Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü dünyanın müxtəlif ölkələrində qeyd olunub

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü dünyanın müxtəlif ölkələrində qeyd olunmaqdadır. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfrans və toplantılar keçirilib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin mayın 10-da Moskvadakı Bakı kinoteatrında keçirdiyi konfransda bu ölkədə yaşayan azərbaycanlılarla yanaşı, digər millətlərin nümayəndələri də iştirak ediblər. Konfransda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artması və regionun aparıcı dövlətinə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində göstərdiyi xidmətdən danışılıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Dağıstanın Dərbənd şəhərində, Gürcüstanın Tbilisi və Marneuli şəhərlərində də tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada da keçirilib. Həmin tədbirlərdə Ulu Öndərin siyasi kursu və Azərbaycanın müstəqil dövlət olaraq güclənməsində roluna dair çıxışlar olub və məhz Ümummilli Liderin siyasəti sayəsində Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş imicinin formalaşdığı vurğulanıb.

 

Qazaxıstan

 

Qazaxıstanda Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümü "Heydər Əliyev - dünya miqyaslı siyasətçi" adlı elmi-nəzəri konfransın keçirilməsi ilə qeyd olunub. Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının təşkil etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin 20-ci əsrin görkəmli siyasətçisi olması, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına verdiyi töhfədən bəhs olunub.

 

Çexiya

 

Konfranslar, dəyirmi masa və toplantılarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümü münasibətilə bir sıra ölkələrdə, gül sərgiləri, fotosərgilər, film nümayişləri də təşkil olunub. Çexiyada fəaliyyət göstərən "Azər-Çex" cəmiyyətinin təşəbbüsü ilə Praqa şəhərindəki Azərbaycan Evində Heydər Əliyev haqqında sənədli film nümayiş olunub, gül sərgisi keçirilərək  Ümummilli Liderə həsr edilmiş guşə açılıb.

 

Varşava

 

Azərbaycanın Polşadakı səfirliyi və Azərbaycan-Polşa Birlik Assosiasiyanın təşkilatçılığı ilə Varşavada yazıçı Vitold Mixaylovskinin Ümummilli Lider Heydər Əliyev haqqında yazdığı kitabın təqdimat mərasimi keçirilib. Rumıniya və Macarıstanda da Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib. "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tallində akademik Zərifə Əliyeva adına bağçada gül sərgisi və yığıncaq keçirilib.

 

Almaniya

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 88-ci ildönümü münasibətilə Almaniyanın paytaxtı Berlin şəhərindəki Türk Evində Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlılarının Koordinasiya Mərkəzi və "Atatürkçü Düşüncə Dərnəyi Berlin- Brandenburq"un birgə təşkilatçılığı ilə baş tutan tədbirdə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən, gördüyü işlərdən bəhs olunub. Tədbirə Azərbaycan və türk diasporlarının təmsilçiləri ilə yanaşı, Almaniya ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Bundan əlavə, Almaniyada fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları - "Odlar Yurdu", "ALM.AZ", "Saksen- Anhalt alman- azərbaycan mədəniyyəti", "Avropa Azərbaycanlıları Konqresi" kimi diaspor qurumları da ölkənin ayrı-ayrı şəhərlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd ediblər.

 

Türkiyə

 

Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəyi (TAD) və Türkiyə Azərbaycanlıları Dərnəkləri Federasiyası (TADEF) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirib. Kvebek Azərbaycanlıları Assosiasiyası və Kvebek Qadınları Assosiasiyasının təşəbbüsü ilə Kanadada, Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə bir sıra geniş tədbirlər keçirilib.

Almaniyada Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş boks üzrə Dünya Birinciliyi keçirilib

Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Boks üzrə Dünya Birinciliyi keçirilib.

Boks turniri Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti tərəfindən, Azərbaycanın həvəskar boks federasiyası, Ukrayna-Azərbaycan Konqresi və LBN-boks Ptromorionu ilə əməkdaşlıqda təşkil olunmuşdur. Turnirdə  Ukrayna, Çexiya, Gürcüstan, Almaniya, Türkiyə, Kuba və Azərbaycan boksçuları iştirak etmişlər. Azərbaycan turnirdə iki boksçu ilə təmsil olunmuşdur. Həmyerlimiz Avropa çempionu Azad Əzizov ukraynalı boksçu Valentin Kutsla qarşılaşaraq dünya kəmərini ikinci dəfə qorumuş və çempion adını saxlaya bilmişdir. Azərbaycanı təmsil edən ikinci boksçu Agali Alışov çexiyalı boksçu Joşev Holub ilə qarşılaşaraq, vətənə ikinci dünya kəmərini gətirmişdir. Turnirdə idmançılarımızı Azərbaycan diasporu dəstəkləmişdir.

 

"Azərbaycan-Gürcüstan dostluğunda Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib

 

"Gürcüstan mənim vətənimdir" İctimai Birliyi mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd etmişdir. İctimai birliyin nümayəndələri, QHT təmsilçiləri, ziyalılar və gənclər Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət edərək, önünə əklil qoymuşlar.

Daha sonra ictimai birliyin ofisində QHT təmsilçiləri, ziyalılar və gənclərin iştirakı ilə "Azərbaycan-Gürcüstan dostluğunda Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa iştirakçıları çıxışlarında Ümummilli Lider Heydər Əliyevin iki ölkə arasında strateji dostluq münasibətlərinin qurulmasındakı əvəzsiz rolu, Onun Gürcüstan azərbaycanlılarına qayğısı və siyasətinin uğurlu davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixail Saakaşvilinin sayəsində dostluq və qonşuluq münasibətlərinin daha da möhkəmlənməsindən bəhs etmişlər.

 

 

NƏZAKƏT

 

Səs.- 2011.- 11 may.- S. 11.