Azərbaycan kino sənətinin
tanınmış aktyoru
Azərbaycan kino sənətində maraqlı obrazlar
yaradıcısı Eldəniz Zeynalov. İsmi ilə kino sənətinə
iz saldı. Bu gün kino sənətinin tarixini vərəqlərkən,
aktyorun yaradıcılıq aləmində diqqət- çəkən
maraqlı faktlarla qarşılaşırıq. Azərbaycan
kinosu ilə həyatı paralel keçən sənətkarın
istedadı, özünə qarşı tələbkarlığı
onu Azərbaycan kinosunun tanınan simaları sırasına
daxil etdi. Eldəniz Zeynalov şəcərəsi sənətə
bağlı olduğundan, o, bu yolda bir ailənin
davamçısı tək Azərbaycan kinosunda maraqlı
obrazlar yaratdı.
Hələ məktəbli ikən dayısı Həsənağa
Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram
Teatrında uşaq rollarında çıxış etməyə
başladı. Bu istəyin nəticəsi olaraq, o özünə
peşə seçərkən tərəddüd etmədi.
Teatr İnstitutunda aktyorluq təhsilinə yiyələndi.
İstedadı, taleyinə düşən naxışlar tələbə
ikən Eldəniz Zeynalovun Eldar Quliyevin rejissoru olduğu “Bir cənub
şəhərində” filmində baş rollardan birinə
çəkilməsinə səbəb oldu. Məzun olduqdan
sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə
“Sevil” tamaşasında Gündüz rolunu yaratdı. Sonralar
teatr və kinoda, televiziya və radio tamaşalarında,
“Mozalan” satirik kinojurnalının bir çox süjetlərində
yadda qalan obrazlar yaratdı. Xarici film
istehsalçılarının “Dulsineya Tobosskaya” (Mosfilm), “Təyyarələr
enmədi” (Özbəkfilm) filmlərində çəkildi.
Bu ilk uğurlar və sənətə açılan yollar
onun gələcək həyatını artıq təməlini
möhkəmlətmişdir.
Eldəniz Zeynalovla bağlı anasının xatirələrində
qeyd olunur ki, bir ailədə böyüyən üç
övlad sırasında hərənin öz yolu, seçimi
oldu, amma ailənin böyük oğlu Eldənizin alnına
dayısı Həsənağa Salayevin yolu ilə getmək
yazılmışdı:”Hələ uşaqkən
dayısı ilə teatrlara ayaq açan balaca Eldəniz
özü də bilmədən səhnənin sehrinə
düşdü. İllər keçdi, Həsənağa
Salayev dünyasını dəyişəndə, Eldəniz
Zeynalov artıq İncəsənət İnstitutunun tələbəsi
idi. Dövrünün ən məşhur pedaqoqu, sənətkarı
Adil İsgəndərovdan dərs alırdı... İnstitutu
bitirib Akademik Dram Teatrına təyinat alan aktyor həm teatrda,
həm də “Azərbaycanfilm” kinostudiyasında paralel
çalışırdı. Əslində, Eldənizin sənətə
gəlişi təsadüfi olmayıb. Çünki həyata
göz açandan, dünyanı dərk etməyə
başlayandan ailədə teatr, sənət barədə
söhbətləri eşidib. Özü də dayısı Həsənağa
Salayevdən. Eldəniz elə uşaqlıqdan dayısı ilə
birgə teatra gedib-gəlirdi. Beləcə, uşaq
yaşlarından səhnəni sevməyə başladı və
bu sənətə ürəkdən bağlandı.”
Sənəti sevdiyindən tamaşaçı diqqətində
qalaraq yaratdığı obrazlarla maraqla qarşılandı və
izlənildi. Baməzə hərəkətləri, yumoru, lirik
və dramatik hərəkələri ilə məxsusi bir sənətkara
çevrildi. Bir-birinin ardınca müxtəlif xarakterli
obrazlar yaratmağa başladı. Bu sənət
qalereyasında “Bəyin oğurlanması”, “Bir cənub şəhərində”,
“Əhməd haradadır?”, “Əzablı yollar”, “Gözlə
məni”, “Hörmətli alim yoldaşlar”, “Qızıl
uçurum”, “Telefon macəraları” və başqa filmlərdə
yaratdığı obrazları ilə sənət aləmində
özünün portretini yaratdı. Bu, Eldəniz Zeynalovun fərdi
ifa üslubu idi ki, obrazlara bəxş etdiyi isti nəfəsi
ilə orijinal rolların müəllifi oldu. Hər obrazda onu fərqi
bir xarakterdə görürük. Bu, onu müəkəmməl
sənətə yiyələnməsi, eyni zamanda, özünə
qarşı tələbkarlığı, qəhrəmanların
sevərək yaratmasından irəli gəlirdi.
Eldəniz Zeynalov dünyasını dəyişsə
də, yaratdığı obrazları ilə bu gün sənətsevərlərin
qəlbində yaşayır. Bu gün onun dünyasını
dəyişməsindən 9 il zaman ötsə də, aktyor
kinofilmlərdə yaratdığı obrazları ilə hər
nəslin müasirinə çevrilib.
Zümrüd
Səs.- 20111.- 4 noyabr.- S. 12.