10 may Azərbaycanın xilasının doğum günüdür

 

Bu, xalqın öz liderinə sədaqətini qoruyub saxladığını ifadə etdiyi tarixi məqamdır...

 

Heydər Əliyev xalqının hər gününü bayrama çevirməyi bacaran bir lider olduğu kimi, Azərbaycan xalqı da öz liderinin doğum gününü bu bayramların fövqündə tutmağı bacaran bir xalqdır. Hər il Onun doğum günü-mayın 10-u bütün dünya Xalqla Lider arasındakı bu qarşılıqlı sayğının şahidi olur...  

O, bir insan ömrünün hüdudlarından xeyli kənara çıxmağı bacarmışdı. Özü də bunu özündən ötrü yox, mənsub olduğu xalqdan, yetirməsi olduğu torpaqdan ötrü etmişdi. Hətta özünün və ailəsinin həyatını təhlükə altında qoymaq bahasına olsa belə müqəddəs missiyasını inadla yerinə yetirmişdi. Məhz bu və digər keyfiyyətləri  onu zamanın belə heç vaxt təhrif edə bilməyəcəyi tarixi şəxsiyyətə çevirdi.  

İki fərqli ictimai-siyasi sistemdə bir adam olaraq sabit qalmaq və büdrəmədən davam etmək, hələ ki, müasir tarixdə onun qədər heç kimə nəsib olmayıb...

Heydər Əliyev 1923-cü ildə -Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən cəmi 3 il sonra dünyaya gəldi. Bu, o dönəm idi ki, bir qədər sonra Azərbaycan xalqının siyasi elitası bu və digər səbəblərdən tarix səhnəsindən çıxacaqdı. Yeni ictimai-siyasi formasiyada isə yeni şəxsiyyətə ehtiyac yaranacaqdı. Elə bir siyasətçiyə ki, nəinki belə bir sistemin caynağında tələf olub getməsin, hətta mümkün qədər Azərbaycanın ziyalı elitasını sovet repressiya maşınından xilas edib gələcək nəslə örnək edə bilsin. Təkcə həmin dövrdən yox, lap elə indiki zamandan da baxanda  o cür ictimai siyasi münasibətlərin girdabında belə bir şəxsiyyətin yetişəcəyi inandırıcı görünmür. Amma əlbəttə ki, tarixin də öz qanunauyğunluqları var... 

Hələ Azərbaycan müstəqillik əldə etməzdən xeyli əvvəl-sovet hakimiyyətinin qılıncının qəbzəsinin də kəsdiyi bir vaxtda Heydər Əliyev şəxsiyyəti özünü ciddi bir faktor olaraq yetərinncə Azərbaycanın bədxahlarına büruzə vermişdi. Onun qapalı bir sistemdə əldə edə bildiyi nailiyyətlər, əslində, həm də Azərbaycan müstəqil olduqdan sonra xalqı üçün nələr edə biləcəyindən xəbər verirdi. Bunu əvvəldən anlayan  xarici və daxili bədxahlarının ona qarşı hərəkətləri də bu mənada yetərincə məntiqli idi. Amma əlbəttə ki, bu məntiq nə Heydər Əliyevin, nə də tarixin onun üzərinə qoyduğu missiyanın məntiqindən güclü deyildi...  

Həmin məntiqin yekunu olaraq da SSRİ dağılandan sonra nə qədər adamın qabağa düşmək cəhdinə, nə qədərlərinin də əngəl olmaq istəklərinə baxmayaraq müstəqil Azərbaycanı da məhz O qurub yaratdı.

O, ölkəsini nəinki dünyanın imperialist dövlətlərinin caynağından həmişəlik qurtardı, hətta Azərbaycanı bir çox dövlətlərin həsəd  aparacağı iqtisadi dirçəliş yoluna çıxardı. Sərbəst daxili və xarici siyasət yürüdən müstəqil bir ölkəyə çevirdi. 

Tanrı onu iki ictimai-siyasi formasiyanın - bir-birinə zidd iki sistemin məngənəsində sınadı. Heydər Əliyev nəinki bu sistemlərin ikisindən də sağ çıxdı, hətta onların qəhrəmanına çevrilə bildi...

