Ümummilli Lider
Heydər Əliyev Azərbaycanın bu gününün və
gələcəyinin qarantıdır
"Səs" qəzeti Ulu
Öndər Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü münasibəti ilə dəyirmi masa
keçirdi
(Əvvəli ötən
sayımızda)
Ölkəmizdə
və ölkəmizin ictimai-siyasi həyatında baş verən
mühüm hadisələrlə, əlamətdar tarixi
günlərlə bağlı "Səs" qəzeti tərəfindən
ənənəvi olaraq dəyirmi masalar təşkil edilir. Budəfəki
dəyirmi masanın da mövzusu Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünə həsr olunmuşdur. Dəyirmi
masada Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov, Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü, Bakı
Dövlət Universitetinin professoru Şahlar Əsgərov,
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət
Babaoğlu, Milli Məclisin üzvü, Şərqşünaslıq
İnstitutunun direktoru Gövhər Baxşəliyeva, millət
vəkili, "İrəli" İctimai Birliyinin sədri
Ceyhun Osmanlı iştirak edirdi.
Dəyirmi
masanı giriş sözü ilə açan "Səs"
qəzetinin baş redaktoru Bəhruz Quliyev, ilk növbədə,
qonaqlara bu dəyirmi masada iştiraklarına görə,
kollektiv adından təşəkkürünü bildirdi. Dedi
ki, "Səs" qəzeti ənənəvi olaraq, ən
aktual məsələlərlə bağlı daim dəyirmi
masalar keçirir. B.Quliyev bugünkü dəyirmi masanın
Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünə həsr olunduğunu qonaqların
diqqətinə çatdırdı. Vurğuladı ki, bu dəyirmi
masada iştirak etmək üçün dəvət olunanlar
vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin dövlət
quruculuğu missiyasını yerinə yetirərkən Onun
yanında olan və böyük, əzəmətli işlərdə
yaxından iştirak edən şəxslərdir. Baş
redaktor Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan
dövlətinin banisi olmaqla yanaşı, Onun minilliklərlə
zəngin olan Azərbaycan xalqının milli dəyərlərini
özünə qaytardığını da diqqətə
çatdırdı. "Azərbaycan xalqı Ümummilli
Lider Heydər Əliyevə həmişə böyük sevgi
və məhəbbətlə yanaşıb. Çünki Ulu
Öndərimiz Heydər Əliyev xalqının, dövlətinin
ən çətin anlarında Özünün zəngin
siyasi təcrübəsini və möhkəm iradəsini
nümayiş etdirərək, onu bütün bəlalardan
xilas edib. Təsadüfi deyil ki, xalqımız Ulu Öndər
Heydər Əliyevə böyük xilaskar kimi, dahi şəxsiyyət
kimi ölməz məhəbbətlə yanaşır. Bu isə
millətin öz Liderinə olan sonsuz sevgisindən və sədaqətindən
irəli gəlir. Eyni zamanda, bu gün xalqımızın
Ümummilli Lideri Heydər Əliyev siyasətinin ən layiqli
davamçısı olan Prezident İlham Əliyev həyata
keçirdiyi əzəmətli işlər, atmış
olduğu uğurlu addımlar da xalqın Liderinə olan
münasibətində bir daha özünü təzahür
etdirir. Çünki Azərbaycan xalqı Ulu Öndər Heydər
Əliyevə, bu gün isə Prezident İlham Əliyevə
böyük sevgi ilə yanaşaraq, daim Yeni Azərbaycan
Partiyasının həyata keçirdiyi siyasəti dəstəkləməklə
öz gələcəyini sağlam və sarsılmaz prinsiplər
üzərində görmək niyyətini ortaya qoymuş
olur" deyən B.Quliyev dəyirmi masa
iştirakçılarına Ulu Öndərimiz Heydər Əliyevin
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında
zəngin irsindən söhbət açmaqla oxuculara bir daha bu
Dahi Şəxsiyyətin əzəmətinin
çatdırılmasının vacibliyini vurğuladı.
Ümummilli Liderimiz Heydər Əliyevin
qoyduğu təməl möhkəm, inamlı əllərdədir
"Səs" qəzetinin əməkdaşı:
- Novruz müəllim, Ulu Öndər
Heydər Əliyev hər bir sahənin inkişafını
elmi əsaslarla həyata keçirirdi. Bilmək istərdik ki,
Ümummilli Liderimizin dövlət idarəçilik sistemi
hansı prinsiplərə söykənirdi?
