9
noyabr Azərbaycan bayrağı günüdür
Xalis
Azərbaycan sözü olan bayraq ümumtürk mənşəlidir.
Bu söz Mahmud Kaşkarlının məşhur “Divani -
lüğat -it - türk” (XI əsr)
əsərində müasir mənada və bayrak // batrak
fonetik variantlarında qeyd olunmuşdur. Bayraq sözü istər
qədim, istərsə də müasir türk dillərinin əksəriyyətində
eyni mənadadır. Araşdırıcıların fikrincə,
batırak “batrak”, “bayrak” semantik struktur təkamül modeli əsasında
batır - batırmaq, sancmaq felindən törəmişdir.
Bayraq sözü ilə yanaşı tuğra, buncuq, sancaq
sözü də işlənmşdir ki, o da sancmaq felindən
törəmişdir.
Dövrün, dövlətin,
hadisələrin ən önəmli əlamətlərini
özündə əks etdirən bayraqlar mühüm tarixi
abidədir. Bayraqda ideoloji, siyasi, sosial, sinfi, dini, milli və
digər ideyalar dahi cəmləşmiş formada təcəssümünü
tapır.
Arxeoloji tapıntılar Azərbaycan
ərazisində standart formalı bayraqların hələ tunc
dövründə (b. e. ə. IV minillik - II minillik) istifadə edilmədiyini
təsdiq edir. Şəmkir və
Şəki rayonlarında aparılan arxeoloji qazıntılar zamanı
aşkar edilmiş buynuzlu maral, üzərində səkkizguşəli
ulduz, şüalanan günəş və müxtəlif həndəsi
naxışlar olan dairəvi
lövhə və başqa formalı tunc ştandartlar,
çox güman ki, qəbilə
başçısının və ya hökmdar hakimiyyətinin
rəmzini təmsil edir. Tapılmış ştandartların əksəriyyəti
buynuzlu heyvan təsvirləridir. B.e.ə. VIII -VII əsrlərə aid Manna
qalalarını təsvir edən asur relyefində də belələrinə
rast gəlinir. Çox güman ki, dövlətçiliyimizin
rəmzi sayılan bu formalı ştandartlar tilsim rolunu
oynamışdı. Bu gün Azərbaycanda qapı və
darvazaların yuxarılarına, divar və barılara bərkidilən
keçi və qoç buynuzları, heyvan (it, at, maral) kəllələri
bəd nəzərdən, bəd əməllərdən
qoruyan nişan və tilsim kimi istifadə olunur.
Azərbaycan
bayrağının tarixi qədimdir. 5 minillik dövlətçilik
tarixinə malik və dünyanın ən qədim insan məskənlərindən
biri olan bu diyarın ilk dövlət qurumlarından
başlamış dövlətçiliyimizin davamı olan
sonrakı dövrlərdə dövlət idarəçiliyi
mədəniyyətini daha da yüksəlmişdir. Bayraqlar
dövlətçiliyimizin ən önəmli əlamətlərindən
M.Kalankətli “Albaniya tarixi” əsərində həm
albanların, həm də ilk orta əsrlərdə onlarla
döyüş meydanında qarşılaşan türklərin
bayraqlarının təsvirləri vardır. Əjdaha və
quş formasında olan bu cür bayraqların gövdə hissəsi
ipək parçadan olmuş, gümüşdən olan bayraq
sapı isə əfsanəvi heyvanın başını əks
etdirmişdi. Buna bənzər bayraqlar erkən orta əsr
Avropasında və digər Şərq ölkələrində
də geniş
yayılmışdır.
Bayraqlar həm də hərbi əhəmiyyət
daşımışdır. Döyüş zamanı bayraq
xüsusi qaydada qorunmuş, bayrağın enməsi və ya
düşmən əlinə keçməsi məğlubiyyəti
göstərmişdi. “Kitabi Dədə Qorqud”da düşmən
hücumunun qisasını ala bilən Salur Qazanın
qardaşının “Kafərin tuğ ilə
sancağını (yəni bayrağı)
qılıncladı”ğı və “yerə
saldı”ğı göstərilir.
