Azərbaycanın
yüzlərlə tarixi-dini abidələri erməni vandalizmi nəticəsində
məhv edilib
Erməni
işğalçılarının bərbar hərəkətləri
"Silahlı münaqişə baş verdikdə mədəni
dəyərlərin qorunması haqqında" Haaqa
Konvensiyasına ziddir
Ermənistanın
Azərbaycana qarşı ərazi iddiası, onun
işğalçı müharibə yolu ilə Qarabağa
qarşı olan təcavüzkar siyasəti on illərdir ki,
davam edir. Dağlıq Qarabağ bütün tarixi dövrlərdə
yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi
olmuşdur. Ermənistanın Qarabağa ərazi
iddiasının tarixi kökləri, onun təcavüzkar mahiyyəti,
Ermənistanın Azərbaycana qarşı müharibəsinin
işğalçı xarakteri "böyük Ermənistan"
yaratmaq xülyasının nəticəsidir. Ermənistanın
Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə
söykənmir. Bu baxımdan, Qarabağ problemi və erməni
məsələsi tarixən mövcud olmuşdur. Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycana
qarşı işğalçılıq müharibəsinin
başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin
işğalı prosesi və zəbt olunmuş Azərbaycan
torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində dövlətimizə külli
miqdarda ziyan dəymişdir.
Azərbaycanın
tarixi abidələrinə münasibətdə erməni
vandalizmi özünü göstərir. Ermənilər
işğal altında olan ərazilərimizdə yüzlərlə
tarixi-dini abidələrimizi məhv ediblər.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.
Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev-muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin Şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini dağıdır, məhv edir. Hətta erməni təcavüzkarları vəhşilik göstərərək, Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə, şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün əxlaq normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək, Bakıya gətirilmiş və hazırda İncəsənət Muzeyində nümayiş etdirilir.
Qarabağ ərazisində olan qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.
İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır.
Bunlarla yanaşı, işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı,4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal altında qalmışdır.
Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir.
Bu və ya digər faktlara diqqət salarkən, onu da qeyd etmək yerinə düşər ki, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun 300-dən çox əşyası qarət olunmuşdur. Azərbaycan vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin fondları erməni təcavüzkarlarının əlinə keçibdir. O cümlədən, görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.
Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar vardır. Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdır.
Əsir və girov düşmüş vətəndaşların işğal olunmuş zonalarda evlərin sökülməsi və talan edilməsində istifadə edilməsi ilə bağlı faktları erməni vandalizminin təzahürüdür. Orada olmuş və hadisələri müşahidə etmiş Azərbaycan oğulları onların gözü önündə bu dağıntı və qarətlərin baş verməsinin şahidi olmuşlar.
1993-cü ildə əsir götürülmüş Cəfərov Mübariz Qara oğlunun əsirlikdən qayıtdıqdan sonra yazdığı izahatda qeyd olunur ki, əsirlikdə olduğu zaman Şuşadakı qəbiristanlığın baş daşlarının, evlərin və idman mərkəzlərinin ermənilər tərəfindən dağıdıldığının şahidi olmuşdur. Abdullayev Yaşar göstərir ki, ermənilər Şuşa şəhərində yolların kənarındakı məhəccərlər, dəyişdirərək, onların əvəzinə xaç şəkilli dəmirlər vurmuşlar. Rəcəbov Nail isə yazır ki, o, Şuşa şəhərində saxlandığı zaman tarixi abidələrimizin ermənilər tərəfindən dağıdılmasının və yandırılmasının şahidi olmuşdur. Vaqif sarayının, konservatoriyanın, qədim Şuşa hamamının tamamilə dağıdıldığını qeyd edən N.Rəcəbov həmin abidələrdəki qiymətli əşyaların və sənət əsərlərinin ermənilər tərəfindən maşınlara yüklədilərək Ermənistana daşınmasının şahidi olduğunu bildirmişdir. Həmçinin, Şuşa qəbiristanlığının da dağıdıldığını və oradan qoparılmış baş daşlarının separatçı Qarabağ rejimi "rəhbərləri"nin oturduqları binanın qarşısına düzüldüyünü qeyd etmişdir.
Bu faktlar əsasında deyə bilərik ki, Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir.
(ardı var)
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 21 may.- S. 11.