Hüquqi
dövlət, təhlükəsizlik və NATO
1949-cu ildən meydana gəlmiş Şimali Atlantika
Müqaviləsi Təşkilatına - NATO-ya üzvlük
çoxmərhələli və mürəkkəb prosesdir. Təşkilata
üzv olmaq istəyən
dövlətlər müəyyən öhdəlikləri
yerinə yetirməlidirlər. NATO-ya üzv dövlətlər üçün
aşağıdakı prinsiplər müəyyənləşdirilmişdir:
- kollektiv təhlükəsizlik:
hamı hər kəs üçün, hər
kəs hamı üçün. Hər üzv - dövlətin birgə müdafiə üçün ümumi strukturu və öz hərbi
qüvvələri, qurumları vardır;
- demokratiya:
NATO dünyanın 26 ən güclü və
inkişaf etmiş demokratiyaya malik ölkələrinin
alyansıdır. Bu dövlətlər sülhü, insan hüquq və azadlıqlarını qoruyur, suverenlik, sərhədlərin
toxunulmazlığı prinsipini əsas
götürürlər;
- konsensus: qərarlar
ümumi razılıqla qəbul olunur. NATO üzvləri bir-birinin
tarixinə, mədəniyyətinə, adət-ənənələrinə
hörmət etməli, ittifaq daxilində sabitliyi poza bilən hərəkətlərdən
çəkinməlidirlər;
- qarşılıqlı təhlükəsizlik:
NATO üzvləri hərbi büdcələri haqqında
bir-birinə məlumat verir, eyni silahlardan istifadə edir, birgə hərbi təlimlər keçirir və planlaşdırma
aparırlar. NATO ilə ayrı-ayrı qeyri-üzv
dövlətlərin münasibətləri bu
təşkilatın dünyada
oynadığı yeni rol
ilə müəyyənləşir. Belə ki,
getdikcə blokun strukturu
dəyişir, o, təkcə hərbi deyil, həm də elm, texnika, mədəniyyət, iqtisadiyyat
sahələrinin inkişafı yolunda
ölkələrin əməkdaşlığını təmin
edən bir təşkilata çevrilir.
Bu əməkdaşlıq dövlət həyatının
və müasir inkişafın bütün sahələri üzrə həyata
keçirilir. Təşkilatın iqtisadi qüdrəti və siyasi
hakimiyyət eşalonlarına güclü
təsir mexanizmlərinin olması əməkdaşlığın
mümkün səviyyəsindən və
geniş imkanlarından xəbər verir.
1990-cı illərin
əvvəllərindən etibarən, NATO-nun
strukturlarında siyasi və hərbi dəyişikliklər
prosesi başlandı. 1990-cı ilin iyulunda yeni
təhlükəsizlik mühitinə uyğunlaşmaq
üçün London
sammitində Dəyişilmiş Şimali
Atlantika Alyansına dair
London Bəyannaməsi, bir
il sonra isə Roma sammitində yeni Strateji konsepsiya və Sülh və əməkdaşlığa dair bəyannamə qəbul edildi.
Nəzərdə tutulmuş əməkdaşlığın
gələcək inkişafını istiqamətləndirən
Şimali Atlantika Əməkdaşlıq
Şurası (ŞAƏŞ) təsis edildi.
ŞAƏŞ-nın ilk
açılış görüşü
1991-ci ilin 20 dekabr
tarixində keçirilmişdir. Azərbaycan
Respublikası 1992-ci ilin martında əməkdaşlıq
və məsləhətləşmələr üçün
forum rolunu oynayan ŞAƏŞ-ə qoşulmuşdur.
NATO-nun Cənubi Qafqaz
regionunda yaranmış vəziyyətlə
bağlı narahatlığı 1994-cü ilin
yanvarında Şimali Atlantika
Şurası tərəfindən qəbul edilmiş
Bəyannamədə öz əksini
tapmışdır. Bəyannamədə ərazi
ələ keçirmək məqsədilə gücdən
istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi
bütövlüyünə, müstəqilliyinə və
suverenliyinə hörmət regionda sülhün, sabitliyin və
əməkdaşlığın bərqərar
olmasının vacib elementi
kimi səciyyələndirilir.
