Hüquqi dövlət və milli-mədəni muxtariyyət

 

Müasir qloballaşma, hüquqi dövlət quruculuğu dövründə milli-mədəni muxtariyyət problemi milli münasibətlərin tənzimlənməsində mühüm rol oynayan, nəzəri və praktiki əhəmiyyət kəsb edən aktual bir problemdir. Milli-mədəni muxtariyyət hüquqi dövlətdə millətlərin öz müqəddəratının təyin edilməsi hüququ ilə sıx bağlı olan ideyadır. Beynəlxalq sənədlərdə göstərilir ki, etnik, dil və din azadlıqlarının mövcud olduğu ölkələrdə onların öz mədəniyyətlərindən faydalanmaq, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də, öz doğma dilini işlətmək hüququ rədd edilə bilməz.

Millətlərin öz müqəddəratını təyin etmək hüququ Böyük Fransa inqilabının əsas liberal-demokratik ideyası kimi Avropaya sonralar isə bütün dünyaya yayıldı.

Müasir dövrdə “Millətlərin öz müqəddəratını təyin etmək hüququ” beynəlxalq hüquqda öz əksini tapmışdır ki, hər bir millət azad şəkildə öz müqəddəratını təyin etmək hüququna malik olsun. Lakin çox zaman bu müqəddəratı təyinetmə dünyanın siyasi xəritəsində dəyişikliyə səbəb olduğundan, hər hansı bir dövlətin ərazi bütövlüyünə xələl gətirə bildiyinə görə problemə çevrilmişdir. Tarix səhnəsinə çıxaraq mümkün vasitələrlə özünütəsdiqə can atan qüvvələr dövlətə böyük ziyan vurur. Qeyd etməliyik ki, milli özünütəyinetmə prinsipi XX əsrin əvvəllərində ABŞ prezidenti Vudro Vilson tərəfindən dəqiq ifadə edilmişdir: - “Hər bir xalq onun üçün faydalı olan suverenlik formasını seçmək hüququna malikdir”.

Politoloqlar millətlərarası ziddiyyətlərin yaranmasının bir sıra obyektiv və subyektiv amillərini göstərirlər. Buraya cəmiyyətin özünün demokratik inkişaf səviyyəsinin aşağı olması və vətəndaş cəmiyyəti institutlarının zəif olması, iqtisadi çətinliklər və s. kimi amillər daxildir. Məlumdur ki, milli-mədəni muxtariyyət uğrunda mübarizə aparan milli azlıqların özlərini müəyyən etmək üçün müəyyən meyarların olduğunu göstərirlər: 1) Obyektiv meyarlar: bənzərsiz, etnik xüsusiyyətlər, onların sayca azlıq təşkil etməsi, üzvlərinin yaşadıqları dövlətin vətəndaşları olması; 2) Subyektiv meyarlar: üzvlərinin öz etnik xüsusiyyətlərini qoruyub saxlamağa can atması.

Millətlərarası münasibətlərdə qarşıdurmanın dörd tipi vardır:

1) Sosial-iqtisadi;

2) Mədəni-dil;

3) Ərazi-status;

4) Separatizm.

“Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq müqavilə”də deyilir: “Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Bu hüquqlar əsasında onlar öz siyasi statusunu və öz iqtisadi, sosial  mədəni inkişafını sərbəst təyin edirlər”.

Hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan Respublikasında da millətlərin öz müqəddəratını təyin etmək hüququ və milli-mədəni muxtariyyət hüququ təsbit olunmuşdur.

Millət vəkili, professor R.Aslanovanın təbirincə desək, Azərbaycanda mədəni münasibətlərin müstəqil dövlətçiliyə uyğun inkişaf mərhələsi başladı. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, respublikamızdakı ayrı-ayrı azsaylı etnik qrupların bərabər hüquqlu Azərbaycan vətəndaşı kimi varlığını, siyasi-ictimai mahiyyətlə yanaşı, həm də elmi-nəzəri əhəmiyyətli amilə çevirdi. Azərbaycan yalnız türkdilli və çoxsaylı azərbaycanlıların deyil, həm də müxtəlif dil ailələrinə və dinə mənsub olan azsaylı udi və Şahdağ xalqlarının, saxur və ingiloyların, tat və dağ yəhudilərinin, talış və kürdlərin, rusların və s. də vətənidir. Azərbaycan dövləti onların qarantı olmaqla yanaşı, dünyanın etnik xəritəsində yalnız Azərbaycan adlı məmləkətdə rast gəlinən - udi, buduq, qrız, xınalıq, ingiloy kimi etnik birliklərin dil və mədəniyyətini mühafizə edərək, gələcək üçün dünya sivilizasiyasının etnik “bankının” yaradılmasına kömək etmişdir.

