Regionların sosial inkişafı tərəqqi yollarında

 

Enişli-yoxuşlu bir tarix yaşayan Gəncənin müasir tarixi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayır. Ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində Gəncənin güclü, iqtisadi potensialının təməli qoyuldu və respublikanın ikinci ən böyük sənaye şəhərinə çevrildi. SSRİ-nin dağılması, Gəncənin iqtisadiyyatına böyük zərbə vurdu. Gəncənin dirçəlişi "Gəncə hər bir vətənpərvər azərbaycanlı üçün doğma və əzizdir" - deyən Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin tapşırığı ilə şəhərin dirçəliş proqramı işlənib hazırlandı. Onun həyata keçirilməsini təmin etmək məqsədi ilə xüsusi vəsait ayrıldı. Görülmüş tədbirlər nəticəsində adamların şəhərdən axınını dayandırmaq mümkün oldu. Gəncənin dirçəliş illərini fəal surətdə ölkə Prezidenti cənab İlham Əliyev davam etdirdi. Yüksək zövqlü və təbiəti etibarı ilə əsl qurucu olan ölkə Prezidenti İlham Əliyevin Gəncəyə hər bir səfəri şəhərin sosial-iqtisadi həyatında böyük iz qoydu.

 

Gəncə Qafqaz bölgəsinin ən gözəl şəhərlərindəndir

 

Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə bu gün Qafqaz bölgəsinin ən gözəl şəhərlərindən birinə çevrilib. Qədim abidələrin müasir şöhrəti, yeni yolları, uca binaları, dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, ən sivil tələblərə uyğun mehmanxanası, səhiyyə ocaqları onun inkişafının göstəricisidir. Ölkə Prezidenti İlham Əliyevin qayğısı və yaxından köməyi sayəsində Gəncədə aparılan böyük quruculuq və abadlıq işləri şəhərin inkişafını sürətləndirir. Ən yaxşı tibb müəssisələri, təhsil ocaqları, parklar, xiyabanlar salınır, yeni binalar, yaşayış binaları tikilir. Bakıdan sonra ilk dəfə belə binalar Gəncədə tikilir. Bu, onu göstərir ki, burada insanların həmin mənzillərdə yaşamaq imkanı var.

 

Gəncədə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində genişmiqyaslı işlər görülür

 

Ötən il şəhər üzrə ümumdaxili məhsul istehsalı 262,6 milyon manat təşkil edibdir ki, bu da əvvəlki dövrlə müqayisədə 38,1 faiz artım deməkdir. Bu dövrdə istehsal olunan sənaye məhsulunun ümumi həcmində dövlət bölməsinin xüsusi çəkisi 73,1 faiz, qeyri-dövlət bölməsi 26,9 faiz olub. Gəncə Avtomobil zavodunda, "Gəncə Şərab-2" və "Gəncə-Qənnadı" Səhmdar Cəmiyyətlərində, "Cardin-Royal" və "Səyyar-Sınaq Tətbiqi" Məhdud Məsuliyyətli Cəmiyyətlərdə, " Asmet" LTD-də, "Neon" və "NN" firmalarında və digər orta kiçik müəssisələr bu istiqamətdə əməli tədbirlər həyata keçirilibdir. Köhnə tipli 54 və 55-li ATS-lər, eləcə də, Bağbanlar ərazisindəki ATS müasir elektron sistemli ATS-lə əvəz edilib. Hal-hazırda həmin stansiyalarla istehlakçılar arasında xətt əlaqələndirilməsi işləri aparılır. Ardıcıl olaraq 4 yeni ATS binası inşa edilib istismara verilibdir. Telefon şəbəkəsinin ümumi tutumu 68848 nömrəyə çatdırılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə təməli qoyulan 4500-dən çox yeni iş yerinin açılacağı "Daşkəsən Filiz Saflaşdırma" ASC-nin Gəncə Polad Kompleksi"nin və "DETAL. AL" MMC-nin Alüminium zavodunun tikintisi davam etdirilir. Dövlət Proqramına uyğun olaraq şəhərin içməli su və kanalizasiya sisteminin, Gəncə çayının sahil boyunun və məcrasının yenidən qurulması kimi iri həcmli layihələrin həyata keçirilməsi də davam edəcəkdir.

