Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bu gününün və gələcəyinin qarantıdır

 

"Səs" qəzeti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə dəyirmi masa keçirdi

 

Ölkəmizdə və ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrlə, əlamətdar tarixi günlərlə bağlı "Səs" qəzeti tərəfindən ənənəvi olaraq dəyirmi masalar təşkil edilir. Budəfəki dəyirmi masanın də mövzusu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuşdur. Dəyirmi masada Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin üzvü, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, millət vəkili, "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı iştirak edirdi.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, ilk növbədə, qonaqlara bu dəyirmi masada iştirakına görə, kollektiv adından təşəkkürlərini çatdırdı. Bildirdi ki, "Səs" qəzeti ənənəvi olaraq, ən aktual məsələlərlə bağlı daim dəyirmi masalar keçirir. B.Quliyev bugünkü dəyirmi masanın Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğunu qonaqların diqqətinə çatdırdı. Vurğuladı ki, bu dəyirmi masada iştirak etmək üçün dəvət olunanlar vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin dövlət qruculuğu missiyasını yerinə yetirərkən Onun yanında olan və böyük, əzəmətli işlərdə yaxından iştirak edən şəxslərdir. Baş redaktor Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olmaqla yanaşı, Onun minilliklərlə zəngin olan Azərbaycan xalqının milli dəyərlərini özünə qaytardığını da diqqətə çatdırdı. "Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə həmişə böyük sevgi və məhəbbətlə yanaşıb. Çünki Ulu Öndərimiz Heydər Əliyev xalqının, dövlətinin ən çətin anlarında Özünün zəngin siyasi təcrübəsini və möhkəm iradəsini nümayiş etdirərək, onu bütün bəlalardan xilas edib. Təsadüfi deyil ki, xalqımız Ulu Öndər Heydər Əliyevə böyük xilaskar kimi, dahi şəxsiyyət kimi ölməz məhəbbətlə yanaşır. Bu isə millətin öz Liderinə olan sonsuz sevgisindən və sədaqətindən irəli gəlir. Eyni zamanda, bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Prezident İlham ƏliyevİN həyata keçirdiyi əzəmətli işlər, atmış olduğu uğurlu addımlar da xalqın Liderinə olan münasibətində bir daha özünü təzahür etdirir. Çünki Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə, bu gün isə Prezident İlham Əliyevə böyük sevgi ilə yanaşaraq, daim Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasəti dəstəkləməklə öz gələcəyini sağlam və sarsılmaz prinsiplər üzərində görmək niyyətini ortaya qoymuş olur" - deyən B.Quliyev dəyirmi masa iştirakçılarına Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında zəngin irsindən söhbət açmaqla oxuculara bir daha bu Dahi Şəxsiyyətin əzəmətinin çatdırılmasının vacibliyini vurğuladı.  

 

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində xüsusi bir dövr hesab olunur

 

"Səs" qəzetinin əməkdaşı:

-Novruz müəllim, istərdik ki, Ulu Öndər Heydər Əliyev sayəsində Azərbaycanın xarici siyasətində əldə etmiş olduğu böyük uğurlardan bəhs edəsiniz.

  

Novruz Məmmədov:

- İlk növbədə, belə bir dəyirmi masanın təşkilinə və dəvətinizə görə sizə təşəkkürümü bildirirəm. Çünki bugünkü dəyirmi masa çox mötəbər və dəyərli bir məclisdir və "Səs" qəzetinin hər dəfə ənənəvi olaraq, dəyirmi masalar təşkil etməsini çox yüksək qiymətləndirirəm. Ona görə ki, bu dəyirmi masalarda Azərbaycanın bütün daxili və xarici siyasəti müzakirə mövzusu olur. Zaman bizi bir qədər Ulu Öndər Heydər Əliyevdən ayırsa da, ruhən Ona daha da yaxınlaşırıq. İnsanlar bilir ki, hər zaman həqiqətə tərəf getmək lazımdır. Ümummiilli Liderin hakimiyyətə gəlişini Azərbaycan tarixində xüsusi bir dövr hesab edirəm. Ona görə də, bu istiqamətdə biz Onu nə qədər yada salsaq, haqqında danışsaq, seçdiyi yolu müzakirə etsək bu bizim üçün, dövlətimiz, dövlətçiliyimiz üçün həmişə faydalı olacaq. Azərbaycan xalqının keçmişindən bu günə qədərini təhlil etsək, onun böyük bir xalq olduğuna heç bir şübhə yoxdur. Bu xalqın dövlət qurmaq dövlətçiliyini formalaşdırmaq cəhdləri tariximizdə çox olubdur. Lakin XX əsrin sonlarında bu, yeni cəhd olmuşdur. Yəni XX əsrin sonlarında Azrbaycan dövlətinin müstəqilliyinin qurulması prosesi başlamışdır. XXI əsrin əvvəllərində gedən proselərə nəzər salsaq, bu dövrdə dövlətçiliyi və dövləti qurub yaşatmağın daha çətin bir vəzifə olduğu göz qabağında olubdur. Lakin Azərbaycanın və bu millətin taleyində sanki Tanrının xüsusi xeyir-duası oldu. Bu zaman dövlətçiliyin başında Dahi Öndər Heydər Əliyev dayandı. O, bu yolu, əqidəni elə formalaşdırıb, bizim qarşımızda elə bir vəzifə qoydu ki, bundan sonra dövlətimiz və dövlətçiliyimizin müstəqilliyinə heç bir şübhə qalmasın. Bizim də borcumuz bunu davam etdirməkdir.

 

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev xüsusi unikal keyfiyyətlərə malik insan idi

 

"Səs" qəzetinin əməkdaşı:

- Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə çalışmış bir şəxs kimi Onun əzəmətini bugünkü gəncliyə necə xarakterizə edərdiniz?

 

Şahlar Əsgərov:

- Mən də öz növbəmdə, "Səs" qəzetinə belə bir dəyirmi masanın təşkilinə görə təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, kütlə heç zaman ideya sahibi deyil, ancaq ideyanın icraçısı ola bilər. 90-cı illərdə müraciətlərə Ulu Öndər Heydər Əliyev oktyabrın 21-də imza atmaq istəyəndə dövlət çevrilişinə cəhd olundu. O zamankı hakimiyyət bütün resurslardan istifadə edərək, Ümummilli Lider Heydər Əliyevə zərbə vurmaq istəyirdi. Bu zaman naxçıvanlılar Naxçıvan MR-in Ali Məclisini dövriyyəyə aldılar və Ulu Öndəri qorudular. Beləliklə, xalq Ulu Öndər Heydər Əliyevə kömək etdi. Eyni zamanda, son yüzillik tariximizdə Ulu Öndər Heydər Əliyevə bərabər ikinci bir rəhbərimiz olmayıb. Tarixə diqqət yetirsək, çox asanlıqla görərik. Çünki Ulu Öndər Heydər Əliyev indiyə qədər olmayan dövlət maşınını qurdu. Dövlət maşını quran adamlar adətən tarixin yaddaşında qalırlar və ona görə, ilk olaraq, Ulu Öndərə tarixi şəxsiyyət ünvanını mən verdim. Göstərdik ki, O, dahi bir şəxsiyyətdir. Bu dövlətin daimi olması üçün həm dövlət təsisatları yaranıbdır, həm də ideologiya yaranıb. Ulu Öndər Heydər Əliyevin nəinki dövlətə, Azərbaycan cəmiyyətinə, hətta fərdlərə də çox böyük qayğı ilə yanaşırdı. O zaman Azərbaycanın dövlət müstəqilliyinin yaranmasında insanlara da qayğısı çox böyük idi. Çünki Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev xüsusi unikal keyfiyyətlərə malik insan idi.