1994-cü il
10-11 yanvar tarixlərində Brüsseldə
keçirilmiş NATO Şurasında Sülh Naminə Tərəfdaşlıq (SNT)
proqramı bəyənildi. SNT proqramına dəvət ŞAƏŞ-də
iştirak edən bütün
tərəfdaş dövlətlərə, o
cümlədən, ATƏT-in üzvü olan dövlətlərə göndərildi.
1994-cü il 3-4 may tarixlərində
Belçikaya rəsmi səfəri
zamanı Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev NATO-nun Brüsseldəki
mənzil-qərargahında NATO Sülh
Naminə Tərəfdaşlıq proqramının çərçivə
sənədini imzaladı. Bununla, Azərbaycan
NATO ilə genişmiqyaslı əməkdaşlığı
nəzərdə
tutan SNT proqramını imzalamış
15-ci dövlət oldu.
B.Klintonun fikrincə,
ABŞ-ın və NATO-nun xarici
siyasi fəaliyyətində əsas diqqət
bütün ölkələrdə
demokratiyanın inkişafına və təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə
yönəldilməlidir. “Sülh naminə
tərəfdaşlıq” proqramı da bu məqsədə xidmət edir.
Proqramda ifadə olunmuş
yeni strategiyanın əsas məqsədləri
və məntiqi aşağıdakı kimi
qruplaşdırıla bilər:
1. Qüdrətli bazar iqtisadiyyatı demokratik
ölkələr birliyini möhkəmləndirməlidir,
əsas diqqət bu birliyin
daha da genişləndirilməsinə
yönəldilməlidir;
2. Demokratik
dövlətlərin və bazar
iqtisadiyyatı sistemlərinin əlaqəli inkişafına və
möhkəmləndirilməsinə kömək edilməlidir;
3. Demokratiya
və bazar iqtisadiyyatı üçün
çətinlikləri olan ölkələrdə
dövlət həyatının liberallaşması sürətləndirilməlidir;
4. Humanitar vəzifələr
həyata keçirilməlidir.
4-6 noyabr
1997-ci ildə Bakıda “Kooperativ Demand” adı altında komanda
qərargah təlimlərinin hazırlıq seminarı keçirildi. Bu NATO/SNT
çərçivəsində Azərbaycanda keçirilən
ilk tədbir idi. 14 noyabrda Ulu Öndər Heydər
Əliyev Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını
daha da gücləndirmək
tədbirləri haqqında Sərəncam imzaladı.
2000-ci ilin aprelində Gürcüstanda
keçirilmiş kursun
davamı kimi, Bakıda hərbi-mülki əməkdaşlığa
dair regional kurs keçirilmişdir.
2001-ci ilin 12-13 iyununda
NATO/AATŞ çərçivəsində tərəfdaş
və NATO üzv dövlətlərinin
nümayəndələrinin iştirakı ilə “Təbii və
texnogen fəlakətlər
zamanı ərazilərdə xilasetmə dəstələrinin
yerləşdirilməsi” adlı seminar
müvəffəqiyyətlə keçirilmişdir.
2002-ci ilin 7 fevral tarixində “Azərbaycan
Respublikasının NATO ilə əməkdaşlığını
daha da gücləndirmək
tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli Sərəncamına
dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikası Prezidenti Sərəncam
imzaladı. 17-18 yanvarda
NATO Parlament Assambleyasının Prezidenti Rafael Estrada Azərbaycana səfər etdi. Səfər müddətində Respublika Prezidenti Heydər Əliyev, Milli Məclisin Sədri M.Ələsgərov,
xarici işlər naziri V.Quliyevlə görüşlər keçirildi.