Novruz Məmmədov:
- Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycan dövləti üçün əsl uğur oldu. Ulu Öndər Heydər Əliyev qurduğu Azərbaycan dövlətinin yaşaması, uğurla inkişaf etməsi üçün lazım olan bütün addımları atdı və bu yolda müvəffəqiyyət qazandı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına bu dövləti qorumağı, yaşatmağı tapşırıb getdi. 1994-cü ildə sülh müqaviləsi çox ciddi məsələ idi. Bununla bağlı müxtəlif fikirlər söylənildi. 1994-cü ildən başlayaraq bizə qarşı olan dəstəyi də, hücumları da görürdük. O zaman çətin anlarda məhz Ulu Öndər Heydər Əliyev dühası lazım idi. Ümummilli Liderimiz Heydər Əliyev müdrikliklə, cəsarətlə bütün iradəsini ortaya qoyaraq, sentyabr ayında "Əsrin Müqaviləsi"nin imzalanmasını təsdiq etdi və bununla da hər şey həll olundu. Doğrudur, hər birimiz bilirdik ki, bundan sonra müxtəlif çətinliklər ortaya çıxacaq. Amma Ulu Öndər bu müqaviləni imzalayarkən dedi ki, nə olur-olsun, bu addımı atmalıyıq ki, ondan sonra ikinci addımı atmaq mümkün olsun. Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, 1997-ci ilin yanvar ayının 13-də Ulu Öndər Heydər Əliyevin Fransaya səfəri oldu. O vaxtlar Ulu Öndərimiz Heydər Əliyevin iş proqramı hər zamankı kimi çox sıx olurdu. Hətta gecə saat 12-də belə iş rejimi bitməzdi. Ulu Öndər Heydər Əliyev Fransada səfərdə olan zaman ATƏT-in Minsk Qrupuna həmsədrlik məsələsi gündəmdə idi. Əgər həqiqətən də, Ulu Öndər Heydər Əliyev olmasaydı, ATƏT-in Minsk Qrupunun həmsədrləri də olmazdı və ümumiyyətlə, bu prosesi təşkil etməyə təşkilatçı da olmazdı. Ümummilli Lider Heydər Əliyev çox balanslaşdırılmış bir siyasət yürüdürdü və bütün addımlarını da cəsarətlə, mərdliklə atırdı. Əslində, ölkə başçısı üçün həyati problemlər çox mürəkkəb və böyük bir yük idi. Ulu Öndərimiz bütün işlərin öhdəsindən asanlıqla gəlirdi. Ölkəmizin, xalqımızın maraqlarını düşünür, onu təmin etməyi, qorumağı bacaran bir siyasətçi, əsl dahi, təkrarolunmaz bir şəxsiyyət idi. Onun dövründə paytaxtımızda, eləcə də, rayonlarımızda nə qədər quruculuq-abadlıq işləri aparılırdı. Ulu Öndərimiz Heydər Əliyevdən sonra baş verən ən mühüm, önəmli hadisələrdən biri də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi oldu. Ümummilli Lider Heydər Əliyevin ideya və ideologiyasını Prezidentimiz İlham Əliyev bu gün çox məharətlə davam etdirir. Azərbaycana gələnlər burada baş verən hər şeyi bir möcüzə adlandırırlar. Bütöv, müstəqil, suveren məmləkətimiz olan Azərbaycanda nə qədər yeniliklər, proseslər gedir. Fəxrlə deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu təməl möhkəm və inamlı əllərdədir. Bu isə çox vacib məsələdir. Doğrudur, müəyyən bir müddətə qədər Azərbaycana müəyyən dəstək olundu, amma artıq bu gün Azərbaycanın o dəstəyə ehtiyacı yoxdur. Xalqımız müdrik xalqdır və öz dövlətini qorumağı da yaxşı bacarır. Onu da qeyd edim ki, bu gün bir çoxları tərəfindən səsləndirilən ərəb dünyasında baş verən iğtişaşları biz 1990-cı illərdə yaşamışıq. Artıq belə bir hadisəni Azərbaycan dövləti heç vaxt yaşamayacaq, heç bunu təkrarlamağa da cəhd göstərməsinlər. Ulu Öndər Azərbaycanı əsl fəlakətdən xilas etdi. Prezident İlham Əliyev də bütün iradəsini ortaya qoyaraq, Azərbaycanı inamla sabaha aparır, bu yolda hər birimiz Ona dəstək olmalıyıq.
