“Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur"

 

Dünən YAP Gəncə şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar olaraq "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda elmi-praktik konfrans keçirildi. Gəncə şəhər icra hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkil etdikləri konfransın iştirakçıları, əvvəlcə Ulu Öndərin şəhərin baş meydanında ucaldılan əzəmətli abidəsini ziyarət etdilər, abidə önünə əklil və tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini etiramla yad etdilər. Şəhər ziyalılarının, elm, təhsil, mədəniyyət, incəsənət, hüquq-mühafizə, sənaye və nəqliyyat işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açdı. Tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qeyd etdi ki, Azərbaycan müstəqilliyinin dönməzliyi və əbədiliyi, milli dövlətçilik ideologiyasının formalaşması, siyasiiqtisadi sahələrdə inkişafı yalnız Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Dahi şəxsiyyət, uzaqgörən siyasətçi daim qədim Gəncə şəhərinə, gəncəlilərə diqqət və qayğı ilə yanaşmışdır. Onun siyasi kursunun həyata keçirilməsi və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sahəsində şəhərimiz inkişaf edərək, respublikanın ikinci sənaye və mədəniyyət mərkəzinə çevrilmiş, bu gün Avropa standartları səviyyəsində tanınan gözəl bir şəhər olmuşdur". "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov bildirdi ki, Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəsində, Azərbaycanda müstəqil dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır.

İ.İsmayılov onu da söylədi ki, Azərbaycanın öz tarixinin bütün mərhələlərində müstəqil dövlət quruculuğu uğurlara nail olmuşdur. Bu gün bu siyasi məktəbin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və rəhbərliyi ilə müstəqil Azərbaycan parlaq gələcəyə doğru inamlı irəliləyir. Gəncə şəhər təşkilatının sədri şəhərdə aparılan uğurlu işlərdən də danışdı. Bildirdi ki, bu nailiyyətlər və inkişaf ölkə Prezidenti İlham Əliyev cənablarının düzgün və məqsədyönlü siyasətinin nəticəsidir. İADAU- nun rektoru, professor Mirdamət Sadıqov "Heydər Əliyev və müstəqil Azərbaycanın iqtisadi inkişafının uğur modeli", Gəncə Regional Elm Mərkəzinin direktoru, professor Fuad Əliyev "Heydər Əliyev və Gəncə", ADAU-nun kafedra müdiri, dosent Məleykə Əlizadə "Heydər Əliyevin neft strategiyası Azərbaycanın hərtərəfli inkişafının əsasıdır" mövzusunda məruzə ilə çıxış edərək, Ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycanda əldə olunan uğurlardan danışdılar. Konfransda Ulu Öndər Heydər Əliyevin 88-ci ildönümü ərəfəsində Ulu Öndərə dərin məhəbbət və rəğbət ifadəsi olaraq, Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş 700 nəfər gəncin bir qrupuna partiya vəsiqələri təqdim edildi. Elmi-praktik konfransda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş ümumşəhər tədbirlərində fərqləndiklərinə görə, bir qrup fəal gənc YAP Gəncə şəhər təşkilatı tərəfindən diplom və tərifnamə ilə təltif olundular. Tədbirin sonunda elmi-praktik konfrans iştirakçıları tərəfindən bəyanat qəbul edildi.

 

 

RƏFİQƏ

 

Səs.- 2011.- 7 may.- S. 14.