MÜSTƏQİLLİYİ QORUMAQ ONU ƏLDƏ ETMƏKDƏN ÇƏTİNDİR

 

1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət quraraq, özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 93 il keçməsinə baxmayaraq, bu şərəfli tarix xalqımızın yaddaşında silinməz iz buraxmışdır.

Cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən dövlət quruculuğu sahəsində xeyli görməyə nail olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə ordu, səhiyyə, təhsil, kənd təsərrüfatı və s. sahələr yenidən qurulmuş, xarici siyasət sahəsində xalqın mənafeyinə uyğun vahid xətt üzrə beynəlxalq təşkilatlar və iri dövlətlərlə münasibətlərin yaradılması üçün addımlar atılmışdır. Ölkənin müdafiə qüdrətinin artırılması, ərazi bütövlüyünün qorunması üçün ordu quruculuğuna geniş yer verən Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xüsusi xidmət orqanlarının yaradılması məqsədilə bütün imkanlardan istifadə etməyə çalışmış, təhlükəsizlik orqanlarının formalaşdırılmasını dövlət quruculuğunun mühüm vəzifələrindən biri kimi qarşıya məqsəd qoymuşdur. Azərbaycanın müstəqilliyi əleyhinə yönəlmiş qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasına ehtiyacı günü-gündən artırır, Azərbaycan milli ordusunun tədricən güclənməsinə və təkmilləşməsinə baxmayaraq, gözlənilən təxribatların və təhdidlərin qarşısının alınması, düşmənin casusluq fəaliyyətinin aşkarlanması peşəkar xüsusi xidmət orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüşbu işin öhdəsindən bacarıqla gələ bilmişdir. 1919-cu ildə Hərbi Nazirliyin Baş Qərargahının tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Hərbi nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi “düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir”. Yenicə yaranan Azərbaycanın xüsusi xidmət orqanları ilk gündən erməni-daşnak-bolşevik və s. pozucu qüvvələrə qarşı kəskin mübarizə xətti tutaraq lazımi nəticə əldə edə bilmişdir.

Gənc respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin gündə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - “Əksinqilabla Mübarizə Təşkilatı”nın yaradılması barədə qərar qəbul olundu. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi fəaliyyətə başladı. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanin işğalı xüsusi xidmət orqanlarının da fəaliyyətinə son qoydu.

Sovetləşmə illərində Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarında fəaliyyət göstərən əməkdaşların, demək olar ki, hamısı totalitar rejim tərəfindən repressiyalara məruz qaldı, onların bir çoxu güllələndi, az qismi isə mühacirət etmək məcburiyyəti ilə üzləşdilər. Öz həyatlarını Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizəyə həsr etmiş bu insanların yaxın və uzaq qohumları da imperiyanın cəza maşınından yaxalarını qurtara bilmədilər. Bundan sonra 30 ildən artıq müddətdə insanların əsassız ittihamlarla həbsi, sürgünü, edamı, siyasi təqiblər ilə müşayiət olunan dövr başlandı. Cəza siyasətinin həyata keçirilməsində mühüm rol oynayan təhlükəsizlik xidmətinin rəhbər işçiləri, əsasən, başqa millətin nümayəndələrindən təyin edilir, azərbaycanlılara etibar olunmurdu. Təsadüfi deyil ki, Qriqoryanın, Markaryanın, Borşşovun, Topuridzenin, Yemelyanovun Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri işlədiyi illərdə bu orqan Azərbaycan xalqına, onun mənəviyyatına çox böyük zərbələr vurmuş, insanları daim qorxu içində saxlamışdır.

XX əsrin 50-ci illərinin sonlarından etibarən Azərbaycanın görkəmli alim və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqibdən qorunması, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması, həmçinin, respublika təhlükəsizlik orqanlarının milliləşdirilməsi istiqamətində işə başlanılır. Azərbaycanın gələcək müstəqilliyinə və milli təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış bu proses ömrünün 25 ilini bu orqanlara həsr etmiş görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı dövrdə olduğu kimi, respublikaittifaq rəhbərliyində işlədiyi müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarına öz diqqət və qayğısını əsirgəməmişdir. Bütün bu dövrlər ərzində təhlükəsizlik orqanlarına milli kadrların cəlb olunması, onların yetişdirilib həlledici sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq dərəcədə geniş vüsət almağa başlamışdı.

Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşısında qoyduğu ən ümdə tövsiyələrdən biri də xalqın əsrlər boyu yaratdığı və yaşatdığı sərvətlərə sədaqətlə yanaşmaq, onun milli maraqlarını qorumaq prinsipi idi. Dahi rəhbər Heydər Əliyevin böyük fədakarlığı, hədsiz vətənpərvərliyi nəticəsində xalqımızın milli mənafeyi istiqamətində çox işlər görüldü, Azərbaycanın bir çox tanınmış ziyalıları imperiya cəngindən qurtula bildi və repressiyanın minlərlə qurbanı bəraət aldı. Təsadüfi deyil ki, SSRİ dövründə bütün müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda bir nəfər də olsun dissident yox idi. O, xalqına zorakılıq edənlərə qarşı çıxan təhlükəsizlik orqanlarının əməkdaşlarının taleyi ilə də maraqlanmış və öz xalqına, millətinə xəyanət etməyən şəxslərin bəraət almasına çalışmışdır.

