Azərbaycanın
yüzlərlə tarixi-dini abidələri erməni vandalizmi
nəticəsində məhv edilib
Erməni
işğalçılarının barbar hərəkətləri
"Silahlı münaqişə baş verdikdə mədəni
dəyərlərin qorunması haqqında" Haaqa
Konvensiyasına ziddir
(Əvvəli
ötən sayımızda)
Azərbaycanın
erməni hərbi birləşmələri tərəfindən
işğal olunmuş ərazilərində törədilmiş
vandalizm əməllərinin nəticəsi olaraq evlər talan
edilərək sökülmüş,
yandırılmış, tarixi abidələr, xüsusilə,
qəbiristanlıqlar dağıdılmışdır. İşğal
olunmuş Azərbaycan rayonlarının talan və qarət
edilməsində, o cümlədən, evlərin, abidələrin,
qəbiristanlıqlardakı qəbir daşlarının
sökülməsində əsir və girovların əməyindən
istifadə edilməsi də danılmaz faktdır.Maddi-mədəni
mədəniyyət abidələrinin
dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar,
faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi
Prokurorluğunda cinayət tərkibli işlərə
baxılmışdır.
Ermənilərin
azərbaycanlılara qarşı törətdikləri
soyqırımı, deportasiya, işgəncə və digər
epizodlar üzrə aparılmış istintaq hərəkətləri
nəticəsində sülh və insanlıq əleyhinə
müharibə cinayətləri törətmiş 239,
banditizm, qəsdən adamöldürmə və digər cinayətlər
törətmiş 48 nəfər olmaqla, 287 nəfər barəsində
təqsirləndirilən şəxs qismində cəlbetmə
qərarları çıxarılmışdır. Ərazimizə
qarşı böyük iddialarla çıxış edən
Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən
dövlət əmlakının və xüsusi mülkiyyətdə
olan əmlakın məhv edilməsi, talan edilməsi ilə
bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına
küllü miqdarda artıq ziyan vurmuşdur. Bu maddi və mənəvi
ziyanla bağlı dünya ölkələrinə məlumatlar
rəsmi orqanlar tərəfindən
çatdırılmışdır. O cümlədən, Azərbaycanın
işğal altında olan mədəniyyət abidələrinin
siyahısı Avropa Şurasının mədəniyyət, mədəni
və təbii irsin siyahısı departamentinin direktoruna təqdim
edilib. Statistikaya istinadən deyə bilərik ki, işğal
altında olan ərazidə 1890 mədəniyyət abidəsi
qalıb. Ermənistanda da azərbaycanlıların
çoxsaylı mədəniyyət abidələri var. Sadəcə,
onların tam siyahısını müəyyən etmək
mümkün deyil. Azərbaycanın işğal olunmuş ərazilərində
erməni işğalçılarının
özbaşınalığı, tarix və mədəniyyət
abidələrimizin dağıdılması və qəsdən
korlanması “Arxeoloji irsin mühafizəsi haqqında” Avropa
Konvensiyasına, “Ümumdünya mədəni və təbii
irsin mühafizəsi haqqında” YUNESKO-nun konvensiyasına zidd
olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan
mədəniyyət abidələrinin əksəriyyəti məhv
edilib.
Çoxəsrlik
tarixi olan Qarabağ ərazisində yerləşən Azıx
mağarası bu gün işğal altındadır. Mağara
Azərbaycanın Füzuli rayonu ərazisindədir. Vaxtilə
dünyanın ən qədim insanlarının
yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan
torpağı 1993-cü ildən etibarən erməni
işğalı altındadır və mağaranın
işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat
yoxdur. Mağaranın sahəsi 800 kv.m-dir. Burada uzunluğu 600
metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin
bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.
Azıx mağarası Qafqazda indiyə qədər aşkar
edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti
cəlb edir. Azıx mağarası haqqında dünya
çox az məlumata malikdir. Məlum həqiqətdir ki, sovet imperiyası dövründə
bu mağarada axtarış aparan, onun tarixi barəsində
danışan alimlərin xarici ölkələrdə
yaşayan həmkarları ilə əlaqə yaratmasına
imkan verilmirdi. Bunun nəticəsidir ki, dünyanın ən qədim
insanlarından birinin Azərbaycan ərazisində
yaşadığı haqqında dünya hələ də
çox az şey bilir.
İşğal
altında olan Qarabağ abidələri sırasında
Füzuli ərazisində yerləşən Şeyx Babi Yaqub
türbəsi Qarabağ xanlarının mədəni-maarif fəaliyyətindən
xəbər verir. Bu abidə XIII əsr türbəsi olaraq qəbul
edilir. Füzulinin Əhmədallar kəndində, orta əsr qəbiristanlığının
yerində sənduqəformalı qəbir daşı,
Qarğabazar kəndində “Şah Abbas” karvansarasından
yuxarı, qayanın üstündə “Qiyas əd-Din” məscidi
(yerli əhali onu “Şah Abbas” məscidi adlandırırdı)
Azərbaycanın tarixi abidələri arasında tarixiliyi ilə
əhəmiyyətlidir.
