Hüquqi
dövlət, insan haqları və ATƏT
Demokratiya və insan hüquqları ilə məşğul olan Avropa təşkilatlarından
biri də Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatıdır (ATƏT).
ATƏT 1973-cü ildə sosialist və kapitalist sistemini təşkil
edən Avropa ölkələri arasında
diplomatik qurum kimi formalaşan müasir beynəlxalq münasibətlər
sistemində iştirak edən
çoxfunksiyalı ictimai-siyasi təşkilatdır.
ATƏT Qərbi və Şərqi Avropa
ölkələrini, həmçinin, ABŞ və Kanadanı
özündə birləşdirir. Bu təşkilat
uzun müddət Avropada
Təhlükəsizlik və Əməkdaşlıq üzrə
Müşavirə (ATƏM) adlandırılan təşkilatın
əsasında meydana gəlmişdir.
1975-ci il Helsinki Yekun Aktında dörd bölmə nəzərdə tutuldu ki, burada
əsas yeri insan
hüquqları və Avropa ölkələrinin
humanitar əməkdaşlığı tuturdu. Helsinki Yekun Aktında dövlətlərin müxtəlif
istiqamətlərdə insan
hüquqları ilə yanaşı, təhsil, mədəniyyət,
informasiya və insanlar
arasında ünsiyyət sahəsində əməkdaşlığı
da nəzərdə tutulurdu.
ATƏT uzun illərdir ki,
insan hüquqları sahəsində Avropa dövlətləri, ABŞ və Kanada arasında məhsuldar əməkdaşlığın
inkişafında əsas rol oynayır.
ATƏT-in fəaliyyəti onun ali orqanı olan və iki ildə bir dəfə keçirilən Dövlət və
Hökumət Başçılarının Sammiti,
xarici işlər nazirlərinin təmsil olunduğu Nazirlər Şurası tərəfindən
tənzimlənir. ATƏT müxtəlif qərarların qəbulu
zamanı konsensusa əsaslanır. ATƏT-in
sədri qurumun ümumi
fəaliyyətinə nəzarət edir və
onu həyata keçirir.
Sədrlik vəzifəsinə növbə ilə ildə bir dəfə üzv
dövlətlərin xarici işlər
nazirləri seçilir. Təşkilata rəhbərlik
edən əsas şəxs Nazirlər Şurasının üç il müddətinə
seçdiyi Baş katibdir.
ATƏT-in fəaliyyətində
Avropa ölkələrinin ictimai-siyasi
həyatında demokratik dəyərlərin
və prinsiplərin üstünlüyünün
təmin edilməsi, soyuq müharibədən
sonrakı dövrdə müstəqillik əldə etmiş ölkələrdə hüquqi dövlət və vətəndaş
cəmiyyətinin inkişafına nail
olunması və s. məsələlər
ön planda
dayanır. ATƏT-in Demokratik
İnstitutlar və İnsan
Hüquqları Bürosu, Kütləvi İnformasiya Vasitələri üzrə
Nümayəndəliyi, Təhlükəsizlik Sahəsində Əməkdaşlığa
Dair Forum kimi təsisatları yuxarıda göstərilən
məsələlərin həlli ilə bilavasitə məşğul
olur. Eyni zamanda, təşkilatın diqqət mərkəzində
dini, etnik
münaqişələr və onların aradan
qaldırılması yolları da mühüm yer tutur. Bu cür məsələlər
Nazirlər Şurasının dəstəyi ilə
yaradılmış Münaqişələrin aradan
qaldırılması üzrə Mərkəzdə
araşdırılır və üzv
dövlətlər tərəfindən müvafiq
tövsiyələr verilir. Mərkəzdə
Dağlıq Qarabağ, Abxaziya,
Cənubi Osetiya, Dnestryanı və s. münaqişələr də dəfələrlə
müzakirə edilmiş və bununla bağlı bəyanatlar qəbul edilmişdir.
Dağlıq Qarabağ
münaqişəsinin aradan
qaldırılması üçün ATƏT-in rəhbərliyi ilə xüsusi Minsk Qrupu yaradılmışdır. ATƏT-in
Budapeşt sammiti BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrini
əsas götürüb, hərbi
münaqişənin dayandırılması, sülh
əldə etdikdən sonra çoxmillətli
sülhyaratma qüvvələrinin
yaradılması və ərazidə yerləşdirilməsi
haqqında qəbul etmişdir. Həmçinin,
bu qüvvələrin
formalaşdırılması, tərkibi və operativ
fəaliyyəti üçün plan hazırlamaq qərara
alınmışdır. Hazırda ATƏT Mərkəzi,
Cənubi və Şərqi Avropa, Qafqaz regionu və Mərkəzi
Asiya ölkələrində böyük fəaliyyət proqramları yerinə
yetirir. Ötən dövr
ərzində ATƏT-in bu ölkələrin
beynəlxalq, siyasi həyatında
özünəməxsus yeri olmuşdur.
