Bölgələrin sürətli inkişafı davam edir

 

2004-cü ildən bu günə kimi Bərdədə 10500-ə yaxın yeni iş yerləri açılıb

 

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişaf etdirilməsi üçün konkret proqram və ya sənəd qəbul olunmasın. Hətta həmin proqramların icrasını sürətləndirmək məqsədilə lazımi maliyyə mənbələri və bütün texniki imkanlar da öncədən müəyyənləşdirilib. Həmin proqramların son məqsədi isə ölkə əhalisinin firavan yaşayışını təmin etmək, dövlətin məşğulluq strategiyasını uğurla reallaşdırmaqdan ibarətdir. Bu baxımdan, regional inkişafa dair ikinci Dövlət Proqramı, demək olar ki, bütün regionların, o cümlədən, Bərdənin qəsəbə və kəndlərinin inkişafı üçün münbit şərait yaratmışdır.

 

Ötən ilin uğurları

 

Regional inkişafa dair ikinci Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində qədim Bərdə torpağında da inkişaf, tərəqqi, insanların həyat şəraitinin yaxşılaşdırılması, sahibkarlığa geniş meydan verilməsi, əhalinin elektrik enerjisinə, təbii qaza və içməli suya olan ehtiyacının ödənilməsi, yeni iş yerlərinin açılması diqqəti daha çox cəlb edir. Ötən il ərzində rayon üzrə ümumi məhsul istehsalı əvvəlki dövrlə müqayisədə 9,1 faiz çox olub. Eyni zamanda, bu artım kənd təsərrüfatında 16,5 faiz, tikintidə 14,9 faiz, nəqliyyatda 11,8 faiz, ticarətdə isə 33 faiz olmuşdur.

 

Rayonda abadlaşdırma və yenidənqurma işləri

 

Müasir, abad və yaraşıqlı binalar, küçə, park və meydanlar bu qədim Bərdə diyarına xüsusi gözəllik və əzəmət verir. Dövlət Proqramının ikinci hissəsində qarşıya qoyulan vəzifələr Bərdə rayonunda da uğurla həyata keçirilməkdədir. Belə ki, ötən il şəhərin 10 küçəsinə 9,8 kilometr uzunluğunda asfalt döşənmiş, 50 kilometr uzunluğunda elektrik verilişi xətləri, 118 transformator əsaslı təmir olunmuş, 18,7 kilometr naqillər çəkilibdir. 1 saylı orta məktəbin, 1 və 3 saylı bağçaların daxili istilik sistemləri yenidən qurulmuş və qazanxanalar quraşdırılıb. Şəhərin qazlaşdırılması başa çatdırılmış, 19 kəndə təbii qazın verilməsi təmin olunub, 6 subartezian quyusu qazılıb istifadəyə verilib, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi bərpa olunubdur. Bütövlükdə il ərzində 16,7 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıbdır. Bunun 4 milyon manatı özəl vəsaitdir. O cümlədən, 6,2 milyon manatlıq əsas fondlar istifadəyə verilibdir ki, bunun da 1,6 milyon manatı daxili imkanlar hesabınadır. Çoxlu sayda istehsal və xidmət sahələri, fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir.

İçməli su, elektrik enerjisi və təbii qazla təchizat məsələləri əhalinin həyat şəraitinə ciddi təsir edən amillərdəndir. Rayon əhalisinin içməli suya tələbatını Su-Kanal İdarəsi həyata keçirir.

Bütövlükdə, il ərzində bütün maliyyə mənbələri hesabına rayonun iqtisadiyyatının inkişafına 14,5 milyon manat investisiya yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.

 

2004-cü ildən bu günə kimi rayonda 10500-ə  yaxın yeni iş yerləri açılıb

 

Geniş vüsət almış abadlıq və quruculuq işləri, fəaliyyətə başlayan təzə müəssisələr əhalinin məşğulluğunun artırılmasında, həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Keçən il rayonda 1175 yeni iş yeri açılmışdır ki, ondan da 980-i daimidir. Beləliklə, 2004-cü ildən sonra rayonda açılan iş yerlərinin sayı 10500-dən artıq olubdur.

Əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması geniş mənada həyat şəraitinin yaxşılaşdırılmasına, demoqrafik məsələlərin uğurlu həllinə səbəb olur. Elə bu inkişafın nəticəsidir ki, əvvəllər müxtəlif səbəblər üzündən rayonu tərk edən 327 nəfər ötən il doğma ev-eşiklərinə qayıdıblar. Bu gün rayon əhalisinin sayı 145,1 min nəfərə çatıb. Sahibkarlığın yaranması, formalaşması və inkişafı dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Əhalinin tələbatının ödənilməsində, bazar münasibətlərinin tənzimlənməsində sahibkarlar müstəsna rol oynayırlar. Ötən ildə rayonda 821 hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur, 5 min 318 nəfər isə fiziki şəxs kimi çalışır. Onların sayı il ərzində 3,9 faiz artmışdır. Bundan əlavə, 25 minə yaxın ailə öz pay torpaqlarında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlar dövlətin dəstəyindən uğurla bəhrələnirlər. Keçən il kənd təsərrüfatı sahəsində çalışan 16 min 800 nəfərə yaxın istehsalçıya 2,4 milyon manat yardım verilibdir. Bundan əlavə, yüksək reproduksiyalı buğda və yonca toxumu istehsal edən 24 nəfər dövlət tərəfindən 217 min manat yardım alıbdır. Buğda istehsalçılarının aldıqları yardım isə 540 min manat olub.

 

Kənd təsərrüfatı məhsullarında artım müşahidə edilir

 

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarında artım müşahidə olunur. Statistik məlumatlara görə, keçən il 38,7 min tona yaxın taxıl, 3300 tona yaxın pambıq, 27,9 min ton şəkər çuğunduru, 32,8 min ton tərəvəz, 37,6 min ton bostan məhsulları, 6,7 min ton meyvə istehsal edilibdir. Hazırda rayonda 81,7 min baş qaramal, 129,7 min qoyun-keçi var. İl ərzində iri malın sayı 1,7 faiz, davarın sayı 1,6 faiz artmışdır.

İqtisadiyyatda əsas yeri kənd təsərrüfatı tutsa da, burada sənayenin, ilk növbədə, emal sahələrinin geniş perspektivi vardır. Ötən il 6,7 milyon manatlıq sənaye məhsulları istehsal olunub və xidmət işləri görülübdür. Bunun təqribən 2,7 milyon manatı qeyri-dövlət sektorunun payına düşür.

 

Təhsil və səhiyyədə nailiyyətlər

 

Ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafına ciddi diqqət yetirilir. Ən əsası isə odur ki, maddi-texniki baza möhkəmləndirilir, mövcud elmi-texniki yeniliklər, qabaqcıl iş təcrübəsi öyrənilib yayılır. Hazırda rayonda 75 ümumtəhsil məktəbi, 32 uşaq bağçası fəaliyyət göstərir. Orta məktəblərdə 23 min 200 nəfərə yaxın şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 3 min 255 nəfər müəllim məşğul olur. Ötən ildə şəhər 2 saylı orta məktəbi üçün 260 yerlik bina tikilib, İkinci Hacallı kəndində 200 şagird yerlik binanın tikintisi başa çatmaq üzrədir. Şahməlilər kənd orta məktəbi üçün 200 yerlik binanın tikintisi davam edir. Şəhər 4 saylı və Tumaslı kənd orta məktəblərində əsaslı, şəhər 5, 6, 7 saylı, Gərənə, Mehdili, Uğurbəyli, Türkmən və s. məktəblərdə cari təmir-bərpa işləri aparılıb.

Rayonda səhiyyə sahəsində də müsbət nəticələr görünməkdədir. Belə ki, 211 çarpayılıq mərkəzi xəstəxana, 500 gəlişli şəhər poliklinikası, 80 çarpayılıq doğum evi, 60 çarpayılıq uşaq xəstəxanası, uşaq poliklinikası, 75 çarpayılıq 5 kənd xəstəxanası və s. fəaliyyət göstərir. Bütövlükdə, müxtəlif ixtisaslar üzrə 298 nəfər həkim, 909 nəfər orta tibb işçisi əhaliyə xidmət edir. Doğum evində Dövlət Proqramına əsasən əsaslı təmir işləri aparılıb, Elmi- Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Bərdə bölməsi də açılıbdır.

Ümumiyyətlə, bütün bu işlər, onu deməyə əsas verir ki, Bərdə rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini, birmənalı olaraq dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 12 may.- S. 8.