1969-cu ildə Azərbaycana rəhbər təyin edildikdən sonra Heydər Əliyev yüzlərlə elm, mədəniyyət, incəsənət adamını repressiyalardan xilas etdi. İstər birinci, istərsə də İkinci Dünya müharibələrində azərbaycanlıların itirilmiş və ya özgələrə verilmiş haqqını özlərinə qaytardı. Stalin repressiyalarının qurbanlarının adını əbədiləşdirdi. Minlərlə gənci ittifaqın nüfuzlu elm ocaqlarında təhsil almağa göndərdi. Bacarıqlı kadr potensialı yaratdı. 

Rusiya da daxil olmaqla SSRİ-nin müxtəlif respublikalarında tikilməsi planlaşdırılan zavodları, fabrikləri, mehmanxanaları, idman kompleksi və sairəni inadla gətirib Azərbaycanda tikdirdi. Buna görə SSRİ-nin rəhbər şəxsləri və "müttəfiq"  respublikaların birinci katibləri arasında ona həsəd aparanlar da oldu, xoşlanmayanlar da. Amma Heydər Əliyev kimlərinsə duyğularına vaxt sərf edəcək romantik birisi yox,  zamanında  dünyanın düzənini dəyişə biləcək qədər realist adam idi.

Sona qədər sadalanıb qurtarılması mümkün olmayan işləri O, gələcək üçün edirdi. Ancaq etiraf edək ki, keçmiş Sovetlər Birliyində balaca bir müsəlman, xüsusilə də, türk-müsəlman respublikasının rəhbəri olaraq milli maraqları bu qədər açıq qorumağa çalışmaq təkcə özünün yox, həm də ailənin, yaxınlarının həyatını təhlükəyə atmaq idi. Səhər təriflənib yuxarı başa keçirilənlərin axşam dəlilsiz-sübutsuz xalq düşməni elan edilib güllələndiyi bir sistemdə Heydər Əliyevin vəziyyəti düzgün qiymətləndirməsi, bilik və bacarığı, ən başlıcası isə, iradəsi ona daha böyük imkanlar yaradırdı.  

1987-ci ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçov Azərbaycana qarşı məkrli niyyətlərini  sərbəst həyata keçirmək üçün onun öz vəzifəsindən istefa verməsinə nail olanda xeyli gecikmişdi. Bunu sonralar-azadlıq mübarizəsi zamanı Qorbaçovun Heydər Əliyevə "adamlarını meydandan yığışdır" deməsi də təsdiqlədi. Əslində, 1988-ci ildə Bakının o vaxtkı "Lenin", indiki "Azadlıq" meydanına xalqı müstəqillik şüarı ilə çıxanlar konkret olaraq Heydər Əliyevin adamları deyildi. Ancaq onların böyük əksəriyyəti Ümummilli Liderin ya vaxtında müxtəlif yollarla qoruduğu, ya da himayə edib cəmiyyətdə nüfuz sahibinə çevirdiyi şəxslər idi.

Milləti və dövləti xilas etmək missiyası Tanrı tərəfindən üzərinə qoyulmuş, yəni yuxarıdan seçilmiş və qorunan adamın yolunu kimsə kəsə bilməzdi. Belə də oldu. 1990-cı ilin 20 Yanvar hadisələri Heydər Əliyevi kim bilir daha neçənci dəfə özünün və doğmalarının həyatını təhlükəyə atmaq məcburiyyətində qoydu. Əslində, ümumi işin xatirinə o bir  az gözləyə də bilərdi. Ancaq o təhlükənin mərkəzinə keçdi və həyatının nöbəti mərhələsini daha bir ölüm qoxusu duyaraq başladı.

Məhz O, bir AZƏRBAYCANLI olaraq SSRİ boyda nəhəng  imperiyanın paytaxtında dövləti ifşa etdi. Onun əməllərinin cinayət olduğunu dünyaya dedi. Hansı təhlükəyə qarşı tək getdiyini həmin sistemin başında durmuş şəxsiyyət olaraq Heydər Əliyev daha yaxşı dərk edirdi. Bu, onun xalqının mənafeyi uğrunda ən böyük müstəvidə sonuncu və həlledici savaşının başlanğıcı idi. Məhz 20 Yanvardan sonrakı dövrü Ümummilli Liderin mürəkkəb həyatının ən sadə məntiqi ardıcıllığı da adlandırmaq olar.

