Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş II Açıq Respublika Turnirinə yekun vurulub

 

Binəqədi idman kompleksində təşkil olunmuş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Sayokan Döyüş Sistemi üzrə II Açıq Respublika Turnirinə yekun vuruldu.

Turnir Binəqədi icra hakimiyyəti, Binəqədi qəsəbə bələdiyyəsi, Binəqədi Gənclər və İdman İdarəsi və Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi tərəfindən  yaradılmış təşkilat komitəsinin təşkilatçılığı ilə həyata keçirildi.   

Qeyd edim ki, Sayokan Dünya Türklərinin döyüş sənətidir.  Bu cəng meydanında Bakı filialları - (Binəqədi, Suraxanı, Qaradağ, Yasamal, Sabunçu, Nərimanov), Sumqayıt, Xaçmaz, Beyləqan, Qubadlı,  Şuşa, Ağcabədi, Füzuli, Ağdam komandaları  iştirak edirdi. İştirakçılar Sayokan döyüş sisteminin Alaqan, Basaqar, Cəng döyüş sistemlərində mübarizə aparırdılar. Komandalar müxtəlif say tərkibdə təmsil olunmuşdu.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon gənclər təşkilatının sədri, Binəqədi  gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov yarış iştirakçılarını salamladı. Sonra o, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzedilməz rolundan danışaraq, Heydər Əliyevin Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoyduğunu qeyd etdi. Bu tədbirlər planına mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Natiq vurğuladı ki, çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı.

Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti  Vasif Namazov çıxış edərək, bu turnirin ənənəvi olaraq hər il keçirildiyini qeyd etdi. Əsas məqsəd xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad  etmək və Onun yaratdığı milli dövlətçilik ideyalarını yetişməkdə olan gənc nəsilə aşılamaqdır. O bildirdi ki, Sayokan Döyüş Sənəti Dünya Türk Xalqlarının döyüş sənəti  olduğu üçün burada milli elementler daha çox öz əksini tapmışdır. Sayokan döyüş sənətinin respublika ərazisində inkişafına nail olmaqla yanaşı, eləcə də, böyüməkdə olan gənc nəslin milli ruhda formalaşmasına, müsbət əxlaqi keyfiyyətləri və sağlam inkişafına nail olmaqdır.

Sonda söz Binəqədi icra hakimiyyətinin başçısı Alı Qocayevə verildi. O, öz çıxışında Ümummilli Lider Heydər Əliyevin ideyalarından danışaraq, dövlətçilik tarixində Onun misilsiz xidmətlərini qeyd etdi. O bildirdi ki, ölkədə aparılan  quruculuq işləri gənclərin sağlam ruhda böyüməsinə, onların gələcəklərinin təmin olunması üçün aparılır.

 A.Qocayev  qeyd etdi ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğatı siyasi məzmun kəsb edir. Bu baxımdan, Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazanılan medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək. Sonra o, ölkəmizin hər bir bölgəsində abadlıq işlərinin aparıldığını, yeni idman komplekslərinin tikildiyini diqqətə çatdırdı. Bu komplekslərin tikilməsi Azərbaycanın sağlam gələcəyini təmin etmək məqsədi daşıyır. Sonra  o, gənclərin hər birinə uğurlar arzuladı.

Yarışın sonunda Alaqan sistemi üzrə komanda hesabı üzrə: 1-yer Suraxanı, 2-yer Füzuli, 3-cü yer Sumqayıt, Basaqar sistemi üzrə  1-ci yer Bakı-Mərkəz, 2-ci yer Nərimanov, 3-cü yer isə Sumqayıt, Cəng sistemi üzrə 1-ci yer Binəqədi, 2-ci yer Nərimanov, 3-cü yer isə Sumqayıt  komandaları qazandı.

Tədbirin sonunda qaliblər fəxri fərmanlarla təltif olundu.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 11 may.- S. 14.