Müasir İncəsənət Muzeyində “Sənət inciləri” adlı sərgi açılıb

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub

 

Mayın 4-də Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə Bakıdakı Müasir İncəsənət Muzeyində “Sənət inciləri” adlı maraqlı sərgi açılmışdır.  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva sərgi ilə tanış olmuşdur.

“Van Cleef & Arpels” şirkətinin tarixi sənət kolleksiyasının və azərbaycanlı Əməkdar Rəssam Əliyar Əlimirzəyevin biri-digərindən maraqlı əsərlərinin təqdim olunduğu sərgidə “Van Cleef & Arpels” Evinin prezidenti Stanislas de Kersiz, Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret, tanınmış kinoaktrisa Katrin Denev, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri açılış mərasimində iştirak etmişlər.

Məşhur “Van Cleef & Arpels” şirkəti 1896-cı ildə Parisdə yaradılmışdır. Şirkətdə hazırlanan zərgərlik məmulatı dünyada sənət inciləri kimi tanınır. XX əsrin əvvəllərində hind maharacalarından tutmuş Vindzor hersoginyası və kral ailəsinin üzvü, zəngin və nüfuzlu Qreys Kelli və Hollivud ulduzlarına qədər çoxları zəriflik və incəliyinə görə “Van Cleef & Arpels” şirkətinin zərgərlik məmulatına üstünlük vermişlər. Şirkətin tarixi kolleksiyası dünyanın ən tanınmış muzeylərində nümayiş olunur.

Müasir İncəsənət Muzeyində açılan sərgi “Van Cleef & Arpels”in yaradıcılıq dünyasının əsasını təşkil edən dörd əsas mövzuya həsr olunmuşdur: Təbiət, Şərq dünyası, yüksək moda və görünməz çərçivə. Sərgidə hər bir mövzu xüsusi çalara malik ayrıca sahə üzrə təqdim edilmişdir.  Bildirilmişdir ki, “Sənət inciləri” sərgisi eyni yaradıcı ideyanı paylaşan iki fərqli ifadə tərzini bir araya gətirməklə Fransa və Azərbaycan arasında mədəni dialoqu nümayiş etdirir. Bu yaradıcı ideyanın bir qolu “Van Cleef & Arpels”in məhsullarında, digər qolu isə Azərbaycan rəssamı Əliyar Əlimirzəyevin əsərlərində təcəssüm tapmışdır. Buna görə də həm Ə.Əlimirzəyevin əsərləri, həm də “Van Cleef & Arpels”in nadir sənət nümunələri bir-birini heyrətamiz şəkildə tamamlayır.

Sərgi ilə tanışlıq zamanı tanınmış fransız kinoaktrisası Katrin Denev Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verdi ki, Asiya və Şərq “Van Cleef & Arpels” üçün ən sevilən mövzulardan biridir. Həmin mədəniyyətlərin arxitekturası, tətbiqi və dekorativ incəsənəti “Van Cleef & Arpels”in məhsullarının orijinallığına və nadirliyinə güclü təsir göstərmişdir. Bu tanınmış brendin kolleksiyasındakı əksər əsərlərin ustaları “Min bir gecə” nağıllarının sehrli, sirli və valehedici dünyasından, Böyük İpək yolu barədə əfsanələrdən ilham almışlar. Bir çox imperiyaların cah-cəlalı məhz bu zərgərlik nümunələrində canlandırılır. Rəngbərəng daşlardan ibarət olan bu sənət nümunələri Misir ehramlarını, fironlar dövrünü xatırladır.  Təbiətin əsrarəngiz gözəlliyi 1920-ci ildən başlayaraq “Van Cleef & Arpels”in əsas ilham mənbələrindən biri olmuş, brendə dünya şöhrəti qazandırmışdır. Naturalizm ruhu ilə bədii zövq azadlığını özündə əks etdirən bu nadir nümunələr zərifliyi və incəliyi ilə seçilir. Təbiətin sonsuz möcüzələrini əks etdirən əsərlər bu gün də brendin ən çox müraciət etdiyi mövzulardan biri olaraq qalır, flora və faunanı zərgərlik sənətinin yeni kolleksiyalarında uğurla əks etdirir.

