Zəngin və qürur duyulacaq müstəqillik tarixi

 

Azərbaycan və Türkiyə bu gün aparılan düzgün, məqsədyönlü siyasətlə daha da möhkəmlənir

 

Dünya xəritəsində yeri və rolu getdikcə möhkəmlənən  müasir, güclü və qüdrətli Azərbaycan və Türkiyə dövlətləri bu günlər müstəqilliklərinin bərpa edilməsinin 20 və 88-ci ildönümlərini qeyd etdilər. Şübhəsiz ki,  bayram əhval-ruhiyyəsi hələ bir müddət davam edəcək. Çünki ölkələrimizin  müstəqillik tarixinin hər bir səhifəsi öz zənginliyi və əhəmiyyətliliyi ilə xüsusi diqqəti çəkir. Hər iki dost, qardaş ölkələr bütün sahələrdə çox mühüm uğurlara imza atıb, həm regionda, həm də dünya miqyasında söz deyən lider ölkəyə çevriliblər.

Türkiyənin ardınca Azərbaycanın da BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Mustafa Kamal AtatürkünUlu Öndər Heydər Əliyevin əsasını qoyduqları düzgün siyasətin bəhrəsi və bunun fonunda ölkələrimiz üçün dünyada keçilməsi mümkün olmayan sədlərin olmadığının göstəricisi sayıla bilər.

Onu qeyd etmək yerinə düşər ki, bu gün 20 illik müstəqillik tarixini qeyd etdiyimiz Azərbaycan dövləti qürur duyulacaq fərəhlə qeyd olunan uğurları heç də asanlıqla əldə etməyib. Azərbaycan 70 illik totalitar SSRİ rejiminin əsarətində yaşayan respublika olub. Bu dövrdə Azərbaycan xalqının azadlıq ruhu, müstəqillik arzusu, dostqardaş dövlətlərlə əlaqələr qurmaq istəkləri əlindən alınıb. Buna baxmayaraq,  Azərbaycan xalqı azadlıq mübarizəsini davam etdirib. Bu mübarizə  1988-ci ildən başlayaraq daha da kütləviləşib, ümumxalq mübarizəyə çevrilmişdir.  Aparılan mübarizədə Azərbaycan çoxsaylı qurbanlar versə də, müstəqilliyi əldə edə bildik. 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” bəyannaməni qəbul etdi. Bunun ardınca, Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bununla da, Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu.

Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən, milli dövlətçiliyini yaratmağa çalışarkən, Türkiyə xalqının dəstəyinə arxalanmış, Mustafa Kamal Atatürkün əsasını qoyduğu yolla gedən Türkiyə Cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir. Mustafa Kamal Atatürk deyirdi: “Azərbaycan gülərsə, biz də gülərik, Azərbaycan üzülərsə, biz də üzülərik.” Bu sözlər Türkiyə xalqının, dövlətinin Azərbaycana olan münasibətinin ən parlaq ifadəsi idi. Hələ sovetlər birliyi dönəmində Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk uzaqgörən şəxsiyyət olduğunu bir daha tarixi fikirləri ilə nümayiş etdirmişdir. O, Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibətilə çıxışında demişdir: “Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz. Nəinki Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər qonşularından qaça bilərlər. Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostluğumuzun idarəçiliyi altında dili bir- dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Susaraq, o günü gözləmək lazım deyil, hazır olmaq lazımdır. Millətlər buna necə hazırlaşırlar, mənəvi körpüləri möhkəm saxlayırlarmı? Biz bir körpüyük. İnam bir körpüdür, xaric bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələri bölən tariximizin içində bütövlənməliyik. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız lazımdır”.