Ermənilərin dəfələrlə Azərbaycan torpaqlarına olan separatçı iddialar qaldırmalarına baxmayaraq, daim prinsipal və qəti mövqe tutan Ümummilli Lider Heydər Əliyev belə çirkin niyyət və səylərin qarşısının qətiyyətlə alınmasına nail olmuşdur. Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ilə bağlı nitqində bu barədə deyirdi: “30-cu, 40-cı, 50-ci 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmiş, çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.  Dahi rəhbər Heydər Əliyevin 1987-ci ildə Kremldən istefa verməsindən iyirmi gün sonra Dağlıq Qarabağ məsələsi ortaya atıldı. Təsadüfi deyildi ki, Ermənistan KP MK-nin keçmiş birinci katibi A.Koçinyan Dağlıq Qarabağın ermənilərə verilməsində ən böyük maneənin məhz Heydər Əliyev olduğunu xüsusi vurğulayırdı.

Azərbaycan Respublikası artıq müstəqilliyinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Müstəqilliyini ikinci dəfə yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti də kökündən dəyişməyə başlamışdır. Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində dönüş Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışı, bu orqanların işinin yenidən qurulması və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda, gündəlik qayğı və diqqətlə başlandı. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə sabitlik tədricən bərqərar oldu, dövlət çevrilişlərinin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Qonşu dövlətlərlə münasibətlər tənzimləndi, daxildəki pozucu, separatçı qüvvələrlə mübarizə gücləndi və onların qanunsuz fəaliyyətlərinin qarşısı alındı. Bir sözlə, müstəqil Azərbaycanın milli təhlükəsizlik orqanlarının fəaliyyəti beynəlxalq standartlara uyğun və dövlətimizin təhlükəsizliyinin qorunması tələblərinə cavab verə biləcək səviyyədə quruldu. Bu orqanların fəaliyyətinin normativ-hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni tədbirlərin həyata keçirilməsi baxımından 2004-cü il Azərbaycan xüsusi xidmət orqanlarının tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsinin, “Kəşfiyyat və əks-kəşfiyyat”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanunlarının və “Azərbaycan Respublikasının milli təhlükəsizlik Konsepsiyası” kimi mühüm sənədlərin qəbul olunması və tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları, digər normativ-hüquqi aktların, eləcə də, xidmətdaxili hüquqi sənədlərin qəbulu artıq Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət istiqamətlərinin müasir tələblərə cavab verən hüquqi bazasının yaradılmasına təminat verdi. Dövlət quruculuğunun növbəti yeniləşmə və müasirləşmə dövrünə uyğun olaraq, Milli Təhlükəsizlik Nazirliyində geniş islahatlar aparıldı, beynəlxalq əlaqələr xeyli genişləndi, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təhlükəli növləri ilə qətiyyətli və uğurlu mübarizə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin məqsədyönlü, səmərəli təşkili və önəmli nəticələri bu orqanlara etibarı və etimadı xeyli möhkəmləndirdi. Bu gün Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşmaları və gərgin zəhmətləri nəticəsində ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, terrorçuluğa, transmilli cinayətkarlığa qarşı mübarizədə konkret nəticələrin əldə edilməsi sübüt etdi ki, bu gün Azərbaycan xüsusi xidmət orqanları peşəkar, çevikgüclü bir struktura çevrilmişdir. Qazanılmış bu nailiyyətlərin əsas səbəbi bu gün Milli Təhlükəsizlik Nazirliyində aparılan zəruri islahatlar çərçivəsində maddi-texniki təminatın gücləndirilməsi, peşəkar kadr özəyinin möhkəmləndirilməsi, hər bir əməkdaşın fəaliyyətinə obyektiv qiymət verilməsi və şəxsi heyətin sosial müdafiəsinə dövlət səviyyəsində diqqət və qayğının artırılmasıdır.

Göründüyü kimi, son illər Milli Təhlükəsizlik Nazirliyi fəaliyyətinin bütün sahələrində uğurlu nəticələr əldə etmiş, daim xalqın etibarını və etimadını doğrultmağa çalışmışdır. Məhz dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin “Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizlik təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu varMilli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir” fikri milli təhlükəsizlik orqanlarının fəaliyyətinə verilən ən dəyərli qiymətin bariz nümunəsidir.

 

 

Həzi AĞAMMƏDOV

 

Səs.- 2011.-27 may.- S. 4.