 

Abadlıq-quruculuq işlərində uğurlu nailiyyətlər

 

Dövlət Proqramında şəhərin mədəniyyət obyektlərinin, tarixi abidələrinin yenidən qurulması və bərpası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərə əsasən Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə şəhərin mərkəzində, Ə.Hüseynzadə küçəsində yerləşən "Şah Abbas Karvansarayı"nın bərpası və Gəncə Dövlət Filarmoniyasının 500 yerlik, təxminən 12 min kv.metr sahəsi olan binanın tikilməsi üçün layihə-smeta sənədləri hazırlanıbdır. Şəhərin Heydər Əliyev, Ş.İ.Xətai prospektlərində 9,4 km uzunluğunda və N.Nərimanov prospekti VII-XII döngələrində 80 min kvadratmetrdən çox yeni asfalt-beton örtük salınıb, 9 min metr bort daşları yenisi ilə əvəz edilib, səkilərdə 3500 kvadratmetr sahədə üzlük dekorativ plitələr döşənibdir. Mütəfəkkir şair Məhəmməd Füzulinin adını daşıyan parkda yenidənqurma, abadlıq-quruculuq işləri başa çatdırılıb, görkəmli şairin heykəlinin postamenti təzədən qurularaq qranitlə üzlənib, rənglənib, yaşıllıqların suvarılması üçün suvarma sistemi yeniləşib, müasir formada fəvvarə tikilibdir. Şəhərin işıqlandırılması istiqamətində 44 ədəd dayaq yenisi ilə əvəz olunub, 20 ədəd təzə elektrik şkafları qoyulub və 300 ədəd işıqlandırıcılar quraşdırılıb, məişət tullantılarının yığılıb daşınması üçün 100 ədəd yeni konteyner qoyulubdur. "Xan bağı"nın qədimliyi saxlanılmaqla müasir formada qurulması işləri başa çatıbdır. Eyni zamanda, Respublika Memarlar İttifaqının aparıcı memarlarının layihələri əsasında Yaşıl Teatrın, fəvvarə kompleksinin və istirahət ərazilərinin əsaslı təmir işləri də şəhər sakinlərinin ürəyincədir. XIV əsrin sonu - XV əsrin əvvəllərində tikilən "İmamzadə türbəsi" və onun ətrafında XII-XVIII əsrlərdə inşa edilən məscid, sərdabə və digər türbələr bu günədək kompleks şəklində bərpa edilib, yenidənqurma və tikinti işləri aparılır.

 

Təhsil və səhiyyədə yeniləşmə faktorları

 

Eyni zamanda, Gəncədə təhsil və səhiyyə sahəsində də uğurlar əldə olunmaqdadır. Belə ki, ötən il 13 saylı məktəbdə 960 şagirdlik bina, 38 saylı orta məktəbin 480 şagirdlik yeni binalar tikilib. Qapılarını şagirdlərinin üzünə açmış, məktəblərdə təmir işləri davam etdirilmiş, payız-qış mövsümündə istiliklə təmin edilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Ölkə Prezidentimiz İlham Əliyevin təşəbbüsü və köməyi ilə tikilmiş Gəncə Müalicə Diaqnostika Mərkəzi açılıb.

 

Gəncədə turizm obyektləri artırılır

 

Bu il turizm ili elan olunduğundan Gəncənin turizm infarstukturu inkişaf etdirilir. Şəhərdə 2 yeni otel tikilməsi planlaşdırılır. Bundan əlavə Göygöl rayonu, Hacıkənd qəsəbəsi ərazilərində sanatoriya kompleksinin yaradılması da nəzərdə tutulur. Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatına görə, Gəncə çayında bəndin vurulması işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Eyni zamanda, çay kənarı ərazidə isə xüsusi park və , istirahət mərkəzlərinin salınması da planlaşdırılıb. Gəncədə olan 217 qədim bina və 300 tarixi abidələrin olması şəhərin turizmin inkişaf etdirilməsi potensialından xəbər verir. Gəncə şəhər icra hakimiyyətinin məlumatına görə, Göygöl rayonu, Hacıkənd qəsəbəsi ərazisində sanatoriya kompleksinin yaradılması, həmçinin, şəhərin çaykənarı ərazisində xüsusi parkın salınması, istirahət mərkəzinin tikilməsi də nəzərdə tutulur.

Göründüyü kimi, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Gəncə şəhəri növbəti illərdə də yüksək tərəqqi yolu ilə inamla irəliləyəcək və sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni uğurlara imza atacaqdır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 21 may.- S. 6.