1992-ci ilin əvvəllərindən başlayaraq
Dağlıq Qarabağ münaqişəsi
daha çox beynəlxalq
əhəmiyyətli problemə çevrildi.
1992-ci il yanvarın 30-da Azərbaycan
Respublikası Avropada Təhlükəsizlik
Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu və həmin
il iyulun 8-10-da ATƏM-in
Helsinkidə keçirilən zirvə toplantısında onun sənədlərini imzaladı. ATƏM-in
üzvü olduqdan sonra Dağlıq Qarabağ
münaqişəsi bu təşkilatın
prinsiplərinə uyğun olaraq üzv dövlətlərin
daha çox diqqət
obyektinə çevrildi.
ATƏM-in Xarici İşlər Nazirləri
Şurasının 1992-ci il martın 24-də
keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edilərək,
münaqişənin sülh yolu ilə nizama
salınması istiqamətində aparılan
danışıqların səmərəliliyini təmin etmək
üçün ATƏM-in
Dağlıq Qarabağa dair
sülh konfransının
çağırılması haqqında qərar qəbul edildi. Qərara alındı ki,
Minskdə çağırılacaq konfrans
ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan
və Ermənistan nümayəndələrinin iştirakı
ilə keçirilsin.
“Azərbaycan-ATƏT”
kitabının müəllifi, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin müdiri,
professor Əli Həsənovun göstərdiyi
kimi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin
dinc vasitələrlə nizama
salınması Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət
fəaliyyətində başlıca yer tutmuşdur. Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra
münaqişənin aradan
qaldırılmasına nail olmaq üçün ən
yüksək səviyyədə dövlət
başçıları və nümayəndə heyətləri
ilə ikitərəfli, eləcə də, çoxtərəfli
görüşlərdə, ATƏT-in zirvə
toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə,
beynəlxalq forumlarda, həmçinin, Ermənistan
prezidenti ilə birbaşa
danışıqlarda göstərdiyi ardıcıl səylər
dövlət başçısının apardığı
siyasətin mühüm hissəsini təşkil
etmişdir.
Ulu
Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini,
ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi
sabitliyə nail olmaq
sahəsində təxirəsalınmaz vəzifələrindən
biri davam etməkdə
olan Ermənistan-Azərbaycan
münaqişəsinin həlli ilə bağlı qəti
addımlar atmaqdan ibarət olmuşdur.
Bu
məqsədlə Ulu Öndər Heydər
Əliyev respublikamızın təhlükəsizlik problemlərini,
xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi
təcavüzü məsələsini beynəlxalq aləmə
çıxararaq, regionda sülhün
bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini
artırmağa
çalışmışdır.
Ermənistan-Azərbaycan
münaqişəsinin dinc vasitələrlə
nizamlanması məqsədilə məhz Prezident
Heydər Əliyevin qətiyyəti və gərgin fəaliyyəti
sayəsində 1994-cü il mayın 12-də
atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa
başlandı.
1994-cü il
dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən
zirvə toplantısında beynəlxalq sülhməramlı
qüvvələrin yaradılması və münaqişə
bölgəsinə göndərilməsi qərara
alındı.
1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə
toplantısında qəbul edilən və münaqişənin
nizama salınmasının beynəlxalq-hüquqi
bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan
münaqişəsini ədalətlə aradan
qaldırmaq yolunda böyük
siyasi nailiyyət sayıla bilər.
Zirvə toplantısı zamanı Ulu
Öndər Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində
münaqişənin həllinin siyasi-hüquqi
çərçivələrini müəyyənləşdirən
xüsusi bir bəyanat
qəbul edildi. Bu bəyanat
Ermənistan istisna olmaqla,
dünyanın 53 dövləti tərəfindən müdafiə
olundu və Lissabon sammitinin yekun qərarında
öz əksini tapdı.
Ulu Öndər
Heydər Əliyev Lissabon Sammitində Azərbaycanın
hüquqi dövlət quruculuğunda
ATƏT və digər beynəlxalq təşkilatların mühüm rol
oynadığını xüsusi qeyd etdi: “Biz əminik ki, müstəqil
demokratik dövlətlərin Dünya Birliyinə Azərbaycanın siyasi və iqtisadi cəhətdən
qovuşması yolu Azərbaycan
xalqının həyati mənafeyinə uyğundur
və bizim bu strateji xəttimizə ATƏT-in, başqa beynəlxalq təşkilatların və
demokratik təsisatların bundan
sonra da dəstək
verəcəklərinə ümid edirik”.
Ulu Öndərin
sammitdə irəli sürdüyü ideya Azərbaycanın ərazi bütövlüyünün
qeyd-şərtsiz təmin olunması oldu:
“Dağlıq Qarabağın müstəqilliyi barədə qanunsuz iddialar beynəlxalq
hüququn hamı tərəfindən bəyənilmiş
normaları ilə bir araya
sığmır. Biz həmin iddialarla heç vaxt razılaşmayacaq, biz
Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik”.