Onların mövcudluğu Azərbaycanın dünyaya açıq, humanist, insanpərvər xalq olduğunun canlı sübutudur. Belə olmasaydı, bəzilərinin sayı bir neçə mindən artıq olmayan bu azsaylı etnik birliklər çoxdan assimilyasiya edilərək sıradan çıxardılar. Bununla da dünyanın etnik-milli çələngi, öz naxışlarını itirər, solğunlaşardı.

Azərbaycanda etnik çoxçalarlığın tarixin sınağından çıxaraq, bu günə çatması, bədnam ermənilərin xalqımız haqqında yaratmağa çalışdığı təsəvvürləri, böhtan və iftiraları puça çıxarır. Bir şey gün kimi aydındır ki, çoxmillətli Azərbaycan onu sevənlər, bu yurdu özünə vətən hesab edənlər üçün həmişə doğma ocaq olub. Bu yaxınlarda rusiyalı müəllif yenidənqurma şəraitində vəziyyətdən sui-istifadə edən ermənilər guya “öz müqəddəratlarını təyin etmək hüquqlarının pozulmasını” “milli cəhətdən sıxışdırdıqlarını” iddia edərək əzəli və əbədi Azərbaycan torpaqlarını zorla ilhaq etmək yolu ilə öz muxtariyyət statusunun dəyişdirilməsini, ya Ermənistana qatılmasını, ya da müstəqillik əldə etmələrini tələb etdilər. Əslində, bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş beynəlxalq hüquqa zidd, vahid dövlət suverenliyinə qarşı yönəlmiş Ermənistanın təcavüzkarlıq, işğalçılıq müharibəsi, insanlığa qarşı çevrilmiş qatı, qanlı cinayətdir.

Müasir dövrdə dünyanın demokratik dövlətləri ölkə daxilində mövcud olan milli azlıqların milli-mədəni muxtariyyət hüququnu sosial-iqtisadi amillərlə uzlaşdırır.

N.Cəfərovun qeyd etdiyi kimi, əslində, milli muxtariyyət və milli azadlıq sosial tərəqqiyə nail olmaq üçün lazımdır. Yəni sosial tərəqqi hər şeydən əvvəl millətin azad və xoşbəxt yaşamasıdır.

Milli-mədəni muxtariyyət məsələlərindən danışarkən, qeyd etməliyik ki, xalqların hüquq bərabərliyi beynəlxalq hüquqla təsbit olunmuşdur. Belə ki, hər bir millətin və xalqın dövlət qurmaq, azad yaşamaq hüququ varsa da, bu hüquq digər millətlərin və dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli, yaşadıqları dövlətin həyatına separatçı qüvvə kimi daxil olmamalıdır.

Müasir dünyada ayrı-ayrı millətlərin, xalqların istək və arzuları mövcud dövlətin ümumi mənafeyi şəklində tarazlaşdırılır. Dünya politoloji fikri və fəlsəfə tarixində milli tərəqqi məsələləri ona görə ön plana çəkilir ki, sosial tərəqqini, ictimai inkişafı məhz milli tərəqqi şərtləndirir.

Müasir dünyanın inkişaf etmiş dövlətlərində milli və etnik rəngarənglik zəngin və çoxçeşidli bir mədəniyyətin formalaşmasına şərait yaratmışdır. Monoetnik dövlət tərəfdarlarının söylədikləri etnik rəngarənglik problemlər mənbəyinə deyil, sintez formalı çoxcəhətli bir mədəniyyətin yaranmasına gətirib çıxarmışdır. Əslində, hər hansı bir cəmiyyətin problemləri onun etnik və milli rəngarəngliyindən deyil, ədalətli və ədalətsiz olmasından doğur. Rəngarənglik isə birinci növbədə mübadilə mənbəyidir.

Merilend Universitetinin professoru Ted Robert Narrın fikrincə, müstəqillik uğrunda silahlı mübarizənin başlanmasını göstərən bir neçə universal əlamət vardır. Birinci amil: etnik və dini azlıqlara aid olan hər hansı bir qrup daha çox muxtariyyət tələb etdikdə; ikinci amil: həmin qrupun nə vaxtsa öz dövləti olubsa, hərbi münaqişənin başlanma ehtimalı 60 faiz artır. Asılılığa düşmə prosesi yaxın keçmişdə baş vermişsə, bu təhlükə daha da artır; üçüncü amil: müstəqillik uğrunda çıxış edən qrupların təşkilatçılığı nə qədər yüksəkdirsə, onların silahlı qarşıdurmaya qalxma şansı da böyük olur. Narrın hesablamalarına görə, pis təşkilatlanmış separatçılarla müqayisədə bu risq 83 faizdir; dördüncü amil: məlum regionda infrastruktur və informasiya texnologiyaları ilə bağlı vəziyyət nə qədər yaxşıdırsa, orada hərbi əməliyyatlara meyillilik də yüksək olur.

