6 noyabr Azərbaycan radiosunun yaranma günüdür

 

Azərbaycan tarixində hər zaman xatırlanan və yaşadığımız illərin sorağı ilə salnamələri vərəqləməyə vadar edən biləcək əhəmiyyətli hadisələr kifayət qədərdir. Bu reallıqları əks etdirən tarix xalqın ictimai-siyasi, mədəni həyatında mahiyyət kəsb edir. Sözsüz ki, xalqın ictimai, siyasi, mədəni həyata inteqrasiya olunması  birbaşa onun maarifləndirilməsi ilə əlaqədar olduğundan, milli mətbutatın, informasiya vasitələrinin bu istiqamətdə rolu danılmazdır. Odur ki, 1926-cı ilin 6 noyabr tarixi xalqın ictimai həyatında əvəzsiz bir günə çevrildi. Bu gün Azərbaycan radiosunun yaranma tarixidir.

 Həmin tarix hər zaman xatırlanarkən, ilk olaraq bu iki ifadə yada düşür: “Danışır Bakı!” Azərbaycanın paytaxtında Bakı sakinlərinin ilk dəfə eşitdikləri ifadə bu oldu. Paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan  yayımlanan ifadə Azərbaycan xalqının həyatında böyük yenilik idi.

Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə “Satira atəşiylə”, “Ədəbiyyatın vəzifələri”, “Radio saatı” kimi verilişlər səsləndirilirdi. Tez bir zamanda radioya yeni kadrların cəlb olunması prosesi başlanır. Radionun ilk azərbaycanlı diktorları Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar.Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.

Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu İkinci Dünya müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verir. Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi. Həmin dövrdə xəbər buraxılışlarının sayı artmış, Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 5 saat çoxalmışdı.

Ağır müharibə dövrünün ən sevilən verilişi “Azərbaycan - cəbhə üçün” idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi. Radio jurnalistləri təkcə xəbərlər və dramatik boyalı verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən proqramlar hazırlayırdılar.Təsadüfi deyil ki, SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq, 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio Günü elan etdi. Həmin gün uzun illər boyu Azərbaycanda da bayram edildi. Amma 1992-ci ildən Azərbaycan radiosu əsil bayramına qovuşdu. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra noyabrın 6-sı “Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı” elan olundu. Lakin 1941-1945-ci illərdə Azərbaycan radiosunun böyük fədakarlıq göstərən əməkdaşları heç cür ağıllarına belə gətirə bilməzdilər ki, artıq 45 ildən sonra onlar əsil Vətən müharibəsi ilə üzləşəcəklər: hər gün Qarabağ cəbhəsindən Müdafiə Nazirliyinin məlumatlarını yayacaq, digər yadelli ordunun köməyilə ermənilər tərəfindən Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal olunması, Xocalı soyqırımının dəhşətləri barədə xəbərləri doğma xalqımıza çatdırmalı olacaqlar. 1990-cı il yanvarın 20-də azərbaycanlı jurnalistlərin vaxtilə vəsf və təbliğ etdiyi sovet ordusu Azərbaycan xalqının silahsız oğul və qızlarının üzərinə yeriyəcək, İkinci Dünya müharibəsi zamanı bütün SSRİ-ni neftlə təmin edən paytaxtımız Bakının küçələrində günahsız həmvətənlərimizin qanını axıdacaqlar.

1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edir. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatları ötürülürdü. Lakin həmin faciəli günlərdə Azrəbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi.

Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan radiosunun da rəqabət şəraitində çalışmasına, dinləyici auditoriyasının parçalanmasına gətirib çıxardı. Lakin özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş etdirməsi fonunda Azərbaycan radiosu mühafizəkar ənənələrin daşıyıcısı kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsi amilini inkar etmək də mümkün deyil. Amma informasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən, Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edir.1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu gün radio vasitəsi ilə yayımlanan verilişlərin miqyası geniş, auditoriyası çoxdur.

 

 

NƏZAKƏT

 

 Səs.- 2011.- 5 noyabr.- S. 10.