 

Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti və fəaliyyəti təkcə Azərbaycanın etnocoğrafiyası ilə məhdudlaşmır

 

Hikmət Babaoğlu:

- Belə bir vacib dəyirmi masanın təşkilinə yüksək qiymətləndirirəm. Çünki burada çox maraqlı müzakirələr gedir. Daha doğrusu, tarixə qayıdırıq. Bu dövrdə adətən Azərbaycan mətbuatı və cəmiyyəti böyük tarixi şəxsiyyət, Ulu Öndər, Ümummilli Lider kimi səciyyələndirir. Əlbəttə ki, bu, tamamilə doğrudur. Amma hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevi, eyni zamanda, Ümummilli Lideri ümumbəşəri keyfiyyətləri ilə bağlı da səciyyələndirmək lazımdır. Çünki Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti və fəaliyyəti təkcə Azərbaycanın etnocoğrafiyası ilə məhdudlaşmır. Bu, ən azından bütün postsovet məkanını əhatə edirdi. Hesab edirəm ki, Onu nə qədər Ümummilli Lider kimi səciyyələndiririksə, bir o qədər də, ümumbəşəri xüsusiyyətlərə malik Bir Siyasətçi kimi səciyyələndirməliyik. Əgər Ulu Öndər Heydər Əliyevin sırf dövlət quruculuğunu təhlil etsək, Onun fenomen şəxsiyyət olduğunun bir daha şahidi oluruq. Ümummilli Lider Heydər Əliyev, həmçinin, çox böyük ideoloq idi. Onun Azərbaycana rəhbərlik etdiyi dövrü ayrıca bir era kimi xarakterizə etmək lazımdır. Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevşünasların tədqiq edəcəkləri cəhət məhz bu istiqamətlər olmalıdır. Onun fəaliyyətini daha qlobal müstəvidə təhlil etməliyik, öyrənməliyik ki, bu insanın nə qədər böyük olduğunun bir daha şahidi olaq. Ulu Öndər Azərbaycan dövlətinin qurucusudur. Dövlət quruculuğu prosesi 1993-cü ildən deyil, 1969-cu ildən başlayır. Ulu Öndər Heydər Əliyev erasını Azərbaycan tarixində mərhələlərə bölsək, bunun fundament əsasını biz hələ Onun Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etdiyi dövrdə görə bilərik. Azərbaycançılıq ideologiyasının kökü məhz oradan başlayır. Ulu Öndərimiz Heydər Əliyevə qədər heç bir azərbaycanlının rəhbərlik etmədiyi MTN artıq antiazərbaycançı qüvvələrlə dolu idi. Ulu Öndər məhz buradan başladı və ilk növbədə, MTN-i azərbaycanlılaşdırmağa nail oldu. İlk növbədə, azərbaycançılıq deyəndə, Bakı azərbaycanlılaşdırıldı və azərbaycançılığın da əsasını bu təşkil etdi. O zamanlar Dərbənd kimi Bakını da neft şəhəri kimi Rusiyanın tərkibində görmək istəyənlər vardı. Hətta o vaxtlar bu məsələlər nəzərdən keçirilirdi. Məhz buna görə də Bakının azərbaycanlılaşdırılması, regionlardan gənclərin şəhərə gətirilməsi məhz Ulu Öndərin sayəsində oldu. Bu böyük bir fəaliyyət sahəsidir. Ulu Öndərin dahiliyi onda idi ki, həm ideya verirdi, həm onu ideologiyaya çevirirdi və mənimsənilməsini təmin edirdi.

 

Ulu Öndər Heydər Əliyev cəmiyyətin bütövlükdə inkişaf etməsi üçün qadınlara dəstək verməyi və onların fəaliyyətini inkişaf etdirməyi vacib sayırdı

 

"Səs" qəzetinin əməkdaşı:

- Ümummilli Liderimizinin qadınlarla bağlı, gender bərabərliyinin təmin edilməsi üçün atmış olduğu addımlardan bəhs edərdiniz.

 

Gövhər Baxşəliyeva:

