"Ölümünlə
ölməzliyi qazandın"
Bu mövzuda Səbail rayon icra
hakimiyyəti milli qəhrəman Mübariz İbrahimova
həsr olunmuş tədbir keçirib
Dünən Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Ölümünlə ölməzliyi qazandın" mövzusunda tədbir keçirilib. Tədbirdə Səbail rayon icra hakimiyyətinin, Bakı şəhəri üzrə təhsil idarəsinin nümayəndələri, Səbail rayonunun təhsil işçiləri, DİN Daxili Qoşunların bir qrup əsgər və zabitləri iştirak etmişdir. Həmçinin, tədbirə milli qəhrəman Mübariz İbrahimovun oxuduğu Biləsuvar rayonu Əliabad kənd orta məktəbin kollektivi də dəvət olunmuşdur. Səbail rayonu, Bibiheybət qəsəbəsi 50 saylı orta məktəbin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb. 50 saylı məktəbin direktoru Sədaqət Həsənova tədbiri açaraq, milli qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndinə getməsi ilə bağlı ətraflı məlumat verib. Görüşdə milli qəhrəmanın vaxtı ilə əsgəri xidmətdə olduğu Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidtmətinin rəhbəri, polkovnik-leytenant Təranə Məmmədova, DQ-nin "N" saylı hərbi hissəsinin əsgəri Samir Xankişiyev Mübariz İbrahimovun hərbi xidmətindən və qəhrəmanlığından, Biləsuvar rayonunun Əliabad kənd orta məktəbinin biologiya müəllimi, əməkdar müəllim Qılman Abbasov Mübariz İbrahimovun təhsil illərindən danışıblar. Tədbirdə Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Mübariz İbrahimovun xidməti, onun qəhrəmanlığı, vətənpərvərliyi ilə bağlı gələcəyin əsgərləri olan gənclərə geniş məlumatların verilməsinin, onların ibtidai hərbi hazırlıqlarının yüksəldilməsinin vacibliyini vurğulayıbdır: "Bu gün təhsil işçilərinin ən mühüm vəzifələrindən biri Mübariz İbrahimov kimi vətənpərvər və peşəkar əsgər və zabitlərin tərbiyə olunmasıdır. Gənclərimiz hər zaman ölkə başçısı, silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə işğal altında olan torpaqlarımızın hərb yolu ilə azad edilməsinə hazır olmalıdırlar". Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya səslənib və tədbirin keçiriləməsinə hazırlıq dövründə məktəblilərin hazırladıqları Mübariz İbrahimovun həyatı, qəhrəmanlığına həsr olunmuş videoçarx nümayiş etdirilibdir.
R.KAMALQIZI
Səs.- 2011.- 21 may.- S. 7.