İsmayıllı - Azərbaycanın Sənətkarlıq
Paytaxtı - 2011
Azərbaycanın qeyri-maddi mədəni irsinin
qorunması, o cümlədən, milli sənətkarlığın
(dekorativ, tətbiqi və təsviri sənət) dəstəklənməsinə
istiqamətləndirilmiş “2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları”
Proqrammı çərçivəsində sənətkarlar
məskəni olan İsmayıllı şəhəri 2011-ci
il üçün “Azərbaycanın
Sənətkarlıq Paytaxtı” elan olunmuşdur. Təsdiq
edilmiş illik tədbirlər planında təntənəli mərasimlərin,
respublika və beynəlxalq səviyyəli elmi-praktiki
konfransların, dəyirmi masaların, konsertlərin,
müsabiqələrin, festivalların, sərgilərin,
yarmarkaların, info-turların və sair tədbirlərin təşkili
nəzərdə tutulmuşdur ki, bunlar da yüksək səviyyədə
həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən
məlumata görə, 3 mart - Bakı şəhəri Muzey Mərkəzində
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
tərəfindən 2011-ci il üçün
İsmayıllının “Azərbaycanın Sənətkarlıq
Paytaxtı” seçilməsi ilə əlaqədar
hazırlanmış xatirə kuboku və diplom
İsmayıllı rayon rəhbərliyinə təqdim
olunmuşdur.
16 - 19 mart - Bakı və İsmayıllıda
keçirilən Novruz bayramında folklor kollektivləri
çıxış etmiş və sənətkarların əl
işlərindən ibarət sərgi təşkil
olunmuşdur.
7 aprel - İsmayıllıda Uşaq
Yaradıcılıq Mərkəzində geniş ictimaiyyətin
iştirakı ilə kubok və diplomun təqdimetmə mərasimi
keçirilmişdir.
1-30 aprel - “İsmayıllı - Azərbaycanın Sənətkarlıq
Paytaxtı - 2011” və “Turizm ili” çərçivəsində
məktəblilər arasında
inşa yazı müsabiqəsi keçirilmiş, 10 nəfər
diplom və mükafata layiq
görülmüşdür. 2 iyun - rayon Mədəniyyət
Evində “İsmayıllı sənətkarlıq
paytaxtıdır” mövzusunda mədəni-maarif müəssisələri
ilə birgə seminar keçirilmişdir.14-18 iyun - Bakı
şəhərində “Azərbaycan - doğma diyar” devizi
altında keçirilmiş Azərbaycanda yaşayan milli
azlıqların incəsənəti festivalında Lahıc və
İvanovka folklor kollektivləri iştirak etmiş, İvanovka
folklor kollektivinə “Xalq kollektivi” adı verilmişdir. 21 iyun
- Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzinin dəstəyi ilə rayonun Heydər
Əliyev adına Mərkəzi Meydanında xalq sənətkarlarının
əl işlərindən ibarət zona sərgisi
keçirilmişdir. Sərgidə İsmayıllı, Qəbələ,
Oğuz, Şəki və Şamaxı şəhərlərinin
sənətkarlarının əl işləri nümayiş
etdirilmişdir. Sərginin davamı olaraq Heydər Əliyev Mərkəzində
dəyirmi masa təşkil olunmuşdur. Sərgidə
nümayiş olunan müxtəlif sənətkarlıq
növlərinə baxış
keçirilmiş, 23 nəfər sənətkara Fəxri Fərman, 8 nəfər sənətkara
isə pul mükafatı təqdim
olunmuşdur. Tədbir İsmayıllı rayonunun Qalacıq kəndində
“Ləzgi” folklor qrupunun çıxışı ilə davam
etmiş, daha sonra həmin kənddə yaşayan sənətkarların
da əl işləri nümayiş olunmuş, diplom və
müvafiq pul mükafatları təqdim edilmişdir.
Avqust
- sentyabr aylarında - Aşıq Yanvar Bədəlov, Aşıq Elman Mehdiyev və rayonun digər aşıqlarının
iştirakı ilə rayon Mədəniyyət
Evində, Lahıc və Basqal qəsəbələrində,
İsmayıllı, Diyallı, Qalagah kənd
mədəniyyət evlərində və Qalacıq kənd klubunda mütəmadi olaraq
görüşlər keçirilmiş və
konsert proqramı təşkil olunmuşdur.