Ərəb xilafətinin tənəzzülündən
sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə,
bütün Yaxın və Orta Şərqdə türk - islam
imperiyasının rolu artmağa başlamış,
türk-islam sülalərinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın,
bütövlükdə, Cənubi Qafqazın deyil,
bütün Yaxın və Orta Şərqin dövlətçilik
tarixində iz qoymuşlar. Şübhəsiz ki, türk-islam
sülalələrinin, onların qurduqları dövlətin
milli simvolu kimi bayraqları da olmuşdur.
Azərbaycan dövlətinin təkamülündə
paytaxtı Təbriz olan mərkəzləşdirilmiş Səfəvilər
dövlətinin öz yeri vardır. Bu dövlətin
bayrağındakı təsvirlər - şir, arxada isə
insan üzünün günəş kimi təsviri (Şiri-Xurşid) dövlətin
milli ənənələrə və qədim tarixə
söykəndiyini göstərir.
Azərbaycan
xanlıqlarının özünün xüsusi bayrağı
olmuşdur. Onlar müxtəlif xarakterli olub müstəqil
dövlətçiliyimizin rəmzi kimi də əhəmiyyət
kəsb edir. Bu bayraqlar hələ XIX yüzilin əvvəlindən
başlayaraq müxtəlif yollarla Azərbaycandan
çıxarılmış, 1888-ci ildə Tiflisdə
açılan Qafqaz Hərbi Tarix Muzeyinə verilmişdir.
AXC hakimiyyətinin ilk illərində
- 1919-cu ilin aprel ayının əvvəllərində Azərbaycanın
dövlətçilik tarixini əks etdirən bayraqların vətənə
qaytarılması məsələsi ortaya
çıxmış, hərbi nazir, tam artilleriya generalı
S.Mehmandarovun göstərişi ilə Baş Qərargah tərəfindən
Azərbaycanın Gürcüstandakı attaşesi olan
podpolkovnik Məmmədbəy Əliyevə Tiflis muzeyində
saxlanılan Azərbaycana aid bayraq və başqa dövlətçilik
rəmzlərinin Bakıya qaytarılması haqqında
Gürcüstan hökumətindən razılıq
alınması təklif edilmişdir. Bu məsələ
1920-ci il iyun ayında Azərbaycanda Dövlət Muzeyi
yaradılandan sonra Birinci Ümumazərbaycan
diyarşünaslıq qurultayında (sentyabr 1924) yenidən
gündəmə gəlmiş, elə həmin il Azərbaycan
Dövlət (Tarix) Muzeyi xanlıqlara, çar ordusunda xidmət
edən azərbaycanlı generallara və ayrı-ayrı
müsəlman alaylarına məxsus bayraqlar ələ edə
bilmişdi.
Azərbaycan
xanlıqlarının üçkünc, dördkünc,
beşkünc, düzbucaqlı formada olan bayraqları XVI-XVIII əsrə aid
edilən gözəl Şərq parçalarından
tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmişdir.
Bayraqlara müxtəlif rəngli ipək, eləcə də,
qızıl və gümüşü saplardan saçaqlar
salınmışdır. Bayraq ağacları silindrik formada
yüngül ağac gövdəsindən düzəldilmiş,
boyanmış, onların başlarına fiqurlu metal ucluqlar
taxılmış, qızılı, gümüşü və
başqa rəngli saplardan hazırlanmış qotazlar
bağlanmışdır.
Azərbaycan xanlıqlarından
bir neçəsinin bayrağına nəzər salaq.
Məlumdur ki, 1804-cü il
yanvarın 3-də general P.D. Sisiyanovun başçılıq
etdiyi rus qoşunları Gəncə qalasına hücum etdilər.
Gəncə xanı Cavad xan və oğlu Hüseynqulu ağa
qəhrəmancasına həlak oldular. Xanlıq ləğv
edildi. Qələbə xəbəri ilə bərabər
Sisiyanov çoxlu qənimətlərlə yanaşı, Gəncə
xanına məxsus bir ştandartın (üzərində
balıq təsviri olan bayrağın) və 8 bayrağın ələ
keçirildiyini çara bildirir. Gəncə Yelizavetpol
adlandırılır. Gəncənin
yaxınlığında 22 il sonra - 13 sentyabr 1826 - cı ildə
baş vermiş döyüşə həsr edilən xatirə
medalı buraxılmışdı.
