Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi həmişə böyük sevgi ilə yada salır

 

Əbədiyaşar Ulu Öndərin anadan olmasının 88-ci ildönümü Daşkəsən rayonunda qeyd edilib

 

Dünən əbədiyaşar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə YAP Daşkəsən rayon təşkilatı və Daşkəsən rayon icra hakimiyyətinin birgə təntənəli tədbiri keçirilib. Daşkəsən rayon ictimaiyyəti nümayəndələri Ulu Öndərin abidə kompleksi önünə tər gül-çiçəklər düzmüş, sonra da Heydər Əliyev muzeyində olmuş, orada müxtəlif foto-stendlərə tamaşa etmişlər. Rayon mədəniyyət evində Ulu Öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir davam etdirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev müasir Azərbaycanın adının dünya şöhrətli, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin adı və dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, müstəqilliyimizin və suverenliyimizin xilaskarı və qüdrətli Azərbaycanı yaradan, böyük qurucu kimi tarixə düşən Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişaf perspektivilərini müəyyənləşdirən siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. "Öz parlaq və mübarizələrlə zəngin ömür yolu ilə bütün nəsillərə örnək olan bir həyat yaşamış Ulu Öndər Heydər Əliyevin dahi bir siyasət adamı və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidmətləri olduqca böyükdür. Ona görə də, bu gün hər kəsin ürəyində bir Ulu Öndər Heydər Əliyev sevgisi var.

Bu gün xalqımız əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi-yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi, dünya siyasətində xüsusi yer tutan Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə dövrün, zamanın tələblərinə uyğun zənginləşdirəcəkdir" deyə Ə.Abıyev əlavə edib. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxışında rayonda "Heydər Əliyev günləri"nin müəyyən edilərək bununla bağlı silsilə tədbirlərin həyata keçirildiyini vurğuladı. Qeyd etdi ki, rayonun bütün yaşayış məntəqələrində iməciliklər təşkil olunub, əhali ilə görüşlər keçirilib, məktəblərdə, mədəni-maarif müəssisələrində, inzibati - ərazi üzrə nümayəndəliklərdə əbədiyaşar Ulu Öndərin anadan olmasının 88-ci ildönümü ilə bağlı toplantılar təşkil olunub. "Həmin tədbirlərin davamı kimi əbədiyaşar Ulu Öndərin ideyalarına sədaqət rəmzi olaraq 270 nəfər daşkəsənli YAP sıralarına qəbul edilib, müxtəlif nominasiyalar üzrə keçirilən tədbirlərdə, eləcə də, təhsildə fərqlənən gənclərə qiymətli hədiyyələr təqdim olunub" deyə M.Yolçuyev əlavə edib. Tədbirin davamında əbədiyaşar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Daşkəsəndə böyük bayram konserti təşkil olunub.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 7 may.- S. 10.