Ümummilli Liderimiz
Heydər Əliyevin şah əsəri Yeni Azərbaycan
Partiyası və qurduğu müstəqil Azərbaycan
dövlətidir
Şahlar Əsgərov:
- Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə bir çox çətinliklərdən, sınaqlardan keçib. Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri Yeni Azərbaycan Partiyası və qurduğu müstəqil Azərbaycan dövlətidir. Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı Naxçıvan MR-də keçirildi. Konfransa Bakıdan və bölgələrimizdən də xeyli insan getmişdi. Ulu Öndər konfransda Azərbaycan xalqına Yeni Azərbaycan Partiyasının yaranmasını bəyan etdi. Burada bir maraqlı məqamı da diqqətinizə çatdırım ki, həmin bəyanatda Ulu Öndər Heydər Əliyev mentalitet sözünü də işlətmişdi. Sonralar parlamentdə də bildirdim ki, bu sözü leksikonumuza Ümummilli Liderimiz Heydər Əliyev gətirib. Çünki 1992-ci ilin 20 noyabrından əvvəl heç kəs mentalitet sözünü işlətməmişdi. Heç dövrü mətbuatda da, bu sözə müraciət olunmurdu. Onu da vurğulayım ki, Ulu Öndərimiz Heydər Əliyevin YAP-a diqqət və qayğısı çox böyük idi. Ümummilli Lider Heydər Əliyevin partiyaya diqqət və qayğısı çox böyük idi. Hər ay idarə heyətini qəbul edərdi. Bu gün fəxr edirik ki, elə bir Liderimiz olub. Bir faktı da vurğulayım ki, o vaxt YAP yarananda, çox adamlar heç partiyanın adını da bilmirdilər. İnsanlar daha çox Ulu Öndər Heydər Əliyev partiyasına üzv olmaq istəyi ilə addım atırdılar.
"Səs"
qəzetinin əməkdaşı:
- Hikmət müəllim,
burada vurğulandı ki, Ulu Öndərimiz Heydər Əliyev
həm də böyük bir müəllim idi. Bu gün Onun
varislik prinsipi necə həyata keçirilir?
Ulu Öndər
Heydər Əliyevin sayəsində Azərbaycanda azərbaycançılıq,
Yeni Azərbaycan Partiyasının ideologiyası da mənimsənildi
Hikmət
Babaoğlu:
- Ulu Öndər Heydər Əliyev siyasi və ideoloji varisliyi təmin etdi. Bu siyasi-ideoloji varislik isə, Azərbaycan dövlətçiliyinin ayaq üstə durmasını təmin etdi. Dövlətçiliyin qurulması, həqiqətən də, çox mürəkkəb və vacib bir prosesdir. İdeoloji təminatı isə bir o qədər vacibdir. Ən başlıcası isə o idi ki, Ulu Öndər Heydər Əliyev böyük təbliğatçı, müəllim idi. Ulu Öndər mühazirəni elə şəkildə oxuyurdu ki, auditoriyada iştirak edən hər bir dinləyici onu dərindən dərk edir, anlayırdı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunarkən, azərbaycançılıqla bağlı çox qızğın müzakirələr gedirdi. Bu məsələ ilə bağlı Ulu Öndər Heydər Əliyev sonda Azərbaycan ziyalılarını, şairlərini yığdı və orada azərbaycançılığın nə olduğunu elə bir formada izah etdi ki, bütün müzakirələrə son qoyuldu. Hər kəs bir daha Ulu Öndərin dahi şəxsiyyət kimi istedadına heyran oldu. Ulu Öndər Heydər Əliyev məqsədyönlü şəkildə bu çıxışları təşkil edirdi. O, bir təbliğatçı idi. Onun sayəsində Azərbaycanda azərbaycançılıq, YAP-ın ideologiyası da mənimsənildi. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev nəticə etibarı ilə Azərbaycan xalqının birliyini yaratdı. Ulu Öndər Heydər Əliyevin müəllim, təbliğatçı, siyasətçi kimi böyüklüyü, Dahiliyi ondan ibarət idi ki, çox qısa bir müddətdə bu prosesi başa çatdırdı. Azərbaycanın etnik ərazi vahidlərinə bölüşdürülməsinin qarşısını aldı. Çevik, seçilmiş üsullarla Dahi Öndər Heydər Əliyev bütün çətinliklərin öhdəsindən mərdliklə gəldi. Əslində, Prezident kürsüsü Ulu Öndər Heydər Əliyev üçün vəzifə deyildi. Bunların hamısı Dahi Öndərimiz üçün Azərbaycan xalqının maraqlarını təmin etmək yönümündə bir vasitə idi. Bu vasitələrdən istifadə edərək xalqımızın, dövlətimizin müstəqil, demokratik gələcəyini qurdu. Çünki Ulu Öndər Heydər Əliyev böyük Azərbaycan dövlətçiliyinin, xalqımızın birləşməsinin mücahidi idi.