Gəncə
xanlığının bayrağı dördgünc,
xüsusi toxunmuş qumaşdan hazırlanmış,
uzunluğu 127 sm., eni 174 sm. olmuşdu. Bayraq əl ilə
tikilmiş moruğu və yaşıl rəngli xara parçadan
hazırlanmışdı. Bayrağın yuxarı hissəsində
üç qızılı rəngli gül dəstəsi, al
qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində
isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir.
Qızılı zanbaq gülləri ilə əhatələnmiş
qırmızı dairənin içində ərəb əlifbası
ilə yazılmış “Allah” sözü vardır.
Yaxud, bəllidir ki, 1806-cı il oktyabrın 3-də
general Bulqakovun komandanlıq etdiyi rus qoşunları Dərbəndi
ələ keçirdikdən sonra Bakıya hücum etdilər.
Bakı xanı Hüseynqulu xan şəhəri və əhalini
qorumaq məqsədilə öz nümayəndə heyətini,
xanın bayrağını, qalanın açarlarını və
duz - çörəklə Bulqakovun yanına göndərir.
Özü və ailəsi əvvəl Qubaya, sonra isə
İrana gedir. Bakı ruslar tərəfindən işğal
olunur, xanlıq ləğv edilir.
Bakı xanlığının
bayrağı dördgünc qumaşı (uzunu 220 sm., eni 127
sm.) dörd parça açıq moruğu və bir
parça açıq xaradan əl ilə tikilmişdir.
Uzununa yerləşdirilən yaşıl parça (eni 31 sm.)
ona möhkəm tikilmiş qırmızı atlas köbə
(eni 6 sm.) vasitəsi ilə taxılmışdır. Birinci
zolaqda yan-yana baş-ayaq yerləşdirilmiş biri tünd, o
biri açıq rəngli zanbağa oxşar butaların
içində altışəkilli güllər, və
şişuclu, dalğavari yarpağa oxşar naxışlar
salınmışdı.
İkinci zolaq daha enlidir.
Zolağın içində uclar birləşdirilmiş, biri
tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilmiş,
bu ayparaların və onların birləşməsindən
yaranış çevrənin içərisində altı və
səkkizguşəli güllər tikilmişdi.
Bayrağın digər hissəsində də müxtəlif
ornamentlər salınmışdı.
Ümumiyyətlə,
xanlıqların bayraqları ölçüləri,
tikilişi, üzərindəki ornamentlər bəzəkləri
ilə seçilir. Bayraqların hazırlanmasında müxtəlif
rəngli ipək saplardan istifadə olunmuşdur.
Məlumdur ki, Türkmənçay
müqaviləsindən az sonra davam edən rus - türk
müharibələrində iştirak etmək
üçün işğal edilmiş Cənubi Qafqazın
müsəlman vilayətləri əhalisindən, o cümlədən,
azərbaycanlılardan ibarət altı müsəlman
alayları və Kəngərli süvari dəstəsi
formalaşdırılmışdı. Üzərindəki
naxışlara və siyasi mənasına görə
seçilən alayların döyüş bayraqları
müxtəlif rəngli ipək parçalardan
hazırlanmış, üzərində Rusiya dövlətinin
gerbindəki ikibaşlı qartal təsvir olunmuşdur.
Bayraqların üzərində
ərəb əlifbası ilə yazılar
yazılmışdır.
Zaqafqaziya qeyri - müsəlman
atlı - müsəlman alaylarının bayraqları da
parçanın növünə, tərtibatına, və bəzədilməsinə görə
fərqlənmişdir. 1,2,3 və 4 yüzlüklərin
bayraqları nazik qanovuz ipəyindən hazırlanmış,
onların üzərində bütün bayraq boyu iri çap
kiril hərfləri ilə rus dilində qurama üsulu ilə “ZAK: POL:1, 2 , 3, 4 SOTNƏ” sözləri
yazılmışdır.
Bayraqlar içərisində
XIX əsrin sonu, XIX əsirin əvvəllərində
hazırlanmış dini bayraqlar da diqqəti cəlb edir.