2002-ci ilin 27-28 iyun tarixlərində Bakıda NATO/AATŞ çərçivəsində
“Cənubi Qafqazda
regional əməkdaşlığa təhdidlər” adı altında seminar keçirilmiş,
21-22 noyabrda Praqada
NATO-nun Zirvə Toplantısı
keçirilmişdir. Toplantıda Prezident Heydər
Əliyev başda olmaqla Azərbaycan Respublikasının nümayəndə
heyəti iştirak etmiş, 25-26 noyabrda isə NATO-nun Mülki Kommunikasiya Planlaşdırma
Komitəsinin nümayəndələrinin
(müxtəlif ölkələrdən
ekspertlərin) Azərbaycan
Respublikasına rəsmi
səfəri olmuşdur.
2003-cü ilin 15-16 may tarixlərində NATO-nun Baş
Katibi C.Robertson respublikamıza səfər
etmiş və səfər müddətində
o, NATO ilə Əməkdaşlıq
üzrə Komissiyanın
iclasında iştirak
etmişdir. Görüş
zamanı komissiyanın
sədri, Baş nazirin birinci müavini Y.Eyyubov tərəfindən Robertsona
Azərbaycanın NATO-nun Fərdi
Tərəfdaşlıq üzrə
Əməliyyat Planına
(FTƏP) qoşulmaq istəyini
əks etdirən məktub təqdim olunmuşdur. Beləliklə, Azərbaycan FTƏP-ə qoşulmaq istəyini bildirən ilk tərəfdaş
dövlətlərdən biri
olmuşdur.
2004-cü ilin 5 yanvar tarixindən etibarən NATO-nun yeni Baş Katibi Yaap de Hoop Sxeffer öz vəzifəsinin icrasına başlamışdır. Növbəti 4 il üçün
təşkilatın Baş
Katibi vəzifəsinə
seçilən Sxeffer
sayca NATO-nun 11-ci Baş
Katibidir.
2004-cü ilin 12-14 yanvarda Bakıda NATO-nun
“Cooperative Best Effort” təliminin ilkin planlaşdırma konfransı keçirilmişdir. Konfransda 30-a yaxın NATO/AATŞ ölkəsindən nümayəndələr,
27 yanvarda “Azərbaycan
Gənclərinin Avroatlantika
Təşkilatı” adlı
qeyri-hökumət təşkilatının
təsisat görüşü
keçirildi. NATO yay məktəbinin məzun gəncləri tərəfindən yaradılan
bu təşkilatın
təsisat görüşündə
hökumət nümayəndələri,
ölkəmizdə akkreditə
olunmuş NATO ölkələrinin
səfirləri (eləcə
də, səfirliklərin
nümayəndələri) və kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
2004-cü ilin 29 mart tarixində
NATO-nun növbəti genişlənməsi
baş verdi.
Belə ki, hələ 2002-ci il Praqa Sammitinin qərarına uyğun olaraq 7 Şərqi və Cənubi-Şərqi Avropa
ölkəsi (Latviya, Litva, Estoniya, Sloveniya, Slovakiya, Rumıniya, Bolqarıstan)
NATO üzvlüyünə qəbul edildi. 14-19 iyun tarixlərində
NATO təcrübəsində ilk dəfə olaraq, Bakıda “NATO həftəsi”
keçirilmişdir. NATO Baş Katibinin İctimai Diplomatiya üzrə müavini Jan Furne və digər
yüksək səviyyəli
nümayəndələrin iştirakıyla keçirilən
bu həftə ərzində NATO-nun Elm Komitəsinin
iclası Bakıda keçirilmiş, elmlə
bağlı bir sıra seminar və işçi seminarları,
dəyirmi masalar təşkil olunmuş, eyni zamanda, növbəti
NATO Yay Məktəbi keçirilmişdir.
2004-cü ilin 28-29 iyun tarixlərində İstanbulda Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin iştirakı ilə NATO zirvə toplantısı keçirilmişdir.