Azərbaycanın prezidenti seçildikdən sonra da  bir tərəfdən xarici qüvvələrlə mübarizə aparan Heydər Əliyev digər tərəfdən xoş güzəran yaratmağa çalışdığı adamların xəyanətlərindən xilas olmalı idi. Xilas oldu da. Özü də konkret kimlərinsə hesabına yox, Tanrının himayəsi ilə.

Dağılmış iqtisadiyyatın, Qarabağ müharibəsinin, ən başlıcası isə, idarəçilikdə səriştəsizliyin tüğyan elədiyi 1993-cü ildə fiziki və  psixoloji sarsıntılarından bərbad vəziyyətə düşmüş ölkəyə və ümidini itirmiş cəmiyyətə yenicə sahib çıxan Heydər Əliyev   respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialının olduğunu, Azərbaycanın coğrafi-siyasi vəziyyətini, onun təbii sərvətlərini əsas gətirərək, respublikanı bu ağır böhrandan çıxarmağın, yeni islahatlar yolu ilə bazar iqtisadiyyatına keçməyin zəruriliyini və bu istiqamətdə hərəkət etməli olduğumuzu deyirdi.

Hakimiyyətinin ilk illərindən Heydər Əliyev daxildə və xaricdə hazırlanmış neçə-neçə dövlət çevrilişinə cəhdin  qarşısını aldı, sui-qəsdlərdən keçdi. Amma heç kim və heç bir dövlət Ona Azərbaycanın haqqında danışdığı inkişafının əsasını qoyacaq nəhəng müqavilələri imzalamağa mane ola bilmədi.

Beləliklə, O, 1994-cü il sentyabrın 20-də - Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu gərgin bir zamanda   dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətinin təmsilçisi olan 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzaladı. Bununla da ölkədə tədricən sabitliyin bərqərar olunması və xarici siyasətdə uğurların əldə edilməsi prosesinin əsasını qoydu. Heydər Əliyevin Azərbaycana düşmən kəsilmiş  qüvvələrə növbəti və həlledici zərbəsi isə 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısı çərçivəsində ABŞ dövlət başçısının iştirakı ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası sazişin imzalanması oldu.

Bunlara, qədər isə O, 1994-cü ilin may ayında Azərbaycan torpaqlarına təcavüz etmiş Ermənistanla atəşkəs haqqında saziş imzalamışdı. Hər sahədə, xüsusilə də, iqtisadi inkişaf baxımından Azərbaycanın bu gün Ermənistandan xeyli irəlidə olması, düşmən dövləti regionun bütün nəhəng layihələrdən kənarda saxlaması Heydər Əliyevin bu addımının o vaxt nə qədər zəruri olduğunu təsdiqlədi. İqtisadi inkişafla yanaşı,  Ulu Öndər bir an belə diqqətdən kənarda saxlamadığı Dağlıq Qarabağ problemi ilə də gecə-gündüz məşğul olurdu.  Özündən əvvəlkilər xaricə ölkənin sərvətlərini daşıyıb apardığı halda Heydər Əliyev  hara getsə Azərbaycanın xəritəsini özü ilə götürür, Dağlıq Qarabağın yerini bu barədə maraqlananlara və maraqlanmayanlara göstərirdi. Xalqına və vətəninə xidməti zamanı Heydər Əliyevin çoxlu itkiləri oldu, sarsıntılar keçirdi. Amma bunu heç vaxt büruzə vermədi. Əslində, onun daim məğrur görünməsi, hətta bəzən səhhətində yaranan problemi  büruzə verməməsi, ən ağır səfərlərdən gələndən sonra da çox keçmədən istər cəmiyyət arasına çıxaraq, istərsə də televizordan xalqına hesabat verməsi təsadüfi deyildi. Heydər Əliyev bilirdi ki, xalqın yeganə ümidi indi yalnız odur. Onun bir vəzifəsi də bu ümidi qorumaq, puç olmağa qoymamaq idi. Xalqının bədbinləşməməsi, yenidən hər şeyə inamını itirməməsi üçün Heydər Əliyev əlindən gələni edirdi. Yeri gələndə, ATƏT-in Minsk Qrupu həmsədrlərini açıq şəkildə fəaliyyətsizlikdə tənqid edən, beynəlxalq təşkilatların təmsilçilərini danlayan Heydər Əliyev, həm də imkan tapıb sadə camaat arasına çıxır, hansısa çayxananın sahibi ilə zarafat etməyi də bacarırdı.