- İlk öncə, Ulu Öndər Heydər Əliyevlə bağlı belə bir dəyirmi masanın təşkilinə görə təşəkkürlərimi çatdırıram. Əlbəttə ki, Ulu Öndərimizin Onun gördüyü işlər çox möhtəşəmdir. Konkret olaraq, gender məsələsi ilə bağlı danışmaq istərdim. Ulu  Öndərin  bütün ömür boyu qadınlara xüsusi hörmət və ehtiramı açıq-aşkar hamı tərəfindən müşahidə olunurdu. Azərbaycanın istər əvvəlki, istərsə də, sonrakı, müstəqillik dövrlərində qadınlarımızın yeni-yeni zirvələr fəth etməsi Ulu Öndərimiz Heydər Əliyevin gördüyü işlərlə bağdıdır. Əslində, Ümummilli Liderin bu hərəkatı formalaşmasının əsasında, həm də onun inkişafında müstəsna xidmətləri var. Çünki dahi şəxsiyyətin gənclərə, qadınlara münasibəti çox yaxşı idi. İlk növbədə, istənilən insanın və cəmiyyətin mədəniyyət səviyyəsi onun qadına münasibəti ilə ölçülür. Ulu Öndər Heydər Əliyev  daim başa düşürdü ki, cəmiyyətin bütövlükdə inkişaf etməsi üçün qadınlara dəstək vermək, inkişaf etdirmək lazımdır. Gələcək nəsli də yüksək savadlı görnək     cəmiyyətdə daha yararlı tərbiyə etmək üçün vətəndaşı tərbiyə edən anaya kömək etmək lazımdır. Bu isə Ulu Öndər Heydər Əliyevin yüksək intellektual, yüksək ziyalı potensialından irəli gələn və vətənpərvərlik duyğularından yaranan bir məsələ idi. Daha sonra sovet dövründə yenə də dövlət - qadın siyasətinin formalaşmasının əsasını da Ulu Öndər qoydu. Onun tərəfindən qadın komitəsi yaradıldı və orada dövlət qadın siyasəti bütövlükdə öz həllini tapdı.

 

Müasir gənclik Ulu Öndər Heydər Əliyevin yaratmış olduğu və durmadan inkişaf edən bir ölkədə yaşamaqdan böyük qürur duyur

 

Ceyhun Osmanlı:

- İlk öncə, "Səs" qəzetinə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə belə bir vacib dəyirmi masanı təşkil etdiyinə görə təşəkkürümü bildirirəm. Burada məndən öncə çıxış edən natiqlər də qeyd etdilər ki, bu redaksiyada artıq ənənəvi formada belə dəyirmi masalar təşkil edilir. Onu da qeyd edim ki, budəfəki dəyirmi masa ölkə müstəqilliyimizin ildönümü ərəfəsinə təsadüf etdiyi üçün də xüsusi əhəmiyyət kəsb edir. Gənclərin müstəqillik kontekstindən bu məsələyə yanaşsaq, görərik ki, bu gün gənclər tək Ulu Öndəri xatırlayır və təsdiq edirlər ki, O, Azərbaycana müstəqillik gətirib və müstəqil gənclər siyasətinin əsasını qoyub. İlk növbədə, ona görə ki, bu gün Azərbaycanın gəncləri müstəqil və durmadan inkişaf edən bir ölkədə yaşamaqdan böyük qürur duyurlar.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti və Onun güclü gənclər siyasəti bu gün nəinki ölkə hüdudları daxilində hətta beynəlxalq arenada da öz layiqli yerini tutmuşdur. Çünki Ümummilli Liderin uğurlu siyasətini böyük əzmlə davam etdirən Prezident İlham Əliyev müasir Azərbaycan gəncliyinin qarantı olaraq, onun ən böyük uğurlar əldə etməsini, qələbələrə nail olmasını təmin etmiş olur. Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi proseslərində böyük aktivlik nümayiş etdirərək, Ulu Öndər Heydər Əliyev zəkasına, Onun müdrikliyinə arxalanaraq, zirvlərə doğru sürətlə irəliləməkdədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasəti müasir və güclü Azərbaycanın gələcəyə hesablanmış və düşünülmüş addımları gəncliyin qürur mənbəyinə çevrilmişdir. Ona görə də, bu cür zəngin dəyərlərdən ruhlanan Azərbaycan gəncliyi özünü layiqli formada tərənnüm etməklə yanaşı, beynəlxalq arenada da milli dövlətçilik maraqlarımızı ən yüksək formada tərənnüm etməkdədir. Bu isə, təbii ki, Ulu Öndər Heydər Əliyevin zəngin ideyalarına, Onun hələ sovet dönəmində belə Azərbaycan gəncliyinə verdiyi böyük qiymətə əsaslanır.

 

 (Ardı var)

 

 

Aylana Rzayeva

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 5 may.- S. 8-9.