Bu və ya digər etnik-dini qrup bir dövlətin tabeliyindədirsə və onunla eyni ərazidə yaşayırsa, əlaqə amili o qədər də rol oynamır. Lakin bu qruplar iki və ya daha çox dövlətin ərazisinə səpələndikdə, həmin amilin rolu dəfələrlə artmış olur. Bu, Serbiya, Albaniya və Makedoniya arasında “bölüşdürülən” albanlar, Fransa və İspaniyada yaşayan basklar, Rusiya və Azərbaycandakı ləzgilər, Rusiya və Gürcüstandakı çeçenlərə də aiddir.

Beşinci amil: etnik qrupda doğum səviyyəsi nə qədər yüksəkdirsə, onlar savaşa bir o qədər çox meyilli olur.

Altıncı amil: məlum qrup repressiya və diskriminasiyaya nə qədər az məruz qalıbsa, silahlı qarşıdurma ehtimalı daha böyükdür.

Yeddinci amil: dini və etnik qrupun təmsilçiləri nə vaxtsa belə bir mübarizə aparıblarsa, onun təkrarlanması ehtimalı yüksək olur.

Demokratik, hüquqi dövlət quruculuğu ilə gedən müasir Azərbaycan Respublikasında milli-mədəni muxtariyyət hüququ ümumbəşəri dəyərlərlə vəhdət təşkil edir, millətin bütün üzvlərinin vahid milli ideologiya və milli lider ətrafında, birləşdirilməsi prosesi özünün ən yüksək həddinə çatmışdır. Azərbaycanda milli ideya üç əsas təməlin vəhdətinə - azadlıq, dövlətçilik və mədəniyyətin birliyinə əsaslanır. Bu gün Azərbaycan Respublikasında 90 millətin və xalqın nümayəndəsi yaşayır. Onlardan 400 mini rus, 160 mini yəhudi, 31 mini tatar, 26 mini ukraynalı, 11 mini gürcü, 50 mindən artığı digər etnik qrupun nümayəndələridir. Hətta Ermənistandan qovulmuş müxtəlif xalqların nümayəndələri də Azərbaycanda özünə sığınacaq tapmışlar. 20 min yəzdi kürdlər də Azərbaycana pənah gətirmişlər. Azərbaycanda azsaylı xalqların, xüsusən, rus dilində məktəblər ali məktəblərdə rus və digər sektorlar fəaliyyət göstərir, televiziya və radionun rus dilində verilişləri aparılır, azsaylı xalqların dillərində qəzetlər nəşr olunur. Lakin bəzən milli-mədəni muxtariyyət hüququ ərazi muxtariyyəti hüququ ilə qarşıq salınır. Professor Ə.Tağıyevin fikrincə, erməni lobbisi milli-etnik konflikti qlobal problemə çevirərək, 1) Gənc Azərbaycan Respublikasına qarşı etdikləri təcavüzdən diqqəti yayındırmağa;

2) Dünya xalqlarının nəzərində azərbaycanlıları vəhşi və barbar obrazını yaratmağa;

3) Qarabağ problemilə yanaşı, digər etnik münaqişə ocağı yaratmağa;

4) Respublikada gedən demokratik proseslərin qarşısını almağa çalışırlar. Y.V.Bromleyin fikrincə, milli-mədəni muxtariyyətdən söhbət gedəndə, qeyd etmək lazımdır ki, milli mənsubluq vətəndaş cəmiyyəti və hüquqi dövlətdə qanla-genlə deyil, özünüdərklə müəyyən olunur. Əsil həqiqətdə kim özünü hansı millətin nümayəndəsi hesab edirsə, milli mənsubiyyət də odur. Milləti şərtləndirən amillərin içərisində ən mühümü psixoloji amildir. Lakin etnosların inkişafında assimilyasiya və dissimilyasiya, eləcə də, etnotransformasiya prosesləri də labüddür.

Müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində respublikanın polietnik tərkibinin və zəngin etnik tarixinin öyrənilməsi vacibdir. Millətdaxili və millətlərarası münasibətlər milli şüurun, milli özünüdərkin, milli müstəqilliyin inkişafında mühüm amildir. Həmin münasibətlərin qorunmasında, əlbəttə, siyasi, iqtisadi, psixoloji, dini və irqi amillər nəzərdən qaçırılmamalıdır.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 1 noyabr.- S. 11.