“Van Cleef & Arpels” brendi gözəllik və zövqlü dəb ilə sıx bağlıdır. Bu, təsadüfi deyildir. Çünki Fransanın paytaxtı dəbin və gözəlliyin mərkəzi sayılır. “Van Cleef & Arpels” bir sıra aksessuarların yaradılmasına ilham vermişdir. Axşam əl çantaları, minodyerlər, portsiqarlar brendin ən tələbkar və zövqlü müştərilərini cəlb edir.

“Van Cleef & Arpels” yarandığı gündən daim mükəmməllik axtarışında olmuş və qiymətli daşların gözəlliyini daha da artırmağa çalışmışdır. Lakin bu məsələnin həllində şirkətin mütəxəssisləri çətinliklə də rastlaşmışlar. Belə ki, zinət əşyalarının çərçivəsinin ağırlığı ən yüngül məmulat üçün belə problemə çevrilirdi. İxtiraçı zərgərlər uzun müddət metal korsetləri görünməz çərçivələrlə əvəz etmək axtarışında olmuşlar. Nəhayət 1933-cü ildə gözə görünməyən əfsanəvi çərçivənin yaradılması uğurla nəticələnmişdir. Bunun sirri isə son dərəcə nazik olan qızıl tordur. Həmin torun konturu ilə daşlar dəqiqliklə bərkidilir. Bu eksklüziv bərkitmə texnikası daşların bütün gözəlliyini, təkrarolunmazlığını, yüngüllüyünü və parlaqlığını nümayiş etdirməyə imkan verir. Gözə görünməyən çərçivə bu gün də brendin fəxridir və bir nəsildən digərinə ötürülür.

“Van Cleef & Arpels”in zinət əşyaları ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəssam Əliyar Əlimirzəyevin əsərlərinə baxdı. Rəssamın kompozisiyaları yuxu kimi paradoksaldır, onun gözlənilməz, parlaq, solğun boyalarının rəngarəngliyinə həm də bir qədər melanxoliya qatılır. Bu sehrli ekspressionizm Şərq nağıllarını xatırladır. Məhz buna görə də rəssamın əsərləri və “Van Cleef & Arpels”in məhsulları ideya ifadəsinə görə bir-birini tamamlayır.

Əliyar Əlimirzəyev 2004-si ildə Parisdə “Grands et Jeunes” Beynəlxalq sərgisində “Qran-pri” mükafatına layiq görülmüşdür. Rəssam “Van Cleef & Arpels” brendinin zərgərlik məhsullarının bənzərsiz naxışlarından ilhamlanaraq qadın ilə cəvahirat arasındakı bağlılığı yaradıcı təxəyyülünün süzgəcindən məharətlə keçirərək bir sıra orijinal əsərlər yaratmışdır. Onun yaradıcılığı yüksək fantastik təxəyyüllə fiqurativ yanaşmanı özündə birləşdirir. Rəssamın əsərləri Moskva, Paris, Vaşinqton, Kopenhagen, Seul, Pekin, İstanbul, Berlində nümayiş olunur və müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Müasir İncəsənət Muzeyində açılan bu sərgidə nümayiş olunan əsərlərin leytmotivini qısaca belə ifadə etmək olar: zərifliyi və gözəlliyi vəhdətdə təcəssüm etdirən incəsənət nümunələri.

Nadir sənət nümunələrinin nümayiş olunduğu ekspozisiya sərgiyə gələnlərdə böyük maraq doğurmuşdur. Sərgi iyunun 5-dək davam edəcəkdir.

 

 

Səs.- 2011.- 5 may.- S. 3.