Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş rəsm və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş rəsm və şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirildi. Komitə sədri Əli Həsənov tədbirdə çıxışı zamanı müstəqil Azərbaycan dövlətinin qurulmasının birbaşa Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi: "Azərbaycan xalqını rəzalətdən, vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas edən Ulu Öndər bizə sabit inkişafı təmin edilmiş bir dövlət miras qoyub. Bu dövlət hər ili başa vurduqca, yaşının üstünə yaş gəldikcə, onun hər uğurunun üzərinə yeni uğur əlavə edildikcə, Heydər Əliyev yaşayacaq". Ə.Həsənov onu da qeyd etdi ki, respublikamızın hər yerində Ümummilli Liderimizin doğum günü ilə bağlı tədbirlər keçirilir: "Bugünkü rəsm və şeir müsabiqəsi də Ulu Öndərimizin doğum gününə həsr olunub. Müsabiqəyə məktəblilərin 70-dən çox rəsm əsəri, 65 şeiri təqdim olunub. Rəsm və şeir müsabiqəsinin hər birində birinci yer üçün 300 manat, ikinci yer üçün 200 manat, üçüncü yer üçün isə 150 manat məbləğində mükafat müəyyən olunub". Sonda müsabiqə qalibləri mükafatlandırılıb. Rəsm müsabiqəsi üzrə birinci yerə Xocavənd rayon sakini Şəlalə Mahir qızı İlyasova, ikinci yerə Zəngilan rayon sakini Əfsanə İlqar qızı Vəliyeva, üçüncü yerə isə Cəbrayıl rayon sakini Mehdi Hacı oğlu Abıyev layiq görülüb. Şeir müsabiqəsi üzrə isə birinci yerə Xocalı rayon sakini Əsmər İnqilab qızı Baxışlı, ikinci yerə Ağdam rayon sakini Pərvin Hüseyn qızı Şükürlü, üçüncü yerə isə Şuşa şəhər sakini Fidan Sadiq qızı Abbasova layiq görülüb.

 

 

Rəfiqə Hüseynova

 

Səs.- 2011.- 6 may.- S. 7.