Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin banisi

 

Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə Ulu Öndərin doğum günü ilə əlaqədar təntənəli iclas keçirib

 

Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının akt zalında YAP Zəngilan rayon təşkilatının rayon icra hakimiyyəti ilə birgə təşkil etdiyi "Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin banisi" mövzusunda təntənəli iclası keçirilib.

İclası giriş sözü ilə açan Zəngilan RİH-in başçısı Ramiz Həsənov toplantı iştirakçılarını salamladıqdan sonra, etdiyi çıxışında vurğuladı ki,  Ümummilli Lider Heydər Əliyev varlığı Azərbaycanın bir ölkə olaraq həyatının tamamilə dəyişməsi ilə müşayiət olunub: "Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın keçdiyi yola nəzər salsaq, ölkəmiz hərtərəfli iflas və tənəzzül yolundan Ümummilli Liderin müəyyənləşdirdiyi siyasətin təsiri altında inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoydu. Tarixi şəxsiyyətin böyüklüyü illər keçdikcə daha aydın görünür. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu əsil nümunədir. Bizə və gələcək nəsillərə qoyduğu mənəvi irsi misilsiz sərvətdir. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxri olan bu dahi insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, xoş sözlər deyiləcəkdir. Bu gün böyük Öndərimizin siyasi xətti uğurla davam etdirilir. Ölkə Prezidenti Cənab İlham Əliyevin fəaliyyəti buna bariz nümunədir. "

Sonra söz rayon icra hakimiyyəti başçısının müavini Eldar Eyvazova verildi. E.Eyvazov çıxışında vurğuladı ki, bu gün Azərbaycan lider dövlətlər sırasında yer almış ölkələr sırasındadır. Bütün bu möhtəşəm uğurların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: "Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyevin möhtəşəm qayıdışı ilə əsası qoyulan inkişafın böyük mərhələsini keçərək yüksələn, müasirləşən, yeniləşən bir Azərbaycan kimi özünü tanıda bilib. Azərbaycanın müasir tarixinin ən əzəmətli hadisəsi Heydər Əliyevin qayıdışında özünü ehtiva edən qurtuluş məfkurəsi ilə əlaqədardır. Bunun nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin şəxsiyyətinə, siyasətinə bütün zamanlarda ehtiram və hörmət nümayiş etdirir."

YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov öz çıxışında qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycanda mövcud siyasi, sosial-iqtisadi durum yox dərəcəsində idi. O bildirdi ki, həmin dövr hakimiyyət daxilində və ölkədə hər sahədə xaos, qarışıqlıq, qanunsuzluq hökm sürürdü: "Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə idi." Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan dövlətini və xalqını böyük bir faciədən xilas etdiyini vurğulayan Ə.Hüseynov, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən islahatlar, işlər barədə geniş məlumat verdi.

Sonra söz YAP Zəngilan təşkilatı idarə heyətinin üzvü, rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimova verildi. Z.İbrahimov vurğuladı ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində ölkəsini inkişaf etdirmək, düşmənlərdən qorumaq yükünün ağırlığını öz çiyinlərində daşıdı: "Heydər Əliyev ən azı yarım əsr ərzində demək olar ki, öz şəxsi həyatını yaşamadı. Bütün həyatını doğma xalqına həsr etdi. Heydər Əliyev, sözün həqiqi mənasında, tarix yaradan əzəmətli dahi idi".

YAP Zəngilan rayon təşkilatının sədrinin müavini, Əmək və Əhalinin Sosial Müdafiə  Fondunun Zəngilan rayon şöbəsinin müdiri Həsən Ələkbərov da etdiyi çıxışında bildirdi ki, Ulu Öndər 20 və 21-ci əsrlərdə iki müxtəlif ictimai-siyasi sistem çərçivəsində Azərbaycana başçılıq etdi: "Azərbaycanın adını öz adı ilə yanaşı, bəşəriyyətə tanıtdı".

Sonda rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov, ərazi icra nümayəndələri İbiş Məmmədov, Ceyhun Qəniyev və çıxış edən digər natiqlər də Azərbaycan dövlətini və xalqını sevən hər bir insanın bugünkü firavanlığa, davamlı ictimai-siyasi sabitliyə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun durmadan artığına görə, Heydər Əliyevə və onun siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevə borclu olduqlarını vurğuladılar.

 

 

R.RƏSULOV

 

Səs.- 2011.- 11 may.- S. 13.