Azərbaycanda
dayanıqlı makroiqtisadi sabitlik mövcuddur
İlham Əliyev: “Əsas məqsədimiz
iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, təhsilin
inkişafı, güclü sosial siyasət aparmaqdır”
Ölkə
iqtisadiyyatının sürətlə inkişafı ilə
yanaşı, əhalinin rifah halının daha da
yaxşılaşması, dövlət tərəfindən
sosial öhdəliklərin tam yerinə yetirilməsi,
sahibkarlıq subyektlərinin sayının artması,
infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin
yaradılması sayəsində işsizliyin minimuma endirilməsi
və digər amillər, onu deməyə əsas verir ki,
dünyada baş verən maliyyə böhranına baxmayaraq,
ölkəmiz sürətli inkişafını davam etdirir.
Dünya
böhranı ölkəmizə təsir göstərməyib
Dünyada hökm sürən qlobal maliyə böhranı şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması buna əyani sübutdur.
Əldə olunmuş uğurları nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, 2010-cu il ərzində ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 1,8 milyard manat və ya 5 faiz artaraq 41,6 milyard manata çatıb.
ÜDM-in hər nəfərə düşən həcmi 4653 manat, yaxud 6 min ABŞ dolları təşkil edib və 2009-cu ilə nisbətən 3,7 faiz artıb. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4 faizini təşkil edib. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı daha çox- 6,6 faiz artıb və 5 milyard manat olub.
Ümumiyyətlə, ölkə sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2009-cu illə müqayisədə 2,6 faiz artaraq 27,4 milyard manat təşkil edib.
Sənayenin mədənçıxarma və emal sahələrində, o cümlədən, onların əsas bölmələrində, qida, neft və kimya sənayesi məhsullarının, metallurgiya, poliqrafiya, avtomobil, elektrik, maşın və avadanlıqların və s. məhsulların istehsalında artım müşahidə olunub.
Ötən il neft məhsullarının istehsalında 8,8 faiz artım müşahidə olunub. Maşın və avadanlıqların istehsalı ötən illə müqayisədə 2 dəfəyədək, avtomobil istehsalı 50 dəfəyədək artıb. 2010-cu ildə 706 ədəd “Belarus” tipli traktor, 486 ədəd “Lifan” markalı minik avtomobili, 767 ədəd “MAZ” markalı yük avtomobili istehsal edilib.
Regionlarda yeni inkişaf meyilləri
müşahidə olunur
Regionların
sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin
uğurla həyata keçirilməsi, “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23
yanvar tarixli sərəncamına uyğun olaraq kənd təsərrüfatı
məhsullarının istehsalçılarına hər hektar əkin
sahəsinin becərilməsində istifadə etdikləri
yanacağa və motor yağlarına görə dövlət
tərəfindən büdcə vəsaiti hesabına 40 manat
yardım verilməsi, habelə istehsalçılara satılan
mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin
dövlət tərəfindən ödənilməsi, eləcə
də buğda istehsalçılarının maddi
marağının artırılması və buğda
istehsalının stimullaşdırılması məqsədi
ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən
hər hektar üçün 40 manat yardımın verilməsi,
məhsuldarlığa təsir göstərən reproduksiyalı
toxum materialının satışına görə əlavə
maliyyə vəsaitinin ayrılması, habelə həftənin
altıncı və bazar günləri kənd təsərrüfatı
məhsullarının satışı üzrə
yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun
itkisiz yığılmasına müsbət təsir edib və
hesabat ilində taxıl, kartof və yumurta istisna olmaqla əsas
kənd təsərrüfatı məhsullarının
istehsalında artıma nail olunub.
Nəqliyyat və infrastruktur layihələri
uğurla icra olunub
Ölkə
iqtisadiyyatı üçün prioritet sahələrdən
birinə çevrilmiş nəqliyyat sektoru əsas
infrastrukturlardan biri olaraq dayanıqlı inkişaf edir. Əvvəlki
illərdə olduğu kimi, 2010-cu ildə də nəqliyyat
sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın
hərəkət heyətinin yeniləşməsi,
körpülərin tikilməsi, yeni avtomobil yollarının
çəkilişi, yenidən qurulması və s. işləri
davam etdirilmiş, transmilli layihələrin səmərəli
fəaliyyəti sahənin inkişafına öz müsbət
təsirini göstərib.
Ötən
il magistral neft kəmərləri ilə 50 milyon ton neft nəql
edilib. Magistral qaz kəmərləri ilə isə 17,3 milyard
kubmetr və ya 7,1 faiz çox qaz nəql edilib.
“İpək
yolu” nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində
50 milyon tondan çox yük, 205 milyon nəfər sərnişin
daşınıb.
Azərbaycanda
qeydiyyatda olan hüquqi və fiziki şəxslərin
dünyanın 147 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları apardığı qeydə
alınıb. Xarici ticarət dövriyyəsinin həcmi 28
milyard ABŞ dolları, o cümlədən, ixrac 21,3 milyard,
idxal 6,6 milyard dollar təşkil edib, 14,7 milyard dollarlıq
müsbət xarici ticarət saldosu yaranıb. 2009-cu illə
müqayisədə xarici ticarət dövriyyəsinin həcmi
34,1 faiz, o cümlədən, ixrac 45,1 faiz, idxal 7,8 faiz
artıb.
Maliyyə-bank sektoru inkişaf edir
Cari il
yanvarın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları
tərəfindən hüquqi və fiziki şəxslərə
verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 9 faiz və ya 756 milyon
manat artaraq, 9 milyard manatı ötüb.
Kredit
qoyuluşunun 42,6 faizi dövlət, 55,3 faizi özəl
banklar, 2,1 faizi isə qeyri-bank kredit təşkilatları tərəfindən
həyata keçirilib. Verilmiş kreditlərin 72 faizini
uzunmüddətli kreditlər təşkil edib, 5,4 faizinin
ödənilmə vaxtı keçib.
Ölkəmizin
qarşısında duran başlıca vəzifə
iqtisadiyyatın bundan sonra da sürətlə inkişaf
etdirilməsi, siyasi islahatların keçirilməsi, ölkənin
modernləşdirilməsidir. Son illərdə bu istiqamətdə
çox iş görülüb. Ən başlıcası isə,
qəbul edilmiş qərarlar və qanunlar, nəzərdə
tutulan strategiya düzgün aparılır.
Azərbaycan
Prezidenti İlham Əliyevin sözləri ilə desək, ilk növbədə,
iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar,
modernləşmə, enerji sektorundan
asılılığın azaldılması, təhsilə,
güclü sosial siyasətə diqqət yetirilir.
Elçin Bayramlı
Səs.- 2011.- 5 may.- S. 2.