2004-cü ilin 26-29 oktyabr tarixlərində
NATO Əməliyyatlar Departamentinin
Planlaşdırma bölməsinin
başçısı Dieqo
Ruiz Palmerin başçılığı
ilə nümayəndə
heyəti Azərbaycanda
olmuşdur. Səfərdə məqsəd milli
böhranların idarə
edilməsi sahəsində
ölkəmizdə mövcud
olan proseduraların dəyərləndirilməsi və
tövsiyələrin verilməsi
idi.
2004-cü ilin 28-29 oktyabr
tarixlərində Bakı
şəhərində NATO Xüsusi Komitəsinin işçi qrupunun Avroatlantika Tərəfdaşlıq
Şurası çərçivəsində
iclası keçirilmiş,
4-5 noyabrda NATO Baş Katibi cənab Jaap de Hoop Sxeffer respublikamıza səfər
etmişdir. Səfər çərçivəsində
qonaq Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
qəbul edilmişdir.
2005-ci ilin 2-3 fevral tarixində Bakıda NATO Baş Katibinin müavininin müavini Patrik Hardouinin sədrliyi altında Avratlantika Tərəfdaşlıq Şurası
çərçivəsində “İqtisadiyyat, Təhlükəsizlik
və Müdafiə -
makroiqtisadi sabitləşmənin
təhlükəsizlik aspektləri
və müdafiə üçün mövcud
olan resursların idarə olunması daxil olmaqla struktur
islahatları” adlı
seminar keçirilmişdir.
C.Robertsonun ümumqafqaz təhlükəsizlik sistemində
Azərbaycanın yerinə
dair fikirləri xüsusi əhəmiyyət
kəsb edir. NATO-nun baş
katibinə görə,
“Qafqaz Avrasiyanın sabitliyi üçün böyük əhəmiyyətə
malik olan region kimi qalmaqdadır. Azərbaycan isə burada Qərb və NATO ilə ən əsas tərəfdaş
rolunu saxlayır”.
NATO kimi nüfuzlu beynəlxalq təşkilatla tərəfdaşlığın
genişlənməsi Azərbaycanın
xarici siyasətində
əsas istiqamətlərdən
birini təşkil etdiyinə görə ölkə rəhbərliyi
qəbul edilmiş qərarların və əldə olunmuş razılaşmaların həyata
keçirilməsi sahəsində
ardıcıl siyasət
yeridir. Azərbaycan Prezidenti
İlham Əliyevin
2004-cü ilin may ayında
Brüsselə səfəri
zamanı NATO-nun baş
katibi ilə ikitərəfli əməkdaşlığın
inkişafı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
prosesi, maraq doğuran regional və beynəlxalq məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan Prezidenti ölkəmizin hazırladığı
“Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat
Planı”nı NATO-nun baş katibinə təqdim edib.
Azərbaycan Respublikası Prezident
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri, professor Ə.Həsənov
hüquqi dövlət
quruculuğu və milli təhlükəsizliyin
təmin edilməsində
NATO-nun oynadığı rola
böyük əhəmiyyət
verərək yazır:
“Beləliklə, NATO bütün
yeni və müstəqil dövlətlərə,
o cümlədən, Azərbaycana
demokratiyanın inkişafı,
hüquqi dövlət
qurulması, bazar iqtisadiyyatının yaradılması
işində perspektivli
imkanlar təklif edir. “Sülh Naminə tərəfdaşlıq”
proqramında iştirak
etməklə və “Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat
Planı”nı həyata
keçirməyə başlamaqla,
Azərbaycan Respublikası
dövlət müstəqilliyini,
ərazi bütövlüyünü
qorumaq, beynəlxalq birliyə qoşulmaq, demokratik-iqtisadi islahatları
müvəffəqiyyətlə aparmaq üçün əlavə imkan və vasitələr əldə etmişdir. Respublikanın intellektual, kadr
potensialı, iqtisadi bazası, geosiyasi mövqeyi bu imkanların reallaşması
üçün geniş
perspektivlər açır”.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2011.- 4 noyabr.- S. 10.