Qəlblərdə
əbədi yaşayan lider
YAP Qusar rayon təşkilatı Ulu
Öndər Heydər Əliyevin 88-ci ildönümünə
həsr edilmiş tədbir keçirdi
Dünən YAP Qusar rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirdi.
Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov Ulu Öndər Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində keçirilən bu görüşün bütün qusarlıların sevincinə səbəb olduğunu bildirib. D.İbrahimxəlilov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmiş və fundamental uğurlara nail olmuşdur: "Ümummilli Lider Azərbaycanın rəhbəri olduğu bütün zamanlarda elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, səhiyyənin inkişafına daim diqqət vermiş və heç bir zaman qayğısını əsirgəməmişdir. Ulu Öndər bu günlə deyil, sabahla yaşayan, xalqın gələcəyini düşünən şəxsiyyət idi. Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil etdikdə Ulu Öndərin öz ömrünü, həqiqətən də, xalqına həsr etdiyinin şahidi oluruq. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan çətin və böhranlı şəraitdən çıxdı. Bu gün Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uğurlu və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın bütün regionları yüksək səviyyədə inkişaf edir".
Tədbirdə millət vəkili Azər Badamov dünyanın tanınmış siyasi xadimləri ilə Ümummilli Liderimiz Heydər Əliyevi müqayisəyə çəkərək, Onun siyasi fəaliyyətinə nəzər yetirdi. Bildirdi ki, Azərbaycan xalqı Heydər Əliyevlə daim fəxr edib və bundan sonra da fəxr edəcək: "Ulu Öndər bu günlə deyil, sabahla yaşayan, xalqın gələcəyini düşünən şəxsiyyət idi. Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil etdikdə, Ulu Öndərin öz ömrünü, həqiqətən də, xalqına həsr etdiyinin şahidi oluruq".
Tədbirdə YAP Qusar rayon təşkilatının fəallarından Niftəli Fərzəliyev, Zahir Mustafayev, Arif Tahirov, Yelena Məmmədova və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin keçdiyi yoldan və Azərbaycan xalqı və dövlətimizin bu günü, gələcəyi naminə gördüyü işlərdən ətraflı bəhs etdilər.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümü münasibətilə YAP Qusar rayon təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev müstəqil Azərbaycanın banisidir" mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması oldu. Qeyd edildi ki, iki mərhələdə keçirilən yazı müsabiqəsində 95 nəfərdən artıq şagird, yekun mərhələdə isə 20 nəfər şagird iştirak etmişdir. Müsabiqənin qaliblərinə pul mükafatı və diplomlar təqdim olundu.
Tədbirin sonunda partiyaya yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri verildi.
R.KAMALQIZI
Səs.- 2011.- 7 may.- S. 12.