, xalqımızın zəngin musiqi ənənələrinin qələbəsidir.
Onu da qeyd edək ki, “Eurovision”da iştirakımızın təşəbbüskarı Heydər Əliyev Fondu, Mehriban xanım olub. Azərbaycan “Eurovision” müsabiqəsində 4-cü dəfədir ki, iştirak edirdi. Əvvəlki illərdə də yaxşı nəticələr göstərilib. Ancaq builki birincilik mədəniyyət sahəsində böyük uğurumuzdur.
Almaniyanın Düsseldorf şəhərində keçirilən “Evrovision-2011” müsabiqəsində Azərbaycan təmsilçiləri - Eldar Qasımov və Nigar Camalın qələbə qazanması, birinci pilləyə qalxaraq üçrəngli bayrağımızı ən yüksək zirvəyə ucaltmaları təkcə Azərbaycan xalqının yox, bütün türkdilli xalqların qələbəsi deməkdir. Çünki bütün türk dünyası bu möhtəşəm qələbəni bayram kimi qeyd edirlər. Nigarın səhnəyə Türkiyə bayrağı ilə çıxması isə Türkiyədə böyük minnətdarlıq hissi ilə qarşılandı.
Qeyd edək ki, Azərbaycanın qalib olması səbəbindən gələn il bu müsabiqə ölkəmizdə keçiriləcək və uzun müddət Azərbaycan dünyanın gündəmində olacaq. On minlərlə xarici turist və jurnalist Bakıya gələcək.
Bu qələbə Azərbaycanda mədəniyyət sahəsinə, gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsi və əyani nəticəsidir. Xalqımızın mədəni sahədə böyük dəyərlərə sahib olmasını artıq bütün dünyada qəbul və etiraf edirlər.Şübhə yoxdur ki, ölkəmiz gələn illərdə belə qələbələrə daha çox şahid olacaq, həm də təkcə mədəniyyət sahəsində yox bütün sahələrdə.
Elçin Bayramlı
Səs.- 2011.- 24 may.- S. 9.