Azərbaycan
ərazisində at heykəlli qəbirlər adı ilə
tanınan abidələrimiz də Ermənistanın
işğalı altındadır. Laçın rayonunun
Malıbəy kəndində aşkarlanmış üç
at heykəlli qəbir daşında
və Almazzisxevndə yerləşən at heykəlli
abidənin bud tərəfində həkk olunan üç
horizontal və bir vertikal xətt çox maraqlıdır. Qarabağ
abidələrindəki epiqrafik məlumatlardan və təsviri
incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan
xalqının təşəkkülündə mühüm
rol oynamış qədim türk tayfalarının məskunlaşmasını
müəyyən etmək olar. Laçın rayonu ilə
bağlı olan tarixi mənbələrdə qeyd olunur ki, bu ərazidə
Malıbəy, Güləbird kəndlərində at heykəlli
qəbir daşlarında günəş simvolunun və əlində
quş tutmuş insanın təsvirləri var. Məlumdur ki, qədim
türk xalqlarının tanrısı Humay quşu idi və
bunun abidələrin üzərində təsvir olunması,
güman ki, abidələri dağılmaqdan qorunma məqsədi
daşıyırdı.
Şərəkə
çayının hövzəsində yerləşən bir
sıra türbələr öz memarlıq-konstruktiv
formasına görə seçilir ki, bu da Zəngilan ərazisinə
daxildir. Zəngilan rayonunun Məmmədbəyli kəndində
yerləşən Yəhya ibn Məhəmməd türbəsi,
Cəbrayıl rayonunun Şıxlar kəndində yerləşən
Şıxbaba türbəsi tarixi baxımdan zəngin olan abidələrdir.
Şıxbaba türbəsinin ətrafında orta əsr qəbiristanlığı
yerləşir. Türbədən bir qədər aralı
Şeyxzadə Şeyx abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin məzarı
salınıb. Türbənin ətrafında şeyxin
davamçılarının baş daşları pərakəndə
şəkildə yerləşir. Bu ərazilərdə yerləşən
sənduqə, başdaşı formalı, qoç, at heykəlli
qəbir daşları ərəb-fars-Azərbaycan dilli
yazılarla və müxtəlif relyeflərlə Azərbaycan
xalqının həyat və məişətinin müxtəlif
tərəflərini əks etdirir, xalqın tarixinə,
toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə
aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni
həyatına dair bir sıra məsələləri
işıqlandırır.
Zəngilanın memarlıq abidələrindən biri də Məmmədbəyli kəndindəki türbədir. Səkkiz tilli prizma şəklində tikilən bu türbənin yuxarısı piramidalı kümbəzlə tamamlanır. Türbənin giriş qapısı üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi göstərilib. Türbənin 678 yaşı var.
Bu gün Zəngilan qəbiristanlıqları da erməni işğalı altındadır. Tarixi mənbələrdə göstərilir ki, XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvi Zəngilanın əsasının hicri tarixinin 15-ci ilində, yəni 6336-cı ildə qoyulduğunu bildirib. Deməli, Zəngilanın 1360 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb və məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və ya yuyub aparıb. Burada aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onların biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdir. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb.
Azərbaycanın ermənilər tərəfindən işğal altında olan ərazilərində saysız- hesabsız miqdarda abidələrimiz var. Həm işğal altında olan, həm də işğaldan azad olunmuş ərazidə olan tarixi abidələr erməni işğalçıları tərəfindən dağıdılmışdır. Tarixi və memarlıq abidələri haqda məlumatlara nəzər yetirərkən işğal altında olan nə qədər sayda dini və mədəniyyət abidələri ilə tanış oluruq. Qarğabazar kəndində Cəlil türbəsi, Aşağı Veysəlli kəndində Mirəli türbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə türbəsi, Füzuli şəhərində məscid binası, Aşağı Aybasanlı kəndində İbrahim türbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələr işğal altındadır. Ermənistanın işğalı nəticəsində saysız mədəni abidələr dağıdılmışdır. Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı olan ərazi iddiaları nəticəsində baş vermişdir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər Ermənistanın özünü təsdiqləmək, qondarma “tarixi mədəniyyəti”ni yaratmaq siyasətinə xidmət edir. Sözsüz ki, Ermənistanın öz xristianlıq tarixini islam mədəniyəti üzərində yaratmaq xülyası ilə ziddiyyət təşkil edir. Ancaq Cənubi Qafqazdakı bir çox yazılı mənbələr, əlimizdə olan rəsmi sənədlər, arxivlər və fotoşəkillər daha çox Azərbaycanla bağlıdır.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 24 may.- S. 13.