"Tarix və müasirlik: XXI
əsrin çağırışlarına cavab"
Bu mövzuda Yeni Azərbaycan
Partiyası Qadınlar Şurası Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümü
münasibətilə tədbir keçirdi
Dünən Yasamal rayon icra hakimiyyətinin akt zalında "Tarix və müasirlik: XXI əsrin çağırışlarına cavab" mövzusunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirdi. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin foyedəki büstü önünə əklil qoydular.
Sonra rayon icra hakimiyyətinin akt zalında keçirilən mərasimi giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva Ulu Öndərin yubileyinin böyük təntənə ilə qeyd edilməsini Ümummilli Lider Heydər Əliyevə el məhəbbətinin təzahürü adlandırdı. N.Əliyeva bildirdi ki, azərbaycançılıq məfkurəsini sistemli şəkildə həyata keçirən Ulu Öndər müstəqilliyimizin möhkəmlənməsi naminə göstərdiyi misilsiz xidmətləri ilə müasir Azərbaycanın tarixini yaratdı: "Onun müəyyənləşdirdiyi siyasətin uğurlarını gündəlik həyatımızda hiss edən biz qadınların bir arzusu, bir istəyi var: Azərbaycanın sabahı daha qüdrətli, daha möhtəşəm olsun. Dağlıq Qarabağ münaqişəsi sülh və danışıqlar yolu ilə həllini tapsın, cavanlarımızın qanı bir daha axıdılmasın, ərazi bütövlüyümüz təmin olunsun. Bu işlərin yerinə yetirilməsi üçün bizi çağırışları ilə gələcəyə səsləyən əsrin səsini ürəkdən dinləyərək, Heydər Əliyev irsini davam etdirən Prezident İlham Əliyevə dəstək olmaq üçün bütün varlığımızla çalışmalıyıq. Bu çağırış ölkəmizin tərəqqisi, intibahı üçün geniş imkanlar açır. Biz fəal olmalı, vətəndaş mövqeyimizi əməli işimizlə bildirməliyik. Fəaliyyətimizi hansı istiqamətdə qurmalı sualı hər kəsi düşündürməlidir".
N.Əliyeva Ulu Öndərin azərbaycançılıq məfkurəsinin əsasını təşkil edən "Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür" sözlərinin hər bir azərbaycanlı üçün vətənə bağlılıq simvolu olduğunu vurğuladı: "Başqa sözlə deyilsə, xalqın və vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir".
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, professor Rəbiyyət Aslanova çıxışında Ümummilli Lider Heydər Əliyevin bu yöndə apardığı siyasətin başlıca istiqamətlərindən bəhs edərək, vurğuladı ki, qloballaşan dünyamız xalqların həyatını müəyyənləşdirən hadisələr sistemi ilə zəngindir. Hər bir millətin və xalqın taleyi XXI əsrin çağırışını hansı səviyyədə cavablandırmasından çox asılıdır. "Planetimizdə 250 dövlətdən 220-i beynəlxalq hüququn üzvüdür. 2000 xalq, 2500-dən artıq etnos var. Bu sırada güclü və qüdrətli dövlət olmaq o qədər də asan deyil" söyləyən R.Aslanova bildirdi ki, bu gün dünya dövlətləri arasında nüfuzu, rolu ilə seçilən Azərbaycan, məhz Heydər Əliyev ideyaları, siyasəti nəticəsində öz yolunu müəyyənləşdirmiş və lider dövlətə çevrilmişdir: "Arxada qalan 20 ildə əldə olunan nailiyyətlər müəyyən çətinliklərə sinə gərmək bacarığıdır. Bu qüdrəti Azərbaycan xalqına bəxş edən Ulu Öndərin qətiyyəti, müdrik siyasəti oldu. Yaşadığı dövrün siyasi xarakterindən asılı olmayaraq, hər bir nəsil tarixinə söykənərək gələcəyini müəyyənləşdirir. Heydər Əliyev siyasətinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə sadiqlik Azərbaycanın demokratik inkişaf yolunun bələdçisi oldu".
Milli Məclis Sədrinin müavini Bahar Muradova Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərkən, xüsusən, ONUN adı ilə bağlı olan, 20 illik müstəqilliyimizin 19 ilini iqtidarda olan YAP-ın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolundan bəhs etdi: "Tarixilik və müasirlik məfhumuna Heydər Əliyev müdrikliyi baxımından yanaşmaq lazımdır. Qloballaşan dünyada çağırışlar çox olsa da, bu çağırışı hansı səviyyədə cavablandırmaq böyük və kiçik olmaq baxımından müxtəlif xalqlar üçün fərqli ola bilər. Amma Heydər Əliyev ideyalarının təntənəsi subut edir ki, Azərbaycan, həmişə olduğu kimi, yaşadığımız yüzillikdə də varlığını, müstəqilliyini, milli-mənəvi dəyərlərini qoruyacaq".
Tədbirdə çıxış edən Z.Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva, ATU-nun müəllimi, tibb elmləri namizədi Gülarə Həsənquliyeva, ADMİU-nun müəllimi Məryəm Əlizadə, "Lider" televiziyasının əməkdaşı Mətanət Ağamirli Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlarından, Azərbaycanın dünya birliyində getdikcə möhkəmlənən rolundan danışdılar.
RƏFİQƏ
HÜSEYNOVA
Səs.- 2011.- 5 may.- S. 6.