Ulu Öndər Heydər Əliyevə həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Dünən "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin nəticələrinə dair mərasim keçirildi.

Milli Məclisin deputatlarının, tanınmış alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Nazir dövlətimizin başçısı İlham Əliyevin təhsillə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışdı.

Təhsil naziri onu da söylədi ki, ənənəvi olaraq, hər il davam etdirilən inşa yazı müsabiqəsi 2007-ci ildə Ulu Öndər Heydər Əliyevin 84-cü ildönümü münasibətilə təşkil olunub: "Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə üç mərhələdə (məktəb, rayon (şəhər), və respublika (yekun) keçirilib. Ümumtəhsil məktəblərinin VII-XI sinifləri arasında təşkil olunan müsabiqədə 700 minədək şagird iştirak edib. Müsabiqənin yekun mərhələsinə 97 məktəbli qatılıb. Nəticələrə əsasən, 3 nəfər I yerə, 4 nəfər II yerə, 6 nəfər isə III yerə layiq görülüblər. Müsabiqədə hər rayon və şəhəri sinfindən asılı olmayaraq 1 nəfər təmsil edir. Müsabiqədə peşə liseylərinin və ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri iştirak edir. Yekun mərhələ Bakı şəhərində təşkil olunur. Ulu Öndərin anadan olmasının 88-ci ildönümünə həsr edilən builki müsabiqənin yekun mərhələsi aprelin 24-də akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbində keçirilib".

Tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, belə müsabiqələr Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinə xidmət edir. Ə.Əhmədov Ulu Öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini xatırlatdı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev irsini öyrənməklə gənclər vətənpərvərlik ruhunda tərbiyə olunurlar: "Çünki Heydər Əliyev böyük vətənpərvər idi. Heydər Əliyev irsini öyrənməklə gənclər vətəndaş kimi formalaşırlar. Heydər Əliyev irsini öyrənən gənclərimiz Azərbaycançılıq məfkurəsini mənimsəyirlər. Bu müsabiqə Ulu Öndər Heydər Əliyevin zəngin irsini öyrənməklə, bərabər həm də Azərbaycanın gənc nəslində dövlətçilik təfəkkürünün formalaşmasına həlledici təsir göstərir. Müsabiqə iştirakçıları dövlət haqqında, dövlətçilik təfəkkürünün formalaşması ilə əlaqədar böyük bir mərhələ, məktəb keçmiş olurlar".

Ə.Əhmədov onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyev uşaqları çox sevirdi: "Təsadüfi deyil ki, məktəblilər də dahi lideri dərin hörmət və ehtiramla yad edirlər. Bu müsabiqədə iştirak edən şagirdlər Ümummilli Liderimiz Heydər Əliyev siyasətinə və ideallarına tərəfdar olduqlarını, onu dəstəklədiklərini göstərirlər".

Ulu Öndərin 88-ci ildönümünə həsr edilmiş bilik yarışmasının əhəmiyyəti barədə danışan Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev  ölkədə gənclərə göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, gənclər hər il dövlət hesabına xarici ölkələrdə təhsil almağa göndərilir: "Onların yenidən Azərbaycana qayıdıb işləməsi üçün hər cür şərait yaradılır. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".

"Azərbaycan təhsili yeni keyfiyyət mərhələsi üzrə inkişaf edir. Ən mütərəqqi texnologiyaların tətbiqi ilə şagirdlərin bilik və bacarıqları Avropa satandartlarına uyğunlaşdırılır"- deyən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirdi ki, son zamanlar təhsildə aparılan islahatlar  müsbət nəticəsini göstərməkdədir. Nazir təhsil sahəsində əldə olunan uğurlardan, həmçinin, orta məktəblərdə İKT-nin tətbiqini müasir gəncliyin yetişdirilməsində müsbət addım kimi dəyərləndirdi: "Ümummilli Lider Heydər Əliyev elə bir zirvədir ki, ondan uzaqlaşdıqca onun möhtəşəmliyi daha da aydın görünür. Ulu Öndərin təhsilimizin inkişafı üçün gördüyü işlər bu gün öz bəhrəsini verməkdədir. Möhtəşəm bilik yarışmasında iştirak edən bütün məktəblilər bir daha Ulu Öndər Heydər Əliyev irsinə sadiq olduqlarını öz yazıları ilə sübut etdilər".

Sonda müsabiqənin qaliblərinə diplomlar, fəxri fərmanlar və digər qiymətli mükafatlar təqdim olundu.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 7 may.- S. 5.