Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi və Azərbaycan xalqının əbədi lideridir

 

Kürdəmir rayonunda Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində silsilə tədbirlər davam edir

 

Mayın 6-da Ulu Öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə  Kürdəmir  rayon icra hakimiyyətinin və  Yeni Azərbaycan Partiyası Kürdəmir   rayon təşkilatının "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi və Azərbaycan xalqının əbədi lideridir"  mövzusunda   birgə elmi-praktik konfransı keçirilib.

"Günəş" şadlıq evində keçirilən təntənəli tədbirdə rayon icra hakimiyyətinin başçısı  Fəxrəddin Məlikov və aparat işçiləri, YAP rayon təşkilatının şura üzvləri və fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkına gedərək Ulu Öndərin  abidəsi önünə tər çiçəklər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. 

Sonra   tədbir "Günəş" şadlıq evində davam etdirilib.

Elmi-praktik konfransı  RİHB-nın müavini Əbülfət Mikayılov giriş sözü ilə açaraq bildirib ki, Ümummilli Lider  Heydər Əliyev  müasir Azərbaycan  dövlətinin qurucusu və memarıdır. O, Ulu Öndərin xilaskarlıq missiyasından danışaraq qeyd edib ki, Heydər Əliyev  Azərbaycan  xalqının  son  minillik  tarixi  ərzində  yetirdiyi ən  böyük tarixi şəxsiyyətlərdən  biridir : "Heydər Əliyev   həm xilaskar idi, həm də  qurucu, həm  rəhbər  idi, həm də müəllim,  həm  tələbkar lider  idi, həm də qayğıkeş insan.  Bu  bənzərsiz  insanın həyatı  bütünlüklə  Azərbaycan xalqına  və dövlətinə  mənsub idi . Azərbaycanın bugünkü  və gələcək  nəsillərinin Heydər Əliyevin  şərəfli adı və ölməz  ruhu qarşısında müqəddəs borcu onun qurub-yaratdığı müasir  Azərbaycan  dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın  rifahı  naminə  fədakarlıqla  çalışmaq, milli birliyimizə sədaqətlə  xidmət göstərməkdir. Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi - müasir dünya siyasətini və iqtisadiyyatını  gözəl bilən, enerjili  və təşəbbüskar şəxsiyyət  kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx  birləşmişdir. Tam əminliklə deyə bilərik  ki, Prezident İlham Əliyev dövlətimiz  qarşısında  taleyüklü məsələləri  xalqımızın dəstəyi  ilə başa çatdıracaq, Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir".

Giriş sözündən sonra  konfrans iştirakçıları dahi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbir iştirakçıları rayon məktəblilərinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Bir dahinin ad günüdür - 10 may" adlı ədəbi-bədii kompozisiyanı maraqla izləyiblər. Bunun ardınca tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev haqqında çəkilmiş "Xalqın oğlu" filminə tamaşa ediblər.

Elmi-praktik konfransda  "Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır" mövzusunda  rayon təhsil şöbəsinin müdir müavini  Əsgər Hüseynovun, "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda rayon İncəsənət Məktəbinin direktoru Qəndab Zülfüqarovanın, "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda RİHB Aparatının  böyük referenti Zaur Həsənovun, "Heydər Əliyev Azərbaycan Milli Ordu quruculuğunun təşəbüskarı və yaradıcısıdır" mövzusunda rayon hərbi komissarının əvəzi Xamiz Bədəlovun və "Heydər Əliyev Azərbaycanda hüquq islahatlarının memarıdır" mövzusunda rayon prokurorunun müavini Eynulla Qasımovun çıxışları  dinlənilib.

Sonda rayon icra hakimiyyətinin başçısı  Fəxrəddin Məlikov çıxış edərək, əziz və əlamətdar gün-dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə konfrans iştirakçılarını, onların simasında bütün rayon sakinlərini təbrik edib.

 

 

RÖVŞƏN

 

Səs.- 2011.- 7 may.- S. 11.