Azərbaycanda
milli hüquqi dövlət
quruculuğu və Avropa
Şurası
Azərbaycanın
Avropa məkanına daxil
olmasının tarixi XX əsrə gedib çıxır. Şərq ölkəsi
olan Şərq ənənələrinin hakim olduğu Azərbaycan
XIX əsrdən Rusiya vasitəsilə Qərb-Avropa
mədəniyyəti də daxil olmağa başladı. Ulu
Öndər Heydər Əliyevin təbirincə desək, “Azərbaycan son onilliklərdə deyil,
tarixin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə,
ümumbəşəri dəyərlərə can atmışdır.
Azərbaycanın Avropadan, Qərbdən əxz etdiyi
dəyərlər arasında demokratiya, vətəndaş
cəmiyyətilə yanaşı, hüquqi
dövlət ideyasını da xüsusi qeyd etmək olar. Professor S.Xəlilov düzgün olaraq göstərir
ki, Azərbaycanın XXI əsrə məhz
bir Avropa ölkəsi
kimi qədəm qoyması siyasi,
iqtisadi və kulturoloji
aspektlərdə həyata keçən inteqrasiya
proseslərinin qanunauyğun nəticəsi
idi: “Azərbaycan, həqiqətən də,
hüquqi dövlət quruculuğu
istiqamətində ciddi addımlar
atmış, Avropanın ictimai-siyasi və
hüquqi dəyərlər sistemini əsasən qəbul etmişdir.
Demokratiya, plüralizm,
söz və mətbuat
azadlığı, insan
hüquqlarının qorunması, yeni iqtisadi münasibətlər, azad
rəqabət və s. ideyaların Azərbaycanda
gerçəkləşməsi bizim Avropa ölkəsi kimi təsbit
olunmağımıza əsas verdi. Bizim Avropadan ancaq keçmiş coğrafi təsəvvürlərlə
ayrılmağımız bütün bu eyniyyət müqabilində çox
cüzi idi.
Avropa
Şurası II Dünya müharibəsindən
sonra 1949-cu ildə Belçika
Krallığı, Danimarka
Krallığı, Fransa Respublikası, İrlandiya Respublikası, İtaliya
Respublikası, Lüksemburq Böyük Hersoqluğu, Niderlandiya Krallığı, Norveç
Krallığı, İsveç
Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı hökumətlərinin birgə səyləri
əsasında yaradılmışdır. Avropa
Şurasının 1949-cu il mayın 5-də
təsdiqlənmiş nizamnaməsində göstərilir ki, ədalət və beynəlxalq əməkdaşlığa
əsaslanan sülhün möhkəmləndirilməsinin
insan cəmiyyətinin və
sivilizasiyanın saxlanılması üçün
həyati zəruriliyinə uyğun gəldiyinə
inanaraq, xalqlarının ümumi
sərvəti, istənilən həqiqi
demokratiyanın əsasını təşkil edən şəxsiyyət
azadlığı, siyasi azadlıq və hüququn aliliyi prinsiplərinin
əsil qaynağı olan mənəvi və
əxlaqi dəyərlərə öz
bağlılıqlarını yenidən təsdiq edərək,
bu idealları qoruyub saxlamaq üçün və
sosial və iqtisadi tərəqqinin mənafeyi
baxımından bu görüşlərə
şərik olan bütün
Avropa ölkələrinin daha
sıx birliyinə tələbatın olduğuna
əmin olaraq, öz
xalqlarının aydın ifadə olunmuş
niyyətlərinə cavab olaraq,
Avropa dövlətlərini daha sıx birliyə yaxınlaşdıra biləcək bir təşkilatın
təxirə salınmadan yaradılmasını vacib hesab edərək, bunun əsasında, hökumət nümayəndələri
Komitəsindən və Məsləhətçi Məclisdən
ibarət olan Avropa
Şurasını təsis etməyi qərara aldılar və
bu məqsədlə hazırkı
Nizamnaməni qəbul etdilər.