12 avqust - rayon mərkəzində
sənətkarların əl işlərindən ibarət sərgi
və satış yarmarkası keçirilmişdir.
17 avqust - Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında İctimai
Televiziyanın “Yeni gün”
proqramı 3 saatlıq canlı yayımla nümayiş
olunmuşdur. Verilişdə sənətkarların
əl işləri nümayiş olunmuş, rayonumuzun bütün sahələri, o
cümlədən, turizm imkanları barədə
məlumat verilmişdir. Proqramda
rayonun tanınmış müğənniləri,
aşıqları ilə yanaşı Nadir
Qafarzadə, Elnur Balabəyov, muğam müsabiqəsinin qalibi
Babək Niftəliyev də çıxış etmişlər.
Rayonumuzun tanınmış ziyalılarından Baba Vəziroğlu, Musa Yaqub, Pünhan
İsmayıllı və digər tanınmış şəxslər
rayon haqqında öz
fikirlərini söyləmişlər. 2 sentyabr
- Qala divarları qarşısında geniş ictimaiyyətin iştirakı ilə xalq yaradıcılığının, milli adət və ənənələrin, xalq tətbiqi sənətinin,
eyni zamanda,
regionların turizm potensialının beynəlxalq
səviyyədə tanıdılması məqsədilə təşkil
olunmuş “Sənətkarlar bayramı”nda
İsmayıllı ilə yanaşı, Şamaxı, Ağsu, Göyçay, Qəbələ,
Oğuz, Şəki və Mingəçevir
rayonlarından da dəvət olunmuş sənətkarlar
və qonaqlar iştirak
etmişlər. “Sənətkarlar bayramı”nın
keçirilməsi rayonumuzla yanaşı,
qonşu rayonların da
sənətkarlıq baxımından inkişaf
etdirilməsi istiqamətində mühüm
rol oynayır.
Tədbirdə, həmçinin,
mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Milli Məclisin
deputatı Novruzəli Aslanov və digər
rəsmi şəxslər iştirak
etmişlər.
Tədbirdən əvvəl mərasim
iştirakçıları və dəvət olunmuş
qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə
gül qoyaraq Heydər
Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Mərkəzin qarşısında təşkil olunmuş kitab və turizm sərgisi, Heydər Əliyev Mərkəzinin
dərnəkləri tərəfindən hazırlanmış
rəsm və digər eksponatlar nümayiş etdirilmişdir.
Qala divarları
qarşısında təşkil olunmuş
tədbir İsmayıllı rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri A.Abbasov tərəfindən
açıq elan edildi.
Sonra rayon icra hakimiyyətinin başçısı N.Ələkbərov,
Mədəniyyət və Turizm Nazirinin I müavini V.Əliyev
və digər rayonlardan dəvət olunmuş qonaqlar tədbir
haqqında öz fikirlərini söylədilər.
Tədbirdə sənətkarların əl
işlərinin və milli mətbəx
nümunələrinin nümayişi ilə
yanaşı folklor qrupları,
aşıqlar, rayon Mədəniyyət evinin “Niyal” instrumental ansamblının və digər rayonlardan dəvət olunmuş
müğənnilərin çıxışları səsləndirilib.
İlboyu keçirilən
tədbirlər nəinki İsmayıllı rayonunun,
ümumilikdə Azərbaycanın qeyri-maddi
mədəni irsinin dünyada
tanıdılmasında mühüm rol oynayır. Bu layihə
Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irs
nümunələrinin, sənətkarlığının, tarixinin qorunmasına xidmət edir.
Dövlət Müstəqilliyinin
bərpasının 20-ci ildönümü
ilə əlaqədar keçirilmiş rayon tədbirlərində sənətkarların
əl işlərindən ibarət
geniş sərgi təşkil olunmuşdur.
Mütəmadi olaraq
rayon mərkəzində və Lahıc qəsəbəsində
sənətkarların əl işlərinin sərgisi təşkil
olunaraq rayonumuza gələn
yerli və xarici turistlərə nümayiş
etdirilir.
Zümrüd
Səs.- 2011.- 3 noyabr.- S. 12.