Tanrı Heydər Əliyevə nə qədər ömür vermişdisə, Heydər Əliyev də həmin vaxt çərçivəsində yetərincə iş gördü. Əsas məqsədinə - Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin etibarlılığına nail olmaq üçün O, hətta gecələri də gündüzlərə əlavə etdi. Və əlbəttə ki, istədiyinə çatdı. Ancaq Azərbaycanın dərdi, problemi o qədər idi ki, bu böyük şəxsiyyətin ömrünün çərçivəsinə sığmırdı. Əlbəttə ki, Tanrının iradəsindən kənara çıxmaq olmazdı. Bunu O özü də yaxşı birlirdi. Heç bu fikirdə də deyildi. Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, Heydər Əliyev  başladığı işləri davam etdirmək və arzuladığı məqama tam yetirmək üçün öz ömrünün hüdudlarından kənara çıxmağı da bacardı. Bu imkanı ona özünün formalaşdırdığı,  gələcəyə  hazırladığı oğlu və layiqli davamçısı İlham Əliyevin varlığı yaratdı.

Beləliklə də, Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə, "Həyatımın qalan hissəsini də xalqıma sərf etməyə hazıram" deyən Ümummilli Lider ömrünün qalan hissəsi ərzində ölkəsini ayağa qaldırdıqdan sonra respublikanın bir daha yıxılmaması üçün öz oğlunu ona dayaq elədi. 

İlham Əliyev həm də Heydər Əliyevsiz yaşamağa adət etməmiş xalqa Ümummilli Liderin bir təsəlli töhfəsi oldu. 

İndi Azərbaycan Xalqı Öz liderinin 88 illiyini onun siyasi varisinin, layiqli davamçısının qoruyub saxladığı sabitlik, əmin-amanlıq mühitində qeyd edir. Düzdür, bu gün də bədxahlar olmamış deyil. Belələri gah bəzi keçmiş sovet respublikalarındakı proseslərdən, gah da ərəb ölkələrində yaşanan qarışıqlıqdan ruhlanaraq Azərbaycanı yenidən 1992-93-cü illərdəki duruma salmaq istəyirlər. Amma bunlar İlham Əliyevin ətrafında sıx birləşmiş xalqın ürəyini bulandıran siyasi manipulyasiyadan başqa bir şey olmur...

Dünya tarixində əlamətdar hadisələr çoxdur. Həyat inkişafdadır və bu hadisələr sırasına daha yaddaqalan neçə-neçə əlamətdar tarixi günlərin əlavə olunacağı da istisna deyil. Belə tarixi günlərin bir xeylisini Azərbaycan xalqı da qeyd edir. Amma istər əvvəlki, istərsə də sonra yaranacaq əlamətdar günlərin heç biri Azərbaycan xalqı üçün bir tarixi günü heç vaxt üstələyə bilməyəcək. Bu, mayın 10-nu, dünya azərbaycanlıların Ümummilli Lideri, Türk Dünyasının nəhəng siyasi xadimlərindən biri olan Heydər Əliyevin doğum günüdür.  Çünki azərbaycanlılar üçün Heydər Əliyevə qədər əlamətdar sayılan günlərin qeyd edilməsini məhz O, gerçəkliyə çevirib. Bundan sonra yaranacaq əlamətdar günlərə, gözəl gələcəyə isə bu xalq məhz Heydər Əliyevin parçalanıb-dağılmaqdan qoruduğu və düz yola çıxartdığı Azərbaycanla, onun sevimli Prezidenti İlham Əliyevlə gedir...

Əlbəttə ki, hər il 10 may adlı ən sevimli dayanacaqda ayaq saxlayıb Ümummili Lideri ehtiramla yad etməklə...Və bu həmişə belə olacaq....Azərbaycan durduqca... Doğum günün mübarək, Ulu Öndər !   

 

 

Qalib Həsənov,

 Ədliyyə Nazirliyi  Məhkəmə

Ekspertiza Mərkəzinin  İqtisad

ekspertizaları şöbəsinin rəisi, 

iqtisad elmlər namizədi

 

Səs.- 2011.- 11 may.- S. 6.