1953-cü ildə İnsan hüquqları və əsas
azadlıqları haqqında Avropa
Konvensiyası qəbul edildi. Bu konvensiya əsasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və İnsan
Hüquqları üzrə Avropa
Komissiyası yaradıldı.
Avropa
Şurasının məqsədi ümumi
sərvətləri olan idealların və
prinsiplərin qorunması və həyata keçirilməsi
naminə üzv dövlətlər
arasında böyük birliyə nail olmaq, onların iqtisadi və sosial tərəqqisinə
kömək etməkdir.
Avropa
Şurası orqanlarının səyləri nəticəsində
ümumi maraq doğuran məsələləri müzakirə
etməklə, sazişlər bağlamaqla
və iqtisadi, sosial, mədəni,
elmi, hüquqi və inzibati sahələrdə birlikdə hərəkət
etməklə, həmçinin, insan
hüquqlarını və əsas azadlıqları
müdafiə etmək və sonra da həyata keçirmək yolu
ilə bu məqsədə nail olunacaqdır.
Avropa dövlətləri
yeni Avropa qurulması,
burada sülhün, əmin-amanlığın
bərqərar olması yeni keyfiyyətli inteqrasiya uğrunda səylərini
birləşdirdilər.
Azərbaycanın Avropa Şurasına üzv
olunmasında Ulu Öndər Heydər Əliyev
və Onun layiqli varisi ölkə Prezidenti İlham Əliyevin əvəzsiz rolu olmuşdur.
Hələ
AŞ PA sədrinin müavini və büro üzvü olduğu illərdə cənab İlham Əliyev öz diplomatik məharəti ilə ölkəmizin milli mənafeyini qətiyyətlə müdafiə
edərək dəfələrlə terrorçuluq,
narkotik alış-veriş məskəni,
nəzarətsiz, qanunsuz Dağlıq Qarabağ rejimini “bütün region üçün təhlükə”, “Avropaya qara ləkə” kimi səciyyələndirərək, ikili standartları daim kəskin
tənqid edirdi. İndi
ölkə Prezidenti vəzifəsində onun mövqeyi daha da qətiləşmişdir.
Avropa
Şurası Azərbaycana islam ölkəsi,
türk xalqı kimi yanaşsa da, özünü müasir,
Qərb dəyərlərinin daşıyıcısı, insan hüquqları və plüralist
demokratiyanın müdafiəçisi, demokratik
islahatları, qanunun aliliyini,
həyata keçirən kimi Avropa Şurasına üzv
seçildi.
Avropa
Şurasının üzvü kimi Azərbaycan Respublikası onun
bütün sərt tələblərini,
götürdüyü öhdəlikləri
ləyaqətlə yerinə yetirir. Belə ki, ölkədə hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu uğurla inkişaf edir, insan hüquqları
müdafiə olunur, müstəqil məhkəmələr
fəaliyyət göstərir, Prezident Konstitusiya, arbitraj nəzarəti
həyata keçirilir, insan
hüquqları üzrə ombudsman
yaradılmışdır və s.
Azərbaycanın Avropa Şurasına tamhüquqlu
üzv olması istiqamətində mühüm işlər görülmüşdür.
Azərbaycanın Ümummilli
Lideri Heydər Əliyevin 1996-cı il iyulun 8-də “Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlıq proqramının
həyata keçirilməsi tədbirləri haqqında”,
1998-ci il yanvarın 20-də “Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi
sahəsində tədbirlər
haqqında”, 1999-cu il may
ayının 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın
dərinləşdirilməsi və Azərbaycan
Respublikasının Avropada mənafelərinin
müdafiə edilməsi sahəsində tədbirlər
haqqında” imzaladığı sərəncamlar ölkəmizin
Avropa Şurasına qəbul edilməsi
üçün səylərin
artırılmasına və məqsədyönlü fəaliyyətə
zəmin yaratmışdır.
