Qax rayonunda intellektual oyun üzrə rayon birinciliyi keçirilmişdir

 

Dünən YAP Qax rayon təşkilatı gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə məktəblilər arasında intellektual oyun üzrə rayon birinciliyi keçirmişdir. Birincilik rayon mədəniyyət evində təşkil olunmuşdur. Yarışa rayonun tam orta məktəblərinin komandaları qatılmışdır.

Tədbiri YAP  Qax rayon təşkilatının sədri Nizami Əhmədov açmış, Ulu Öndərin Azərbaycan gəncliyi üçün göstərdiyi xidmətlərdən danışmış yarış iştirakçılarına uğurlar diləmişdir.

Sonra püşkatma nəticəsində komandalar qruplara bölünmüş, əsasnaməyə uyğun olaraq müxtəlif raundlar üzrə intellektual yarışa start verilmişdir. YAP Qax rayon təşkilatı gənclər birliyinin sədri Elbrus Tağıyevin müxtəlif mövzularda  səsləndirdiyi sualları komanda üzvləri cavablandırmağa çalışmış, öz intellektlərini sınağa çəkmişlər. Qruplarda qalib gəlmiş komandalar finalda qarşılaşdılar.

İntellektual oyunu keçirməkdə məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı, həm gənclərin intellektual səviyyəsini, dünyagörüşünü,  onların intellektual oyunlara olan marağını artırmaq,  gənclər arasında biliyin elmin nüfuzunu qaldırmaq, intellektual oyunlar vasitəsilə gənclərin asudə vaxtının səmərəli təşkil etmək olmuşdur.

Yekunda  ümumi nəticələrə əsasən şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, şəhər 3 saylı tam orta məktəbin komandası II yerə, şəhər 4 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Hər üç komandanın üzvləri YAP Qax rayon təşkilatı tərəfindən diplom, medal qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Birinci yeri əldə etmiş komanda yarışın kubokunu başı üzərinə qaldırmışdır.

Birincilik yarışının iştirakçıları, yarışlar başa çatdıqdan sonra,  Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

 

 

R.RƏSULOV

 

Səs.- 2011.- 7 may.- S. 10.