O xalq güclüdür ki, elmi inkişafdadır

 

Azərbaycan elmi bu gün özünün inkişaf dövrünü yaşayır. Ölkədə aparılan abadlıq-quruculuq işləri, iqtisadi islahatlarla yanaşı, Azərbaycan elminə, təhsilinə də dövlət tərəfindən xüsusi diqqət ayrılır. Azərbaycanın gələcək inkişafı elm və təhsilin inkişafı ilə bağlı olan amildir.

Elmin və təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərməsi məhz dövlətin, milli elmin inkişafı istiqamətinə diqqətin yönəldiyinin bariz ifadəsidir. İlham  Əliyevin son illərdə elm və təhsilin inkişaf etdirilməsi ilə bağlı sərəncamları bu fikrə dəlildir.

Azərbaycan elminə diqqət prioritet məsələlərdən biri  olaraq diqqət mərkəzindədir. Dövlətin potensialının güclənməsi, onun dünyaya inteqrasiya prosesinin sürətlənməsi onun elminin inkişafı ilə sıx bağlıdır. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, eləcə də, Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabat yığıncağındakı iştirakı və oradakı çıxışı Azərbaycan elminə göstərilən diqqət və qayğısı elə bu məqsədə yönəlib. Bu rəsmi sənədlər ölkə ictimaiyyəti tərəfindən böyük əks-səda ilə qarşılanıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor  Azad Nəbiyev dövlət tərəfindən Azərbaycan elminə verilən bu qiyməti   yüksək dəyərləndirərək, bildirdi ki, hər iki məlum sərəncam Azərbaycanda elmin inkişafına yönəlmişdir. Belə ki, AMEA-nın Mərkəzi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə "Akademiya şəhərciyi" ərazisində tikilməsi, "Xəzər Elmi- Tədqiqat Mərkəzi"nin yaradılması, və s. Azərbaycan elminin müasir dünya standartları səviyyəsinə yüksəlməsinə təsirini göstərəcək: "Bütün bunlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması elm sahəsində çalışan mütəxəssislərin sosial rifahının yüksəlməsinə yönəlib.

A.Nəbiyev onu da bildirdi ki, elmə, təhsilə daim yüksək qayğı ilə yanaşan dövlət başçısı İlham Əliyev AMEA-nın ümumi illik yığıncağındakı çıxışında alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirmişdir. Prezident İlham  Əliyevin yığıncaqdan bir gün sonra sərəncamları imzalaması qarşıda duran məsələlərin yaxın zamanda öz həllini tapacağını göstərir. O, çıxışında qeyd etmişdir ki, Azərbaycanda maaşlar, təqaüdlər vaxtaşırı qaldırılır. Ölkə başçısı İlham  Əliyev çıxışında onu da bildirmişdir ki,  son illər ərzində maaşların və təqaüdlərin bir neçə dəfə qaldırılmasına baxmayaraq, xüsusilə, dövlət sektorunda çalışanların sosial təminatı, hələ ki, qənaət bəxş deyil:"Bu məsələyə baxılacaq və əlbəttə ki, akademiya işçilərini narahat edən məsələlər öz həllini tapacaqdır". Elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Bu diqqət və qayğı yüksək qiymətləndirilir.

Ölkə başçısı İlham Əliyev ardıcıl olaraq bu sahəyə diqqət ayırır. "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncamına əsasən, 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə, elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyası yaradılmışdır. Proqram əsasında hazırlanan "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədlərindən biri Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkilidir.

A.Nəbiyev dövlət başçısına Azərbaycan elminə ardıcıl olaraq ayırdığı diqqət və qayğıya görə minnətdarlığını bildirdibundan sonra da bir alim olaraq Azərbaycan elminin inkişafına töhfələrini verəcəyini vurğuladı. "O xalq güclüdür ki, onun elmi inkişafdadır"-deyən akademiyanın müxbir üzvü ölkə Prezidenti İlham  Əliyevin bu diqqət və qayğısı ilə Ulu Öndərin bu sahədə əsasını qoyduğu siyasətin keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirildiyini söylədi.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 12 may.- S. 6.