Ulu Öndərin
- Heydər Əliyevin sayəsində bütün fəlakətlərdən
qurtulduq, ölkəmiz müsbət istiqamətdə
inkişaf etməyə başladı.
Gövhər
Baxşəliyeva:
- Ulu Öndər Heydər Əliyev haqqında çox danışmaq olar. Çünki Onun Azərbaycan dövləti üçün xeyirli, gərəkli əməlləri həddindən artıq çox olub. Bir elmi işçi, alim kimi hesab edirəm ki, Ulu Öndərimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətləri bu gün artıq monoqrafik bir tədqiqat obyektinə çevrilməlidir. Ulu Öndər Heydər Əliyev elə bir dövrdə hakimiyyətə gəldi ki, xalqımız çox pis vəziyyətdə idi. Ölkəmizə yadelli düşmən hücumlar edirdi, yeni-yeni torpaqlarımız işğal olunurdu, insanların sabaha ümidi azalırdı, tam məyusluq hökm sürürdü. Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün bu xaosa, dərəbəyliyə, özbaşınalığa, məğlubiyyətə, acınacaqlı günlərə birdəfəlik son qoyuldu. Artıq insanlar sabaha inamla, ümidlə baxmağa başladılar. Bu gün hər kəs bilir ki, biz azərbaycanlılar məhz bu dahi şəxsiyyətin, Ulu Öndərin sayəsində bütün bu fəlakətlərdən qurtulduq, ölkəmiz müsbət istiqamətdə inkişaf etməyə başladı.
Yaxşı azərbaycanlı
olmaq istəyən
şəxs "məhz Ulu Öndər Heydər Əliyev kimi
olmalıyam" ifadəsini işlədir
Ceyhun Osmanlı:
- Tarixi şəxsiyyətlərin yetərincə təhlil oluna bilməsi üçün zaman da önəmli faktordur. Ümummilli Liderimiz Heydər Əliyevin fəaliyyəti, gördüyü işlər bu gün hər kəsə açıq-aşkar şəkildə bəllidir. Ona görə də, bu gün Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyevi bütün gənclərimiz dəstəkləməlidir. Çünki anlamalıyıq ki, bu gün regionda, doğrudan da, müstəqil, demokratik bir dövlətik. Bu günün reallığına baxsaq, çox yaxşı görərik ki, Azərbaycanın bütün sərvətləri var və dövlətimiz onu düşündürən məsələlərlə qarşı-qarşıyadır. Bu gün dünya enerji təhlükəsizliyini müzakirə edir. Azərbaycan isə zəruri olan təbii sərvətlərlə zəngindir. Yəni bütün bu məqamları nəzərə alsaq, Azərbaycan dünyanın ən çətin regionunda yerləşir. Belə bir regionda müstəqil siyasət yürütmək, təbii ki, çox çətindir. Biz öz ölkəmizin Lideri olan Prezidentimiz İlham Əliyevi müdafiə etməli, dəstəkləməliyik. Çünki Prezident İlham Əliyevin Azərbaycanın bütün hədəflərini aydın şəkildə bilən bir siyasətə malik olduğunu bilirik. Böyük bir gənc nəsil yetişir və hər bir gənc ölkəsində baş verən proseslərin fərqində olmalıdır. Hər bir gəncimiz rasional düşüncəyə sahib olsa, hər bir addımını məntiqlə atsa, əlbəttə ki, bütövlükdə Azərbaycan cəmiyyəti elmə əsaslanan şüurlu bir cəmiyyət kimi daim inkişaf edəcəkdir. Bu baxımdan bu proseslərdə hər birimiz öz üzərimizə düşən əməlləri etməliyik. Yaxşı azərbaycanlı olmaq istəyən şəxs "məhz Ulu Öndər Heydər Əliyev kimi olmalıyam" ifadəsini işlədir.
Aylana Rzayeva,
Tapdıq Qurbanlı
Səs.- 2011.- 6 may.- S. 8-9.