Azərbaycan Demokratik Qərbin bir hissəsi
kimi, demokratik və hüquqi dövlət quruculuğunda,
insan hüquq və
azadlıqlarının adi həyat
normasına çevrilməsində çox
işlər görmüşdür.
Ölkəmizdə çoxpartiyalı plüralist
cəmiyyət formalaşmış, azad söz və mətbuat azadlığı
gündəlik
mühitimizin ayrılmaz hissəsinə çevrilmişdir. 1995-ci il
Konstitusiyası ilə təsbit edilmiş
hakimiyyətin üç qolunun
müstəqil fəaliyyəti daha da möhkəmlənmişdir. Cəmiyyətin
bütün sahələrinin fəaliyyətinin
hüquqi tənzimlənməsi üçün parlament tərəfindən
Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə
uyğun olaraq
çoxsaylı qanunlar qəbul edilmiş, bir sıra vacib beynəlxalq
konvensiya və sazişlərə qoşulmuşdur. Bir
çox qanunverici
aktların beynəlxalq normalara
uyğunlaşdırılması üçün
gərgin iş aparılmışdır.
Ölkəmiz açıq cəmiyyət
olduğunu siyasi sahə
ilə yanaşı, iqtisadi sahədə
də sübuta yetirmişdir.
Sahibkarlığın inkişafı üçün
bütün maneələr aradan götürülmüş,
vergi və gömrük
normaları xeyli
liberallaşmışdır. Xarici
investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi
üçün hüquqi
təminat sistemi
yaradılmışdır.
İnsan hüquq və azadlıqlarının təmin
edilməsi sahəsində də çox
işlər görülmüşdür.
Azərbaycan Avropa İnsan
Hüquqları Konvensiyasına qoşulmuş,
hər bir vətəndaş lazım bildiyi halda Avropa
Məhkəməsinə müraciət etmək hüququ əldə etmişdir.
Bir amnistiya qanunu 10 min nəfəri əhatə etmiş,
40-a yaxın əfv fərmanları ilə beş
minə qədər məhbus azadlığa
buraxılmışdır. Mətbuat isə öz
azadlıq göstəricilərinə görə bir çox Avropa ölkələrindən fərqlənmir.
Ölkədə 600-ə qədər
qəzet, 100-ə yaxın jurnal, 30-dan çox müstəqil teleradio
şirkəti fəaliyyət göstərir. Bu
günədək Azərbaycan Avropa
Şurasının bir çox
sənədinə (konvensiyalar, onların
protokolları və digər sənədlər) qoşulmuş, bu da ölkəmizin Avropa hüquq məkanına inteqrasiyası üçün əsas yaratmışdır.
İnsan
hüquqlarının müdafiəsində Avropa
sisteminin tədqiqatçısı A.Robertson Konvensiyanın Avropa
Şurasının mühüm nailiyyətini
özündə əks etdirməklə, beynəlxalq hüququn inkişafında mühüm
mərhələ olması fikrini əsaslandırmaq
üçün onun
aşağıdakı xüsusiyyətini qeyd
edirdi: “Konvensiyanın
müddəalarına müvafiq olaraq iştirakçı dövlətlər
onları yurisdiksiyasında olan şəxslərin
İnsan Hüquqlarının Ümumi Bəyannaməsində elan edilmiş bir sıra hüquq və
azadlıqlarını təmin etməyi öhdəsinə götürür. Həmin
Konvensiyanın iştirakçısı olan
dövlətlərin üzərinə götürdükləri
öhdəliklərə riayət edilməsini təmin etmək
üçün Avropa
Komissiyası və Avropa İnsan
Hüquqları Məhkəməsi yaradılmışdır.