Bunlardan müxtəlif dini mərasimlərdə istifadə
olunurdu.
Azərbaycan xalqının
tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
dövlət bayrağı haqqında ilk hökumət qərarı
1918-ci il iyun ayının 21 - də (bəzən 24 və 27 -də
göstərilir) verilib. Həmin
qərara əsasən qırmızı rəngli dövlət
bayrağının üzərində ağ rəngli aypara və
səkkizguşəli ulduz təsvir olunmuşdu. Bu bayraq
cüzi fərqlə Osmanlı imperiyasının
bayrağına oxşayırdı. Qeyd edək ki, bu bayraq
Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50
- ci illərinədək (Sultan Əbdülməcid hakimiyyətinin
son illərində səkkizguşəli ulduz beşguşəli
ulduzla əvəz edilmişdi) mövcud olmuş üzərində
ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri
olan qırmızı rəngli dövlət bayrağından
ibarət idi. Bu qərar qəbul ediləndə Azərbaycan
hökuməti Gəncədə yerləşirdi. Əlbəttə,
o vaxtlar bu qərarı düzgün başa düşməyərək
Azərbaycanı Türkiyənin bir parçası hesab edənlər
də tapılmışdı. Lakin sonralar məlum olduğu
kimi, AXC hökuməti 1918-ci il noyabrın 9- da dövlət
bayrağının təsvirini dəyişməyi qərara
almışdı. Nazirlər Şurasının bu haqda qərarında
oxuyuruq: “Yaşıl, qırmızı və göy rənglərdən,
ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan
bayraq Milli Bayraq hesab edilsin”. Beləliklə, 1918-ci il
noyabrın 9-da Azərbaycanın üçrəngli
bayrağı Dövlət Bayrağı kimi qəbul olunmuşdu.
Bərabər enli üç
üfüqi zolaqdan ibarət Azərbaycan bayrağının
yuxarı zolağı göy, orta zolağı
qırmızı, aşağı zolağı
yaşıl rəngdə idi.
Qırmızı zolağın ortasında bayrağın hər
iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli
ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna
nisbəti 1:2-dir.
Bayraqdakı göy rəng
türkçülük ideyası ilə bağlıdır.
Türklərin göy rəngə üstünlük verməsi
ilə bağlı müxtəlif izahlar vardır. Orta əsrlərdə
yaşayan müsəlman türkdilli xalqların
yaşadığı ərazilərdə tikilən abidələrin
əksəriyyəti göy rəngdə olmuşdur. Bu
baxımdan göy rəng simvolik məna daşıyır.
Göy rəng XIII əsrdə
Elxanilər dövrünün əzəmətini, onların zəfər
yürüşünü əks etdirmişdi. Digər izaha görə, monqollar
özlərindən şimalda yaşayan türkləri göy
rənglə işarələmişdilər. Göy rəngin
izahına dair digər fikilər də vardır.
Bayraqdakı yaşıl rəng
islam dinini ifadə edir. Ə.Hüseynzadə
“Qırmızı qaranlıqlar içərisidə
yaşıl işıqlar” əsərində yaşıl rəngin
geniş izahını verib.
Qırmızı rəng əsasən
müasirləşməni, azadlığı ifadə edir. Qeyd
edək ki, qırmızı rəng Avropa xalqlarından daha əvvəl
türklərdə azadlıq rəmzi kimi ifadə olunmuş,
ilk dəfə 777- ci ildə İbrahim əl-Bərm adlı
bir nəfərin başçılığı altında ərəb
zülmünə qarşı baş verən hərəkatda,
daha sonralar Babəkin başçılığı
altında olan hərəkatda qırmızı rəngli
bayraqdan istifadə olunmuşdur.
İlk dəfə üçrəngli
bayraq ideyasını gündəmə gətirən Ə.Hüseynzadə
müasirləşmədən bəhs edərəkən
yazırdı: “Avropalaşalım, firəngləşəlim
deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə
fərq vardır. Biz avropalıların ədəbiyyatına,
sənayelərinə, ümum və maarifinə, kəşfiyyat
və ixtiralarına müraciət etmək istəyiriz,
özlərinə degil. Biz istəriz ki, islam ölkəsinə
onların beyinləri, dimaqları girsin”.
