"Heydər Əliyevin milli inkişaf konsepsiyasının uğurları: Qaradağ rayonu quruculuğun yeni mərhələsində"

 

Bu mövzuda Qaradağ rayon icra hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə konfrans keçirildi

 

Dünən Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyevin milli inkişaf konsepsiyasının uğurları: Qaradağ rayonu quruculuğun yeni mərhələsində" mövzusunda konfrans keçirildi.

İlk öncə konfrans iştirakçıları rayonun mərkəzində Heydər Əliyev parkında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzübdahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər.

Sonra konfrans iştirakçıları Heydər Əliyev Muzeyi ilə tanış oldular. Konfrans öz işini Heydər Əliyev Muzeyində davam etdirdi. Tədbirdə çıxış edən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın bu gün Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini söylədi. S.Mikayılov qeyd etdi ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.

Milli Məclisin deputatı Fəttah Heydərov Ümummilli Liderlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşdübildirdi ki, bu işıqlı şəxsiyyətin parlaq nurlu müstəqil dövlətimizin inkişaf yolunu əbədi işıqlandıracaq. Ulu Öndərlə gənc yaşlarından birlikdə çalışdığını qeyd edən Fəttah Heydərov hələ keçmiş SSRİ dövründə geridə qalmış kənd təsərrüfatı respublikası olan Azərbaycanın məhz bu yorulmaz liderin gərgin zəhməti və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində qısa zaman kəsiyində qabaqcıllar sırasına çıxdığını xatırlatdı: "Heydər Əliyevin rəhbərliyilə Azərbaycanın sənaye sahələri sürətlə inkişaf etdi, əhalinin firavan həyatı təmin olunduğu respublika quruldu".

Çıxış edən millət vəkili Jalə Əliyeva bildirdi ki, bu günlərdə biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi kimi dünyada şöhrət tapmış Ulu Öndərimizin nurlu xatirəsini yad edirik: "Əslində, Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdı ki, Onun xatirəsi daim ürəklərdə yaşayır, Onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq".

YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov dahi şəxsiyyətin Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışdı. A.Hüseynov vurğuladı ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Onlar öz xalqlarını çətin vəziyyətdən çıxarır, düzgün yol göstərir, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olurlar. Bu baxımdan görkəmli ictimai-siyasi və dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb".

Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilmiş müsabiqələrin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olundu.

Sonra konfrans iştirakçıları Heydər Əliyev Parkında təşkil olunmuş Gül bayramına qatıldılar.

Qeyd edək ki, tədbirlərdə Qaradağ rayonundan Milli Məclisə seçilmiş deputatlar - Ağalar Vəliyev və Mixail Zabeliniştirak etdilər.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2011.- 7 may.- S. 14.