İnsan hüquqlarının
pozulmasına görə şikayətlə komissiyaya
təkcə dövlətlər müraciət etmir, həm də ayrı-ayrı şəxslər
özlərinin hökumətlərindən bu
cür şikayətlər vermək hüququna malikdir. Bir şərtlə ki, sonuncular bu yeni proseduru
qəbul etmiş olsunlar”.
Avropa dövlətləri ümumavropa dəyərlərinə,
hüququn aliliyinə,
ədalət və demokratiyaya əsaslanan demokratik məkanda insan və vətəndaşların
hüquqlarının təmin
olunmasını öz
qarşılarına başlıca
vəzifə kimi qoymuşlar.
Azərbaycan Avropa Şurasının
demokratik tələblərinə
uyğun olaraq, “Milli Məclisə seçkilər haqqında”,
“Prezident seçkiləri
haqqında”, “Referendum haqqında”,
“Bələdiyyələrə seçkilər haqqında”,
“Mərkəzi Seçki
Komissiyası haqqında”
qanunlar qəbul etmiş, Beynəlxalq Qırmızı Xaç
Komitəsi və Azərbaycan Respublikası
hökuməti arasında
saziş bağlanmış,
məhbuslara münasibətdə
öhdəliklər yerinə
yetirilmiş, ölüm
cəzası ləğv
edilmiş, cəza siyasətinin humanistləşməsilə
Avropa ailəsinə inteqrasiya daha da gücləndirilmiş,
minlərlə məhbus
əfv fərmanları
ilə cəza çəkməkdən azad
edilmiş, amnistiyalar tətbiq edilmişdir. “Kütləvi informasiya vasitələri haqqında”,
“Qeyri-hökumət təşkilatları
haqqında” qanunlar qəbul etməklə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu
sahəsində irəliləyişlərə
nail olmuşdur. Vaxtilə
Ulu Öndər Heydər Əliyevin dediyi müdrik sözlər bu gün də öz əhəmiyyətini
qoruyub saxlamaqdadır:
“Biz Azərbaycanda bu gün əsil vətəndaş cəmiyyəti
qururuq. Çoxsaylı ictimai təşkilatlar,
partiyalar, müxtəlif
fondlar və cəmiyyətlər vətəndaş
cəmiyyətinin strukturunu
təşkil edərək,
Azərbaycanın bir çox mühüm məsələlərinin həllində
dövlətlə uğurlu
əməkdaşlıq edirlər”.
Avropa Şurasının öhdəliklərini
yerinə yetirən Azərbaycanın uğurlu
demokratik inkişafı
haqqında Ulu Öndər Heydər Əliyev Azərbaycanın
Avropa Şurasına üzv qəbul edilməsi mərasimindəki
nitqində demişdir:
“Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına
və prinsiplərinə,
demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənməsinə
əsaslanan dəyərlərə
sadiqliyini nümayiş
etdirəcəyik”.
20 il ərzində müasir Azərbaycan Respublikası
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Avropa standartlarına uyğun şəkildə inkişaf
edir və Avropa ailəsinin tamhüquqlu üzvü kimi hüquqi dövlət quruculuğu,
insan hüquqlarının
qorunması yolunda inamla irəliləyir. Azərbaycanın demokratik,
hüquqi dövlət
quruculuğu sahəsində
Avropa Şurası qarşısında götürdüyü
öhdəliklərin vəziyyəti
haqqında ölkə
Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmiz
siyasi islahatlar sahəsində də mühüm nailiyyətlər
əldə etmişdir.
Avropa Şurasına üzv olduğumuz illər ərzində Azərbaycanın
demokratiya yolu ilə irəliləməsində
həlledici rol oynamışdır. Avropa Şurasının
tövsiyələri ilə
yeni-yeni qanunlar qəbul edilmişdir.
Təşkilata üzv qəbul
olunarkən ölkənin
üzərinə götürdüyü
öhdəliklər və
onların yerinə yetirilməsi də bu sahədə yardımçı olmuşdur”.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 2 noyabr.- S. 10