Bayraqdakı qırmızı rəngin
ortasında üzərində aypara və səkkizguşəli
ulduzun təsviri verilib.
Aypara ən qədimdən
türklərin inanc gətirdiyi qüvvə olub. Azərbaycan
mifologiyasına görə ay kişi rəmzi, ulduz isə
günəşin - qadının rəmzidir. Qafqaz
Albaniyasında da ay insanların
inanc gətirdiyi qüvvə hesab olunmuş, Albaniyada hökmdardan sonra ən
müqəddəs varlıq ay məbədinin kahinləri
sayılmışdı. Belə izaha da rast gəlinir ki, aypara
və səkkizguşəli ulduzun bir yerdə verilməsi AXC -
də qadın və kişilərin bərabərhüquqlu
olmasına işarədir. Başqa bir izaha görə ayla
ulduzun bir yerdə olması xoşbəxtlik rəmzi
sayılır.
Səkkizguşəli ulduz “Azərbaycan”
sözünün əski əlifba ilə
yazılışını əks etdirdiyinə dair izahlara da
rast gəlinir. Digər bir izaha görə, səkkizguşəli
ulduz “cənnətin səkkiz qapısı” mənasındadır.
Səkkizguşəli ulduz təsvirlərinə türklərə aid qəbir
başdaşılarında da rast gəlinmişdir
Səkkizguşəli ulduzun mənasından
bəhs olunarkən belə də açıqlanır ki, M.Ə.Rəsulzadə
dövlətin prinsiplərini müəyyənləşdirərkən
8 prinsipə əsaslanıb: türkçülük,
islamçılıq, çağdaşlıq, dövlətçilik,
demokratiklik, bərabərlik, azərbaycançılıq və
mədəniyyətlilik.
Ümumiyyətlə, “Türk
qanlı, islam imanlı, Avropa qiyafəli olalım”
şüarı üç rəngin açması hesab
olunur.
1920-ci ildə bolşeviklərin
hakimiyyəti ələ alması ilə AXC süqut edir.
1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci Sovetlər
qurultayının çağırılması ilə
Şimali Azərbaycanın sovetləşməsi başa
çatdırılır. Mayın 19-da Azərbaycan SSR - in
birinci Konstitusiyası qəbul olunur. 1920-1991-ci illərdə
Azərbaycan bayrağının təsviri bir neçə dəfə dəyişdirilib. 1921-1925-ci illərdə
qırmızı parçanın sol tərəfinin yuxarı
hissəsində yaşıl qumaşda A.S.S.R.
oberlaturası olan bayraq, 1925
-1931-ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində oraq
və çəkic və ondan yuxarı hissədə aypara və beşguşəli ulduz
olan və üzərində kiril və ərəb
qrafikası ilə A.S.S.C
oberlaturası olan bayraq, 1931-1937-ci illərdə
qırmızı parçanın
yuxarı sol tərəfində oraq və çəkic
və onun yuxarı hissəsində aypara və beşguşəli ulduz
olan və üzərində kiril qrafikası ilə A.S.Z.C
oberlaturası olan bayraq, 1937-1940 -cı illərdə
qırmızı parçanın
yuxarı sol tərəfində yuxarıda oraq və
çəkic, Az.SSR oberlaturası
olan bayraq, 1940-1952-ci illərdə qırmızı
parçanın yuxarı sol tərəfində
oraq və çəkic və ondan aşağıda, Az.CCP
oberlaturası olan bayraq, 1952-1991-ci illərdə isə aşağıdan dörddə biri
göy zolaq, dörddə ikisi qırmızı zolaqan ibarət
olub üzərində oraq və çəkic və
beşguşəli ulduz olan bayraq qüvvədə
olmuşdur. Əlbəttə, bunlar
ölkədə baş verən dəyişikliklərin
fonunda baş vermişdir. İkinci Dünya müharibəsidə
iştirak edən diviziyaların, o cümlədən, Azərbaycan
diviziyalarının, alaylarının, hərbi hissələrin,
polkların, bölmələrin, donanmaların öz
bayraqları olmuşdur. Milli partiyaların, siyasi təşkilatların
və cəmiyyətlərin, təhsil
müəssisələrinin bayraqları da olmuşdur.