Bu gün Türkiyəyə dost-qardaş olan türkdilli respublikalar, o cümlədən, Azərbaycan  öz müstəqilliklərini əldə ediblər. Türkdilli dövlətlər türkdilli respublikaların əlaqələndirmə şurası da, parlament assambleyasında təmsil olunan bu kimi digər qurumlar da geniş əmədaşlıq münasibətlərinə malikdirlər. Həmin əməkdaşlıq qurumları sırasına daha biri də - türkdilli ölkələrin və toplumlarının media formu da  əlavə olunub.  2011-ci il oktyabrın  28-30 da Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumlarının 11 Media Formunda Türkdilli dövlətlərin mediasının inteqrasiyası üçün mühüm və əhəmiyyətli qərarlar qəbul olunub. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün uzaqgörən, müdirik siyasətləri nəticəsində Türkiya və Azərbaycan dinamik inkişafa nail olublar. Hüquqi-demokratik dövlət quruculuğu istiqamətində prinsipial nailiyyətlər əldə ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin rəhbərlərinin dəfələrlə qeyd etdikləri kimi, Ulu Öndər Heydər Əliyevin və M.K.Atatürkün siyasətləri Azərbaycanın və Türkiyənin hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün uğurla həyata keçirilənlərin əsası Ulu Öndər Heydər Əliyev və Atatürk tərəfindən qoyulan ideyalardır. Ona görə də, gündən-günə yüksələn inkişaf dinamikası, hər şeydən əvvəl, Ulu Öndər Heydər Əliyevin və Atatürkün siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır. Atatürkün böyük sözləri var: “Cahanda sülh, yurdda sülh, bölgədə sülh”. Biz bu sözləri bu gün də deyərək, eyni zamanda, bu fikirlərlə yaşayırıq, bu siyasəti aparırıq. Mustafa Kamal Atatürkün göstərişi və Nuru Paşanın komandanlığı nəticəsində 1918-1920-ci illərdə Türkiyənin Qafqaz İslam  Ordusu Azərbaycana gələrək, ermənilərin  Naxçıvanda, Qarabağda, Gəncədə, Şamaxıda, Qubada, Bakıda və  digər bölgələrdə azərbaycanlıları kütləvi qırğınından xilas etdi. Böyük şücaət və qəhrəmanlıq göstərərək, ermənlərin Azərbaycan torpaqlarından çıxarılmasına nail olmuşlar. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdiyi zaman, Türkiyə ilk olaraq, bu müstəqilliyi tanıyan dövlət oldu. Türkiyə yenicə müstəqillik əldə edən  Azərbaycana hər cür hüquqi və mənəvi dəstək göstərdi. Erməni-rus hərbi birləşmələrinin Azərbaycan torpaqlarını işğal etdiyi zaman dünya birliyinə öz etiraz səsini qaldıran və Dağlıq Qarabağda kütləvi insan qətllərinə son qoyulması tələbi ilə çıxış edən Türkiyə olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başladığı “Xocalıya ədalət” kampaniyasına dəstək verən də ilk olaraq Türkiyə olmuşdur. Məhz bundan sonra, eləcə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və müdrik siyasəti nəticəsində ermənilərin Xocalıda törətdiyi genosid siyasəti islam konfransı təşkilatında soyqırım aktı  kimi tanınmışdır.

 Təbii ki, Azərbaycan Dövlət Müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi Azərbaycanı dağılmaqdan, müstəqilliyinin məhv edilməsindən xilas etdi. Azərbaycanın beynəlxalq aləmdə yerirolu olan müstəqil dövlət olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti sayəsində Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. Həyata keçirilən sosial-iqtisadi, siyasi və mənəvi islahatlar nəticəsində xalqın yaşayış durumu yaxşılaşdı. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı və 1994-cü ilin may ayında erməniləri cəbhə xəttində  atəşkəs əldə edilməsinə məcbur edildi. 1994-cü ilin sentyabrında  əfsanə kimi görünən “Əsrin müqaviləsi”nin imzalanması və onun həyata keçirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib-hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən uğurlu neft strategiyasının təntənəsi idi. Ulu Öndər  Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyinin bariz nümunəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ilin iyun ayında istifadəyə verilməsi beynəlxalq energetika siyasətində, bütünlükdə, dünya iqtisadi sistemində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Qars-Axalkalaki-Bakı dəmir yolu xətti isə dünya kommunikasiya sistemində ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artıracaq.

“Şahdəniz” yatağından hasil olunacaq qazın Türkiyəyə tranzit olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında müqavilənin imzalanması iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin iqtisadi münasibətlərlə istiləşdirildiyi nümayiş olundu. Təbii ki, Ulu Öndər Heydər Əliyevin Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət”  tarixi tezisi imzalanan son müqavilə ilə də düzgün və əsaslı olduğunu bir daha təsdiqlədi. Bir daha aydın oldu ki, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə olmaqla, əbədi bir-birinə arxadayaq ola biləcək dövlətlərdir.

 

 

İ.ƏLİYEV

 

Səs.- 2011.- 3 noyabr.- S.3.