Nəsimi rayonunda Gül bayramı keçirildi
Dünən Nəsimi rayonunun S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar ənənəvi Gül bayramı keçirildi. Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Gül bayramı öz gözəlliyi, möhtəşəmliyi ilə seçilirdi. Bayrama hazırlıq dövründə rayon ərazisində aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri çərçivəsində hər həftə iməciliklər aparılıb, minlərlə yeni ağac və gül kolları əkilib, əvvəl əkilən yaşıllıqlara qulluq göstərilibdir.
Tədbiri Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq, hamını bayram münasibətilə təbrik etdi. N.Məhəməliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən geniş söhbət açdı. 1990-cı illərin əvvələrində bir sıra çətin sınaqlarla üzləşdiyini bildirən Nəsimi rayon icra başçısı Ulu Öndər Heydər Əliyevin həyata keçirmiş olduğu daxili və xarici siyasət nəticəsində xalqımızın öz milli müqəddəratını həll etdiyini vurğuladı. Qeyd etdi ki, Ulu Öndərin 34 ildən artıq Azərbaycan dövləti və xalqı üçün etdiyi xidmətlərin alternativi yoxdur. Bütün mənalı ömrünü xalqına və onun firavanlığına həsr etmiş Ümummilli Liderimizin həyat şəcərəsinin bu gün və gələcək üçün böyük örnək olduğunu söyləyən N.Məhəməliyev hər bir azərbaycanlının qəlbində öz böyük liderinə dərin məhəbbətin yaşadığını vurğuladı: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil və suveren Azərbaycan dövləti bu gün Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən daha əzmlə və fəxarətlə qorunur, inkişafa doğru sürətlə irəliləyir".
Gül bayramında rayonun orta və orta ixtisas məktəblərinin, uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilirdi. Qeyd edək ki, bu gözəlliklər bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb edirdi. Həmin işlərdə 50 minə yaxın təbii güldən istifadə edilmişdi. Həmçinin, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 88 kiloqramlıq tort hazırlanmış və tədbir iştirakçılarına paylanmışdır.
Gül bayramında rayonun 5, 23, 54, 151, 152, 42, 46, 159 saylı məktəblərinin, 16, 75, 52, 92, 156, 22, 24, 29, 108, 76, 123, 23, 54 saylı uşaq bağçalarının, uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin nümayiş etdirdikləri gül kompozisiyaları və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri iştirakçılarda daha xoş təəssürat yaratdı.
Bayramda, həmçinin, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Ziyad Səmədzadə, rayonun idarə və təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edirdi. Onlar bağı gəzərək, maraqlı gül ekspozisiyaları ilə tanış oldular. Gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı kompozisiyalar, əl işləri onlara xoş təsir bağışladı.
Gül bayramı respublikanın tanınmış incəsənət xadimləri və müğənnilərinin böyük konsert proqramı ilə davam etdirildi.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 6 may.- S. 7.