Bununla belə, SSRİ - də hökm sürən
totalitar rejimin bütün qadağalarına baxmayaraq, həm
sovetlər birliyində yaşayan, həm də xaricdə
mühacir həyatı keçirən
soydaşlarımızda xalqın yaddaşına köçən
üçrəngli bayrağa inam azalmamışdır.
1956-cı ildə Azərbaycan vətəndaşı
Cahid Hilaloğlu sovet quruluşuna etiraz əlaməti olaraq
üçrəngli bayrağı Qız qalası üzərinə
qaldırmışdı. Bu cəsarətinə görə o,
4 il azadlıqdan məhrum edilmiş,
onun həmfikiri olan Çingiz Abdullayev adlı şəxs
isə ruhi xəstəliklər dispanserinə
salınmışdı.
1988-ci ildə başlayan
azadlıq hərəkatı zamanı xalq üçrəngli
bayrağı meydana gətirmişdir.
Bayrağa ilk hüquqi statusu isə
Ümummilli Lider Heydər Əliyev vermişdir. Belə ki,
1990-cı il noyabrın 17- də Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi
üçrəngli bayrağı Muxtar Respublikanın dövlət
bayrağı kimi qəbul etmiş və Azərbaycan SSR Ali
Soveti qarşısında üçrəngli bayrağın
Azərbaycanın rəsmi dövlət rəmzi kimi
tanınması haqqında vəsatət
qaldırılmışdı. Nəhayət, 1991-ci il
fevralın 5-də Ali Sovet “Azərbaycan Respublikasının
Dövlət Bayrağı haqqında Azərbaycan
Resupublikasının Qanunu”nu qəbul etmiş, az sonra - 1991-ci
il oktyabrın 18-də “Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul
olunmuşdur.
Azərbaycan bayrağına əsl
diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev göstərmiş və bu qayğı bu
gün də davam edir. 2007-ci il noyabrın 17-də cənab
İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının
yaradılması haqqında Sərəncam
imzalamışdı. Həmin ilin dekabrında Bakının
Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin
bazası yaxınlığında Dövlət Bayrağı
Meydanının təməli qoyulmuşdu. Sərəncama
görə ucaldılacaq dövlət bayrağının
dayağının hündürlüyü 162 metr,
bayrağın özünün ölçüsü isə
35x70 metr, sahəsi 2.450 kvadratmetr, çəkisi 350 kiloqram
müəyyənləşdirilmişdi. Məlumdur ki, cari ilin
sentyabr ayının 1-də
Dövlət Bayrağı Meydanının təntənəli
açılışı olmuş və
açılış mərasimində Prezident İlham Əliyev
iştirak etmişdir.
Azərbaycan bayrağı Azərbaycan
xalqının müstəqilliyinin və istiqlalının rəmzidir.
Azərbaycan bayrağı namus
və qeyrət emblemi olub dövlətimizin mənəvi - siyasi pasportu, vizit vərəqəsidir.
Azərbaycan bayrağı bu gün dünya dövlətlərinin
bayraqları ilə yanaşı, BMT qarşısında
dalğalanır. Azərbaycan bayrağı bu gün təkcə
Bakıda deyil, Azərbaycanın hər bir guşəsində
dalğalanır. Azərbaycan bayrağı yüksələndə
və Azərbaycan Respublikasının himni səslənəndə
hər vətən övladı duyğulanır, başqa
sözlə, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, azərbaycanlı
olduğumuz üçün qürur hissi keçiririk. Hər
bir azərbaycanlı onu qorumalı, sevməli, əməlləri
ilə onu ucaltmalıdır. Şübhə etmirik ki, tarixin
bütün dönəmlərindən qalib
çıxmış Azərbaycan bayrağı tezliklə əzəli və əbədi
Azərbaycan torpağı olan Qarabağda dalğalanacaq.
Mais Əmrahov,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin professoru,
Nazir Əsədov,
ADPU-nun dosenti
Səs.- 2011.- 5 noyabr.- S. 8-9.