1997-ci ildə “Mərhələli
həll planı təklif edildi”. Bu plana əsasən Dağlıq Qarabağa
Azərbaycan Respublikası sərhədləri çərçivəsində
status verilir, daha sonra ATƏT-in sülhyaratma qüvvələri buraya yeridilir, hər iki tərəfin hərbi qüvvələri
bir-birindən müəyyən məsafədə yerləşdirilir,
tərksilahın həyata keçirilməsi, bir-birlərinin
əraziləri üzərinə uçuşların qadağan edilməsi, işğal
olunmuş ərazilərin əhalisinin öz yerlərinə qayıtması,
kommunikasiyaların açılması (Daimi
Qarışıq Komissiya
yaradılması) nəzərdə tutulurdu.
Ermənistan bütün bunları inkar etsə də, dialoqun
davam etdirilməsinə razılıq verdi.
Ermənistan azərbaycanlıların
ərazilərini işğal etdiyi onların yaşamaq hüququnu pozduğu halda, ATƏT-in Minsk Qrupu ona ciddi
təsir etmir.
Politoloq
E.Mirbəşiroğlu Dağlıq Qarabağın tarixən
Azərbaycan torpağı olmasını sübut
edən tarixi mənbələri təhlil
etmiş, onu müasir dövrün ən
kəskin, ən uzunömürlü
konfliktə çevrilməsinə səbəb olan amilləri araşdırmış, üçüncü tərəf qismində iştirak
edən beynəlxalq təşkilatların və dünya ölkələrinin səmərəsiz
fəaliyyətlərini haqlı olaraq tənqid
etmişdir: 1) ATƏT-in Minsk
Qrupunun irəli sürdükləri həll
variantları Azərbaycanın ərazi bütövlüyünün
pozulmasına yönəlib; 2) ATƏT təcavüzkar Ermənistana
qarşı sərt mövqe nümayiş etdirmir; 3) ATƏT
işğal olunan Azərbaycan
ərazilərində ermənilərin kütləvi məskunlaşmasına
qarşı ciddi tədbir görmür;
4) Beynəlxalq təşkilatlar konfliktlərin həllində ədalətli,
bitərəf vasitəçilik xidmətlərini yerinə yetirmir. Müəllif haqlı olaraq
bu təşkilatları Ermənistana bir növ qəyyumluq etməkdə;
“onun nazı ilə oynamaqda
günahkardır. Həqiqətən də, beynəlxalq aləmdə
təzyiq hiss etməyən, beynəlxalq təşkilatların
ədalətli qərarlarını da
vecinə almayan təcavüzkar Ermənistan
konfliktin həllində qeyri-konstruktiv
yol tutmaqla, əslində,
onun dinc yolla tənzimlənməsindən imtina edir.
E.Mirbəşiroğlu Ulu Öndər Heydər Əliyevin
Dağlıq Qarabağ probleminin
həlli ilə bağlı strategiyasını unikal strategiya
adlandırır.
Ölkə Prezidenti İlham Əliyevin
Azərbaycanda hüquqi dövlət quruculuğuna əngəl olan
münaqişənin həllində ölkənin ərazi
bütövlüyünə qəsd etmiş
təcavüzkar Ermənistana münasibətdə ikili standartlara yol verən ATƏT-i ciddi,
kəskin tənqid edərək demişdir: “Biz yalnız özümüzə məxsus olan əraziləri istəyirik. Ona görə də mövqeyimiz
tam ədalətlidir. Hadisələrin necə
cərəyan edəcəyini zaman göstərəcəkdir.
Bu
münaqişənin həlli üçün
güclü beynəlxalq vasitəçilik
lazımdır. Əgər iki Prezident razılaşa bilərdisə, onda heç Minsk Qrupuna da
ehtiyac olmazdı. Bəzən ATƏT-in Minsk Qrupunun üzvləri
bizə deyirlər ki, siz
gedib razılaşmalısınız və
biz də bu
razılaşma əsasında işləyərik. Biz razılaşacağıqsa, onda vasitəçiləri neyləyirik? Vasitəçilər
münaqişəyə cəlb olunmuş
tərəflərə onun həlli yolunu tapmaqda kömək
etməlidirlər. Ümidvaram ki, onlar öz
fəaliyyətlərini davam etdirəcəklər.
Amma eyni zamanda, sizə deyə bilərəm ki, biz hadisələri tələsdirmirik.
Azərbaycanın mövqeyi ədalətlidir,
vaxt bizə işləyir və beynəlxalq
hüquq da bizim tərəfimizdədir. Digər tərəf
bunu nə qədər tez
başa düşərsə, bu, onlar üçün
yaxşı olar”.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 3 noyabr.- S. 10.